“Zəkaları üstün olsa da, yenə də uşaqdırlar”

ushaq2Xüsusi istedada malik uşaqların vaxtından əvvəl ümumtəhsil məktəblərinə qəbulu ilə əlaqədar yaradılan komissiyalar artıq fəaliyyətə başlayıb.

Məsələ ilə bağlı  uşaq bağçasının meneceri, uşaq psixiatrı Vəfa Şirinova  bildirib ki, xüsusi zəkalılar dedikdə məktəbəqədər yaşlı uşaqların məntiqi, riyaziyyat və dil bilikləri yoxlanılır: “Yüngül İQ testlər keçirilir. Məqsədə uyğundur ki, məktəbəqədər müəssisədə artıq belə uşaqlar müəyyən olunsun. Onlar yaşıdlarından dərin biliyə sahib olurlar, dünyanı başqa cür kəşf eləmək istəyirlər. Belə uşaqlar məktəbə qəbul olarkən nə qədər zəkaları üstün olsa da yenə də uşaqdırlar, emosional olaraq dünyanın uşaq kimi görürlər. Belə uşaqların məktəbə tez başlaması bəlkə gələcəkdə onları nobel mükafatçısı edə bilər, amma onlar uşaqlıqlarını yaşamırlar. Bəzən biz valideyn olaraq tələsirik və uşaqlarımızı tələsdiririk.  Uşaqda hansısa bir sahədə qabiliyyət görüb, həmin tərəfin inkişafına üstünlük verirlər. Amma valideynlər uşaqların zəif nöqtələrinə diqqət yetirib, həmin istiqamətləri inkişaf etdirməlidirlər. Yüksək intelektli yox, geniş intelektli uşaqlar böyütmək lazımdır. Dərin intelektli uşaqlar bir sahəni dərindən bilib, bir sahəyə yönəlirlər, geniş intelektli uşaqlar isə bir çox sahə haqqında bilikli ,məlumatlı və bacarıqlı olurlar. Uşağın hərtərəfli inkişafı daha gözəl olardı”.

Bağçalarda həmin uşaqlara olan münasibətdən danışan Vəfa Şirinova ümumi sistemdə belə uşaqlar üçün proqram nəzərdə tutulmadığını deyib: “Çox təəssüf olsun ki, gerçəklikdə Avropa təhsilində daha zəif uşaqlara hesablanır sistemlər. Ən zəif uşağın qavraya biləcəyi təhsil sistemi qururlar və bütün uşaqlara tətbiq edirlər. Ən sadəsini, ən rahatını öyrədirlər. Yüksək intelektli uşaqlar üçün isə bu əlverişsiz sistemdir. Biz öz bağçamızda xüsusi zəkalıları inkişaf etdirməyə çalışırıq. Uşaqda ola biləcək 8 üstün zəkanı inkişaf etdirməyə çalışırıq. Həmin uşaqlara xüsusi yanaşma var. Onların mövzusu, onlara verilən tapşırıqlar daha çətin olur. Valideynlərlə də bu mövzuda söhbətlər aparırıq”.