“İstifadə etdiyimiz dezinfeksiya məhsulları uşaqlar üçün təhlükəsizdir”

IMG_5396-esas

“Bağça şəraitində dezinfeksiyanın aparılması şərtdir. Çünki 40-50 uşaq hərəsi müxtəlif evlərdən gəlir. O uşaqların birində hansısa virus olarsa, dezinfeksiya onun bütün uşaqlara yayılmasının qarşısını 70- 80 % alır”.
Bu sözləri PAOS şirkətinin direktoru Orxan Paşayev bağçalarda dezinfeksiyanın əhəmiyyətindən danışarkən qeyd etdi. O bildirdi ki, dezinfeksiya edilən zaman preparatların keyfiyyətinə üstünlük vermək lazımdır:
“Bağçada dezinfeksiya edilən zaman əvvəlcə istifadə olunan preparatların yüksək keyfiyyətli olmasına, saxlama müddətinə diqqət edirik ki, uşaqlara heç bir ziyanı olmasın. Ona görə də bizim dərmanlar hamısı lisenziyalı, sertifikatlı dərmanlardır. Bizim istifadə etdiyimiz dərmanlar xaricdən gəlir. Əsas önəm verilən təhlükəsizlikdir. Dərmanların zərərsiz olduğuna əminik, lakin yenə də şənbə günü axşamlar dezinfeksiya olunur. Çünki səhərisi gün – bazar günü uşaqlar olmurlar, bazar günü uşaqların oturacaqları, masaları və digər yerlər sodalı su ilə yuyulur. Artıq bazarertəsi uşaqlar rahat gələ bilirlər. Əslində 8 saatdan sonra uşaqlar bağçaya gələ bilər, biz hər ehtimala qarşı öz tədbirimizi görürük”.
Müsahibimiz eyni zamanda qeyd etdi ki, başqa yerlərdə edilən dezinfeksiya ilə bağçada edilən dezinfeksiyada fərq var. Mətbəxə, restorana vurulan dərmanlarla bağçaya, fərdi yaşayış üçün olan evlərə vurulan dərmanlar ayrıdır:

B47A7113-esas

Uşaq bağçasının həkimi Yeganə Zeynalova isə, bağçalarda dezinfeksiyanın önəmini vurğuladı. O bildirdi ki, mövsümə aid olan xəstəliklərin daha çox yayılması vaxtı müəyyən tədbirlər daha da gücləndirilir:
“Ümumiyyətlə dezinfeksiya dedikdə xarici mühitdə bütün mikroorqanizimlərin məhv olunmasına yönələn tədbirlər planı düşünülür. Dezinfeksiya həm profilaktik, həm də ocaqlı olur. Profilaktik dezinfeksiya infeksiyon mövsümdən asılı olmayaraq hər bir zaman mütəmadi aparılır. Ocaqlı dezinfeksiya isə, uşaq bağçasında, kiçik uşaq müəssisələrində müəyyən infeksiyaların daha çox olduğu dövrdə aparılır. Mütəmadi olaraq ayda bir dəfə daha böyük ölçüdə aparılan dezinfeksiya işləri var, hətta dezinfeksiya gündəlik də aparılır, amma təbii ki, mövsüm zamanı, mövsümə aid olan xəstəliklərin daha çox yayılması vaxtı müəyyən tədbirlər daha da gücləndirilir. Məsələn, payız-qış mövsümündə kəskin resprator xəstəliklərinin, yaz-yay aylarında isə bağırsaq infeksiyalarının artan vaxtıdır. Həmin vaxtlarda dezinfeksiya işləri əlavə olaraq aparılır. Amma profilaktik aparılan dezinfeksiya metodları da var ki, bu da bağçalarda tətbiq olunur “.
Həkimin sözlərinə görə, dezinfeksiya işlərinin metodik və fiziki növləri var. Bu, həftəlik, aylıq, gündəlik tətbiq olunur.
“Profilaktik dezinfeksiyanın ən sadə metodu mexaniki metoddur. Mexaniki metod hər gün, gündə iki dəfə aparılan dezinfeksiya metodudur. Nəm parçalarla yığışdırılma, yalnız tozsovuranla tozların alınması, havalandırma sistemlərinin havasının tez-tez dəyişdirilməsi və s. buna aiddir. Hamam, tualetdə əlüzyuyanlar gündə iki dəfə işçilər tərəfindən dezinfeksiya edilir. Dezinfeksiyanın bir də fiziki metodu var. Bu metod isə ultrabənövşəyi şüalarla və yüksək temperaturla aparılır. Bu iş bağçada hər həftə aparılır. Bizim bağçada da, hər altı-bazar qısa müddətli ultrabənövşəyi lampalar taxılır. Bundan əlavə, ayda bir dəfə olan dezinfeksiya işləri var. Artıq bu, peşəkar təlim görmüş işçilər tərəfindən aparılır. Bu dezinfeksiya işlərinin aparıldığı müddətdə burada işləyən işçilərin bağçada olması vacib deyil”.