Əvvəllər meyvə və tərəvəz şirələri körpələrə 1 aylığından etibarən verilirdi.
Sonralar isə, sübut olundu ki, körpənin fermentativ sisteminin qeyri-yetkinliyi səbəbindən şirələr uşaq orqanizmi tərəfindən çətinliklə mənimsənilir.
Şirələr uşağın fermentativ sistemin fəal və düzgün işləməsini tələb edir. Şirələrin qəbulu uşağın (xüsusilə körpə uşağın) mədə-bağırsaq və immun sistemini ciddi yükləyir və bir çox uşaqların orqanizmi bunun öhdəsindən gələ bilmir. Nəticədə şirə qəbulundan sonra uşaqlarda qarın köpü, ishal, dəridə səpgilər və qızarma əmələ gəlir.
Bu səbəbdən, bir çox pediatrlar şirələrin yalnız uşağın 1 yaşından sonra verilməsini tövsiyə edirlər.
Şirələr çox xeyirlidir. Onlar uşağın iştahasını artırır, qəbizliklə mübarizədə kömək edir, uşağın orqanizmini bir çox ona lazım olan vitamin və mikroelementlərlə təmin edir. Bundan əlavə bir çox uşaqlar meyvə yeməyi sevmir. Lakin şirələri çox həvəslə içirlər.
Uşağa yeni şirə verdikdə, çox ehtiyatlı olmaq lazımdır, çox kiçik miqdarlardan (1/2 çay qaşığı) başlamaq və tədricən (2 qaşıq, sonra 3, 4 və s.) artırmaq lazımdır. Asan mənimsənilməsi üçün şirəni əvvəllər yarıbayarı su ilə durulaşdırmaq lazımdır. 1 yaşlı uşağa gün ərzində 100 ml şirə vermək olar.
Təbii ki, şirə üçün istifadə olunan meyvələr yalnız yerli, mövsümi və dəymiş olmalıdır. Kal, xarab meyvələrdən istifadə etmək olmaz!
Monokomponent (bir meyvə və ya tərəvəzdən olan) şirələrdən başlamaq lazımdır. Sarı və yaşıl turş olmayan almalardan (qırmızı yox!), armudlardan, balqabaqdan hazırlanan şirələrən başlamaq olar. Bu şirələr daha az hallarda allergiyaya səbəb olur və daha asan mənimsənilir. Uşağın orqanizmi bu şirələrə heç bir mənfi reaksiya vermədikdə, onları qarışdırmaq da olar (alma-armud şirəsi, alma-baıqabaq şirəsi).
Nəzərinizə çatdıraq ki, şirələrə şəkər tozu əlavə olunmamalıdır.
Daha sonra uşağa (təbii ki, yuxarıda qeyd olunan qaydalara əməl etməklə) gavalı, ərik, şaftalı, qara qarağat, albalı şirələri vermək olar. Tərəvəzlərdən balqabaq və kök şirələri çox xeyirlidir.
Portağal, narıngi, çiyələk, ekzotik meyvələrin şirələri çox yüksək allergik xüsusiyyətlərinə malikdir və bu səbəbdən onlarla çox ehtiyatlı olmaq lazımdır. Allergiyaya meyilli olan uşaqlara bu şirələri vermək tövsiyə olunmur.
Hər yeni şirəni günün birinci yarısında qida qəbulların arasında vermək lazımdır. Şirəni verdikdən sonra uşağın orqanizminin reaksiyası fikir verin. Uşaqda qarın köpü, ishal, dəridə qızarma və səpgilər əmələ gəldikdə, bu şirədən imtina edin.
Bir çox pediatrlar isə şirələrin əvəzinə uşaqlara müxtəlif smuzilərin (blenderdə əzimiş meyvə və tərəvəzlər) verməyini tövsiyə edir. Smuzilərin əsas fərqi ondan ibarətdir ki, onların tərkibində qidalı liflər də saxlanılır ki, nəticədə onların mənimsənilməsi daha asan olur.
Saglamolun.az