Qidalanmanın düzgün təşkil edilməsi uşaq orqanizminin inkişafında ən vacib şərtlərdən biridir. Uşağın qəbul etdiyi qidalar onun həm sərf etdiyi enerjini ödəməli, həm də orqanizmin normal fəaliyyəti üçün lazım olan maddələrlə təmin etməlidir.
Yaz fəslində havanın tez-tez dəyişməsi, qeyri-sabit olması, səhər və gündüz temperaturun kəskin fərqlənməsinə görə uşaqların qida rasionuna xüsusi dəyişikliklər edilməlidir. Bu barədə “İndigo” uşaq bağçasının qida və sağlamlıq üzrə mütəxəssis Şəhla Əhmədova Bagcam.az-a məlumat verir:
“Yaz menyusuna keçərkən təbiətin qanununa uyğun olaraq yaşıl qidalara üstünlük verilir. Yaz menyusunda uşaq orqanizminin fəsilə uyğun təlabatı nəzərə alınır. Menyudan qış fəslinə aid olan qidalar çıxarılaraq vitamin və mineral maddələrlə zəngin olan təzə meyvə tərəvəzlərlə əvəz edilir. Menyuya müxtəlif çeşidli göyərtilər, kökümsov tərəvəzlər, sitrus meyvələri – limon, portağal, narıngi; giləmeyvələr, bitki mənşəli zülallarla zəngin olan paxlalı, dənli bitkilərdən hazırlanmış yeməklər daxil edilir.
Uşaqlarda maddələr mübadiləsi böyüklərə nisbətən daha intensiv olur. Qəbul edilən qidaların tərkibində üzv və toxumaların strukturuna daxil olan və fəaliyyətində böyük əhəmiyyət daşıyan zülal, yağ, karbohidrat, su, vitamin və mineral maddələr uşağın yaşına uyğun miqdarda olmalıdır. Vitaminlər və mikroelementlər uşağın fiziki inkişafında vacib rol oynayır, maddələr mübadiləsini tənzimləyir və orqanizmin ümumi müqavimət qabiliyyətini artırır.
Uşağın tam sağlam qidalanmasını təmin etmək üçün zülal, yağ, karbohidrat 1:1:4 nisbətində götürülməlidir. Bu nisbət pozularsa hətta ən yüksək keyfiyyətli qida belə uşaq orqanizminə pis təsir edər. Orqanizmində yeni hüceyrələrin yaranması və toxumaların bərpası üçün lazım olan zülallar iki yerə ayrılır: heyvan mənşəli və bitki mənşəli. Heyvan mənşəli zülallar ətdə, balıqda, yumurtada, bitki mənşəli isə yarmalarda, unda və tərəvəzlərdə daha çoxdur. Orqanizmin enerji mənbəyi olan yağlar və karbohidratlar isə daha çox şəkərdə, çörəkdə, yarmada, meyvə və tərəvəzdə olur.
Yaz fəslində vitaminlərə, xüsusilə də askorbin turşusuna (C vitamini) təlabat daha da artır. Sitrus bitkilərnin tərkibində C vitamini çox olduğu üçün limon, portağal, narıngi kimi meyvələrdən istifadə etmək məsləhət görülür.
Yaz fəslində süd və süd məhsullarının miqdarının artırılması uşaq orqanizminin kalsiuma olan təlabatını ödəmək üçün faydalıdır. Sümük siteminin formalaşmasında böyük əhəmiyyət daşıyan kalsium əsasən süd və süd məhsulları – kəsmik, pendir, eyni zamanda lobya, noxud, mərcimək, qara gavalı, kələm, yulaf kimi ərzaqlarda çoxluq təşkil edir. Ona görə də yaz menyusu tərtib edilərkən bu ərzaqların istifadəsinə xüsusi yer verilir.
Yaz menyusunda həmçinin dəniz balığına da üstünlük verilir. Çünki bu məhsullar uşaq orqanizmini viruslarla və digər infeksiyalarla mübarizə üçün möhkəmləndirir”.