“Uşaqlara müstəqil yuxuya getmək vərdişi öyrədilməlidir”

vefa-sirinovaUşaqlar üçün yuxu yalnız bir istirahət vasitəsi deyil, ilk növbədə beynin və onunla yanaşı bütün orqanların bərpası üçün şərtdir. Yuxu əsnasında stress hormonları azaldıqca böyümə hormonu sərbəst  arta bilir. Yuxu zamanı bədən özünü təmir edir, yenidən formalaşdırır, zülal sintezini  artırır və bədən özünü yenidən aktiv fəaliyyətinə zəmin yaradır. Müntəzəm yuxu yaddaşı da gücləndirir.

Valideynlərin məktəbəqədər yaşda olan övladlarının düzgün yuxu rejimini necə qurmalı olduqları barədə fikirlərini uşaq bağçasının meneceri, uşaq psixiatrı Vəfa Şirinova bölüşüb.

Vəfa xanımın sözlərinə görə, günorta yuxusu günün qalan hissəsində daha məhsuldar işi  təmin etmək və beyin inkişafı üçün faydalıdır: “Uşaq yuxu əsnasında böyüməkdədir. Uşaq nə qədər kiçikdirsə, böyümə o qədər sürətli, yuxu ehtiyacı da o qədər çoxdur. Statistikaya əsasən günorta yuxusunu alan və almayan uşaqlar arasında yaddaş, məntiq, fiziki inkişaf daha yüksəkdir. Daimi yuxu uşaqlarda son zamanlar tez-tez müşahidə olunan  hiperaktivliyi, aqressiv davranışı və depressiya riskini azaldır.

Bütün uşaqlıq boyunca yuxuya yatma zamanının mütləq gecə 21:00-dan  əvvəl olması təmin edilməlidir. Bunu təmin etmək hər zaman çox asan olmaya bilər. Sağlam yuxu vərdişinin yaradılması körpəlik dövründən etibarən başladılmalıdır.

Uşaq təmas, ana sinəsi, bəslənərək ya da yellənərək yuxuya getməyə alışmışsa, şərtli refleks meydana gələcək. Hər oyandığında yatmaq üçün zəruri hala gələn bu şərtlərin varlığını istəyəcək. Beləcə ana ya da baxıcı üçün yuxusuz gecələr başlayacaq. Bu səbəblə körpəlik dövründə inkişaf etdirilən yuxu vərdişi mövzusunda ailənin uşaqları və öz mənfəətləri baxımından uşaqların müstəqil yuxuya gedə bilməsi vərdişini  öyrətməkləri lazımdır”.

Vəfa xanım, həmçinin, onu da bildirir ki, yuxu rejiminin yaradılmasına bəzi qidalanma ilə əlaqədar faktlar da təsir edir: “Gecə yarısı qanda şəkərin miqdarının  düşməsi oyanmağa gətirib çıxaracaq. Bu baxımdan yuxu saatına yaxın karbonhidratlarla  zəngin qidalardan (unlu və şəkərli) qaçınmaq lazımdır. Qida allergiyaları da qaşıntı, astma və həzm problemlərinə yol açaraq, yuxu keyfiyyətini pozacaq. Ayrıca qida allergiyaları uşaqlarda badamcıq və  badamcıqların böyüməsinə yol açaraq yuxu problemlərinə gətirib çıxaracaq. Kalsium, maqnezium və B vitaminlərinin (xüsusilə B6) az alınması gecə oyanmalarını artırar. Yatmazdan əvvəl alınan kafeinli  qidalar qəbul olunan  bol maye yuxusuzluğa səbəb ola bilər”.

Vəfa xanım əlavə edir ki, nizamlı yuxu üçün uşaqlar nağıl və ya masaj ilə rahatlaşdırıla bilər: “Daimi bir yuxu saatı, yuxu əvvəli nağıl və rahatlaşdırıcı bir musiqi, oyandığında onu gözləyən cazibədar fəaliyyət və sürprizlər siyahısı, uşağı güvən obyekti ilə baş-başa buraxmaq (sevəcəyi bir ədyal ya da oyuncağı), badam yağı, çobanyastığı və ya lavanda yağı, küncüt yağı  ilə masaj etmək yuxunu uşaq üçün sevimli hala gətirilə bilər. Yatmağa getmə zamanı ailə ilə uşaq arasında döyüş deyil, sülh mühiti yaratmaq bəlkə də problemlərin həllini təmin edəcək”.