4-5 yaşında övladınız tək oyunlardan qrup şəklində oynanılan oyunlara keçid edir. Ona artıq əşyavi manipulyativ oyunlardan daha çox, sujetli, rollu oyunlara maraqlı gəlir. Bütün bunlar uşağın həyatında mühüm rol oynamaqla, onun tələbatını ödəməklə yanaşı, yetişkinlərlə ünsiyyət saxlamaq, həyatı başa düşmək, ətrafdakıları təqlid etmək kimi xüsusiyyətləri inkişaf etdirir. Rollu oyunlar gələcək həyata hazırlıqda mühüm vasitədir. Bu növ fəaliyət uşağın psixi inkişafında əsaslı dəyişikliklərə təkan verir.
Gündəliyə qeyd: Siz övladlarınıza real həyatdan hər hansı bir situasiyanı götürüb rollu oyun oynamağı təklif edin. Oyunda iştirak edən hər kəs özünə personaj seçə bilər. Məsələn, biriniz həkim, digəriniz xəstə; biriniz müəllim, digərləri şagird; biriniz avtobus sürücüsü, digərləriniz sərnişin və s. kimi rol bölgüsü edə bilərsiniz. Eyni oyunu təkrar oynadıqda rolları dəyişin. Bununla övladınız özünü qarşı tərəfin yerində hiss etməyi və öz mövqeyindən fərqli mövqeyə dözümlü yanaşmağı öyrənəcək.
Qeyd : Bu məlumat Məktəbəqədər (4 – 6) yaş üçün nəzərdə tutulub.