Balacaların 8 Mart hədiyyəsi

1910-cu ildən 8 mart tarixi  Beynəlxalq Qadınlar Günü kimi qeyd olunur. Qadınlara qarşı nəzakət, sevgi və qayğını tərənnüm edən bu bayram  “Education Managment Network”a daxil olan uşaq bağçasında da təntənəli şəkildə keçirilib.

2 ay ərzində tamaşaya hazırlaşan balacalar öz analarını rəqslər və kiçik səhnəciklərlə sevindiriblər. Bu kimi tədbirlərin əhəmiyyətindən  uşaq bağçasının teatr və pantomim müəllimi Əli Əlizadə bəhs edib:

“Uşaqlar sosiallaşmağı bacarırlar. Səhnəyə, tamaşaçı qarşısına çıxırlar və onlarda seçim yaranır.  Onlar səhnədə özlərini hiss edəndə başa düşürlər ki, rəqs də, musiqi də, oxumaq da, pantomima da, teatr da var. Yəni böyüyəndə artıq özləri üçün hansı sənəti seçmək baxımından, onlarda bir formalaşma yaranır ki, hansı istiqamətə getmək istəyirlər”.

Övladları ilə birlikdə analar da tamaşada çıxış edib, müxtəlif rəqslər nümayiş etdiriblər. Öz təəssüratlarını Bagcam.az-la bölüşən Solmaz və Nigarın valideyni Aygün Mövlayeva tədbirin həm valideynlər, həm də uşaqlar üçün yaddaqalan keçdiyini  deyib:

“Bu bayramı təşkil edənlər bu uşaqlarla çalışanlar həqiqətən də böyük ehtiramla, əziyyətlə çalışdığı hiss olunurdu. Biz valideynlər bunu həqiqətən də hiss edirik və belə bir uğurlara çox sevinirik”.

Ayxanın valideyni Rəbinə Bağırzadə də tədbirin yüksək səviyədə təşkil olunduğunu vurğulayıb:

“Bugünkü tədbir çox gözəl idi. Uşaqlarımızın bizə təbriki, müəllimlərin əziyyəti çox xoş oldu bizə. Övladlarımıza da təşəkkür edirik ki, bizə bu gün belə sevinc bəxş elədilər və çox sevinirik ki, hər birimiz bir anayıq və onlar da bu gün bizim 8 Martımızı qeyd elədilər”.

Qeyd edək ki, tədbirin sonunda balacalar hazırladıqları hədiyyələri analarına təqdim ediblər.

Uşaqlara əlavə qida verərkən bunlara diqqət edin

unnamedBagcam.az  pediatr Günay Rəsulovanın körpələrdə əlavə qidalara başlanğıc və uşaq qidalanması haqda məqaləsini təqdim edir.

Körpənin baş-boyun idarəsini tamamlaması, əl və göz koordinasiyasının inkişafı, oturmağa başlaması, çeynəmə və udma funksiyasının inkişafı, əlavə qidalara başlanması üçün zəruri pillələrdir. Əlavə qidalarla birlikdə əmizdirməyə davam edilməlidir. Körpənin artan enerji ehtiyaclarının qarşılanmasında sadəcə ana südünün artıq kafi olmaması, uşağı fərqli dadı olan qidalara və uşağın dişləmə, çeynəmə bacarıqlarının inkişafına köməkçi olmaq üçün 6-cı ayda əlavə qidalara başlanması lazımdır. Əlavə qidaların hazırlanması zamanı təmizlik qaydalarına riayət olunmalıdır. Əllər bol su və sabunla yuyulmalıdır. Çiy tərəvəz və meyvələr yaxşıca yuyularaq hazırlanmalıdır. Bütün əlavə qidalar əmziklə deyil, qaşıq və ya fincanla verilməlidir. Əlavə qidalar gündəlik olaraq və evdə hazırlanmalıdır. Təbii olmayan, market məhsulu olan əlavə qidaları bir yaşından əvvəl körpənizə verməyin (qatıq, meyvə suyu, şorba və s. özünüz evdə gündəlik olaraq hazırlayın). Əlavə qidalara keçərkən, xüsusilə qatı qidaların verilməyə başlandığı dövrdə körpələr dilləri ilə qidaları itələyə bilər. Körpələrin istəmədən etdikləri bu hərəkət ümumiyyətlə, 7-ci ayda düzəlir. Uşağın qidanı qəbul etmək istəmədiyini fikirləşməyin. Əlavə qidalar əvvəl püre kimi verilərkən, daha sonra əzilmiş, ardından kiçik parçalara bölünmüş şəkildə verilərək körpənin fərqli strukturlardakı qidaları alması təmin edilməlidir. Uzun müddət püre formasında qidalar alan körpələrdə qatı qidalara keçərkən çətinliklər yaşanır. Körpələr 9-10 aylıq olduqlarında öz özlərini bəsləməyə icazə verilməli, qısa müddət üçün də olsa digər ailə fərdləri ilə süfrəyə oturdulmalı və evdə hazırlanmış qidalara öyrəşdirməyə başlanmalıdır.

Əlavə qida verərkən diqqət yetirmək lazım olan məqamlar:

Qidalar qaşıqla və ya fincanla, başlanğıcda az miqdarda verilərək zamanla artırılmalıdır. Yeni qidalar körpə ac ikən və günorta yeməyində sınanır. Fərqli qidalar ən az 3, əsasən 7 gün arayla sınanır. Verilən hər əlavə qida tək başına başlamalı və allergik simptomlara səbəb olub-olmadığı təqib edilməlidir. Qidalar təmiz və təzə bişmiş olmalıdır. Körpələr bəzi yeni qidaları qəbul etməyə bilərlər. Bu vəziyyətdə uşaq məcbur edilməməli və 2-3 həftə sonra təkrar sınanmalıdır. Duzlu, ədviyyatlı, allergiya vermə ehtimalı yüksək olan qidaları körpələrə vermək olmaz. Həddindən artıq lifli qidalar ilk 12 ayda məsləhət deyil. Alma və şaftalı püresi, düyü unu ilə pudinq, yoqurt və tərəvəz püresi ilk başlanacaq əlavə qidalardır. Allergiya vermə riski yüksək olan sitrus bitkiləri, yumurta, çörək, balıq və ət ilk veriləcək qidalar arasında olmamalıdır .

Hansı əlavə qidalar verilə bilər?

Başlanğıc əlavə qidalar qida dəyəri yüksək, yumşaq konsistensiyada, həzmi asan və aşağı allergik xüsusiyyətdə olmalıdır. Bu dövrdə veriləcək əlavə qidalar sıra ilə meyvə suyu və ya püresi, qatıq, tərəvəz püresi, şorbalar, pudinq, cem, bəhməz və körpə biskvitidir. Bir yaşına qədər olan dövrdə körpələrdə həzm problemlərinə, qan azlığına və allergik reaksiyalara gətirib çıxarması səbəbi ilə inək südü və baldan istifadə edilməməlidir.

Meyvə suyu və püresi: Körpəyə veriləcək ilk meyvə mövsümünə görə alma və ya şaftalıdır. Ərik, üzüm, banan, naringi, portağal, qarpız, qovun və kökün şirəsinə bir çay qaşığı miqdarında başlanır, daha sonra qədəri yavaş-yavaş artırılaraq püre şəklində 1-2 pay olaraq verilir. Uşaq meyvə suyunu qəbul etməkdə çətinlik çəkirsə, şirinləşdirmək üçün içinə cem və ya bəhməz qatıla bilər. Meyve püresi də eyni şəkildə qarışdırılaraq 1 pay olaraq verilə bilər. Meyvələr yaxşıca yuyulur, qabıqları soyulur, şüşə rəndədə rəndələnərək təmiz bir tənziflə suyu çıxardılaraq hazırlanır.

Qatıq: Körpələrin asan həzm edə bildiyi ən etibarlı əlavə qidalardandır. Ümumiyyətlə, 1-2 çay qaşığı olaraq başlanmalı, verilən miqdar hər gün yavaşca artırılaraq bir pay olaraq verilə bilər. Amma hər gün evdə təzə olaraq mayalanmalıdır.

Pudinqin hazırlanması: Üç çay qaşığı düyü unu, bir su stəkanı soyuq südün bir qismi ilə yaxşıca əzilir, qalan süd bu qarışığa əlavə edilir. Aramla yanan ocaqda bir az bərkiyənə qədər bişirilir, hazır olana yaxın iki çay qaşığı şəkər əlavə edilir. Əgər pudinq hazır südlərlə ediləcəksə, südün yerinə eyni miqdarda su və şəkərin yerinə 6 ölçü qaşığı uşaq yeməyindən istifadə etməklə eyni şəkildə bişirilir.

Tərəvəzlər: Qatıq, meyvə şirəsi və püresindən sonra mövsümünə görə tərəvəzlərin verilməsinə başlana bilər. Kartof, kök, balqabaq, gül kələm kimi tərəvəzlər püre formasına gətirilməlidir. İçinə qiymə və ya kərə yağı qatıla bilər. Evdə özümüz üçün hazırladığımız yeməklər 9 aydan sonra püre halına gətirilərək verilə bilər.

Dənli şorbalar: Qatıq, meyvə, tərəvəz püresindən sonra mərci kimi şorbalar verilə bilər. Şorbalara bir çay qaşığı duru yağ, 8-ci aydan sonra da qiymə qatıla bilər. Əvvəllərdə çörəksiz, sonra içinə çörək doğranaraq şorbalar verilə bilər. Bu şəkildə yavaşca qatı qidalara başlanılır.

Tərəvəz püresinin hazırlanması: Yarım kiçik kartof, yarım kiçik kök və bir çay qaşığı düyü yuyulur. Tərəvəzlərin qabıqları soyulur, kiçik parçalar halında doğranılır. Kiçik bir qazan içinə su qoyulur və digər bütün ərzaqlar əlavə edilir. Bir çay qaşığı duru yağ və ya zeytun yağı əlavə edilir. Qazanın ağzı bağlanılıb tərəvəzlər yumşalana qədər bişirilir. Bişdikdən sonra çəngəllə əzilərək körpəyə yedirilir.

Səhər yeməyi: 7-ci ayda körpə meyvə-tərəvəz püresinə alışdıqdan sonra nahara başlanılır. Bir kibrit qutusu qədər duzsuzlaşdırılmış ağ pendir, yaxşı bişmiş yumurta, bir çay qaşığı cem, ya da bəhməz, bir çay qaşığı kərə yağı, 2 -3 körpə peçenyesi su və ya cökə ilə əzilərək qarışdırılır, körpənin yeyə biləcəyi səviyyəyə gətirilərək körpəyə verilir. Bəzən içinə 2-3 ölçü uşaq qidası qatılaraq kalori və zülal tərkibini zənginləşdirə bilərsiniz.

Yumurta: Bərk bişmiş yumurta sarısı bir çay qaşığı olaraq nahara əlavə olunur, yavaş-yavaş miqdarı artırıla bilər. Birinci həftənin sonunda körpə tam bir yumurta sarısı yeyə bilər, bir yaşına qədər tam bişmiş yumurta verilməli, allergik yemək olduğundan yumurtanın ağı bir yaşına qədər verilməməlidir.

Plov, makaron, dolma: 8-ci aydan sonra qatıq ilə qarışdırılaraq bir payda verilə bilər.

Ət məhsulları (qırmızı ət, toyuq və ya balıq əti): 7-ci aydan etibarən şorbalarına və ya tərəvəz yeməklərinin içinə qiymə parçaları qatıla bilər, toyuq və ya balıq əti əzilərək püre halında tək başına və ya yeməklərin içində verilə bilər. Şorbalar və ya tərəvəz yeməkləri və ya toyuq suyu hazırlana bilər. 9-cu aydan sonra iki dəfəyə çəkilmiş qiymədən ədviyyatsız olaraq hazırlanmış küftə körpənin əlinə verilə bilər. Qansızlığın qarşısının alınması üçün ət məhsullarının körpənin qidalanmasında mütləq iştirak etməsi lazımdır.

Quru paxlalar: 7-ci aydan sonra pərdələri çıxardılıb əzilərək, püre halında az miqdarda başlanaraq verilə bilər. İçinə qiymə qatılaraq tərkibini zənginləşdirə bilərsiniz. Qidaların hazırlanmasında ədviyyat istifadə edilməməlidir. Az duzdan istifadə etmək olar

Bağçada dostluq və hörməti aşılayan kapoeyra məşqləri

16-cı əsrdən Braziliyada formalaşmağa başlayan Kapoeyra idman növü özündə döyüş, musiqi və rəqsi birləşdirir. Estetik görünüşü ilə digər idman növlərindən fərqlənən Kapoeyra uşaqların fiziki sağlamlığında mühüm rol oynayır. Bütün bunlar nəzərə alınaraq “Baby Star” uşaq bağçasında balacalara Kapoeyra məşqləri keçirilir.  Uşaqlar əvvəlcə sadə idman hərəkətlərinə yiyələnir, daha sonra isə Kapoeyro fəndlərinin tədbiqinə başlayırlar. Bağçanın Kapoeyra idman növü üzrə məşqçisi Rəhman Umarov deyir ki, Kapoeyra uşaqlarda onurğa sütununun sağlam inkişafına, onların intizamlı və özlərinə inamlı böyüməsinə səbəb olur. Həmçinin uşaqlar bu idman növü ilə məşğul olarkən dostluq anlayışını, bir-birlərinə hörmət etməyi öyrənirlər. Kapoeyra ilə məşğul olan balacalar eyni zamanda portuqalca müxtəlif sözlər də öyrənirlər.

“Baby Star” uşaq bağçasında keçirilən Kapoeyra məşqindən görüntüləri sizə təqdim edirik:

 

Dırnaq yeyən uşaqlarda bu xəstəlik olur

dirnaqBagcam.az tibb elmləri üzrə fəlsəfə doktoru, pediatr Şəhla Rüstəmovanın məqaləsini təqdim edir.

Valideynlər tez-tez lyamblioz kimi “qorxulu” diaqnoz ilə rastlaşır, vahimə içərisində həkimə müraciət edirlər, uşağın orqanizmini toksiki preparatlarla yükləyərək, təkrarən lyambliya əleyhinə müalicə kursları alırlar, nəticədə isə heç bir effekt görmürlər. Lyamblioz – əsasən uşaqlar arasında çox geniş yayılmış parazitar xəstəlikdir. Parazitlərlə bağlı kifayət qədər yanlışlıqlar və reallıqlar var.

Lyambliyalara aid olan hansı yanlışlar var? Gəlin aydınlaşdırmağa çalışaq.

Lyamblioz barəyanlışlar

Yanlış №1. Lyambliyalar gözlə görünən qurdlardır.

Əlbəttə ki, yox! Lyambliyalar qurdlara aid olmayan mikroskopik parazitlərdir. Təbii ki, ancaq mikroskopun altında görünəcəklər.

Yanlış №2. Lyambliyalar qaraciyəri “yeyirlər” və öd kisəsində məskunlaşırlar.

Lyambliyalar adətən onikibarmaq bağırsaqda yaşayırlar. Sağlam öd tərkibində olan bakterisid öd turşuların hesabına onlara məhvedici təsir göstərir.

Yanlış №3. Müayinə üçün nəcisi laboratoriyaya isti vəziyyətdə aparmaq lazımdır, əks halda parazitlər aşkarlanmayacaq.

Laborantlar müayinə zamanı nəcisdə adətən lyambliyaların hərəkətsiz olan “sist” formasını aşkar edirlər. Sistlər ətraf mühitdə, həmçinin nəcisdə aylarla qala bilirlər.

Yanlış №4. Nəticə əldə etmək üçün lyamblioz olan uşağı sonsuz olaraq müalicə etmək lazımdır.

Düzgün aparılan etaplı kompleks müalicə zamanı qısa müddət ərzində effekt əldə etmək olar.

Lyamblioz barəsində həqiqətlər

Gəlin, lyambliyalara aid olan doğru məlumatlarla tanış olaq.

Həqiqət №1: Uşaqda iştahasızlıq və inkişafdan geri qalma varsa, səbəbi parazitlərdir.
Lyamblioz həzm prosesinin pozulmasına gətirib çıxarır. Lyambliya olan uşaqlarda adətən iştahasızlıq halları baş verir. Onlar ətdən, yağlı qidadan imtina edir, şirniyyata, xəmir xörəklərinə meyllik göstərirlər.

Həqiqət №2: Uşaq dırnaq “yeyirsə”, onda lyamblioz aşkar olunacaq.
Lyamblioz “çirkli əllər” xəstəliyidir. 90-95% hallarda dırnaq yeyən və barmaqlarını soran uşaqlarda lyambliyalar aşkar olunur.

Həqiqət №3: Uşağın qarnı tez-tez ağrıyırsa, orda nə isə “məskunlaşıb”
Qurd-parazit invaziyası zamanı, adətən uşağın qarnı ağrıyır.

Həqiqət №4: Pis yuxunun və övladınızın əsəbi olmasının səbəbi – parazitlərdir.
Uşağınızda boş yerdən əsəbilik yaranırsa, orqanizmdə qurd-paraziti yoxlamaq məsləhətdir. Lyambliyaların və qurdların toksinləri qana sorularaq, orqanizminin, həmçinin sinir sisteminin intoksikasiyasına səbəb olur.

Həqiqət №5: Dəridə qəhvəyi rəngdə ləkələr əmələ gəlirsə, lyamblioza yoxlanmaq lazımdır.
Lyamblioz zamanı dəridə, əsasən də üz və boyun nahiyələrində hipo və hiperpiqment ləkələr əmələ gələ bilər. Bundan əlavə, lyamblioz allergik xəstəliklərin kəskinləşməsinin səbəbi ola bilər.

Valideynlərin nəzərinə! Uşaqda, əsasən də səhərlər iştahasızlıq, ürəkbulanma, hərdən qusma, tez-tez qarında ağrılar, qəbizlik, ishal müşahidə olunursa, dərslərində yaddaş pozğunluğu, diqqətsizlik, əsəbilik qeyd olunursa, parazitlərə qarşı müayinənin aparılması məsləhətdir.

 

Uşaqların yaz menyusunda dəyişikliklər

b47a9749bagcam-2Qidalanmanın düzgün təşkil edilməsi uşaq orqanizminin inkişafında ən vacib şərtlərdən biridir. Uşağın qəbul etdiyi qidalar onun həm sərf etdiyi enerjini ödəməli, həm də orqanizmin normal fəaliyyəti üçün lazım olan maddələrlə təmin etməlidir.

Yaz fəslində havanın tez-tez dəyişməsi, qeyri-sabit olması, səhər və gündüz temperaturun kəskin fərqlənməsinə görə uşaqların qida rasionuna xüsusi dəyişikliklər edilməlidir. Bu barədə “İndigo” uşaq bağçasının qida və sağlamlıq üzrə mütəxəssis Şəhla Əhmədova  Bagcam.az-a  məlumat verir:

“Yaz menyusuna  keçərkən təbiətin qanununa uyğun olaraq yaşıl qidalara üstünlük verilir. Yaz menyusunda uşaq orqanizminin fəsilə uyğun təlabatı nəzərə alınır. Menyudan qış fəslinə aid olan qidalar çıxarılaraq vitamin və mineral maddələrlə zəngin olan təzə meyvə tərəvəzlərlə əvəz edilir. Menyuya müxtəlif çeşidli göyərtilər, kökümsov tərəvəzlər, sitrus meyvələri – limon, portağal, narıngi; giləmeyvələr, bitki mənşəli zülallarla zəngin olan paxlalı, dənli bitkilərdən hazırlanmış yeməklər daxil edilir.

Uşaqlarda maddələr mübadiləsi böyüklərə nisbətən daha intensiv olur. Qəbul edilən qidaların tərkibində üzv və toxumaların strukturuna daxil olan və fəaliyyətində böyük əhəmiyyət daşıyan zülal, yağ, karbohidrat, su, vitamin və mineral maddələr uşağın yaşına uyğun miqdarda olmalıdır. Vitaminlər və mikroelementlər uşağın fiziki inkişafında vacib rol oynayır, maddələr mübadiləsini tənzimləyir və orqanizmin ümumi müqavimət qabiliyyətini artırır.

Uşağın tam sağlam qidalanmasını təmin etmək üçün zülal, yağ, karbohidrat 1:1:4 nisbətində götürülməlidir. Bu nisbət pozularsa hətta ən yüksək keyfiyyətli qida belə uşaq orqanizminə pis təsir edər. Orqanizmində yeni hüceyrələrin yaranması və toxumaların bərpası üçün lazım olan zülallar iki yerə ayrılır: heyvan mənşəli və bitki mənşəli. Heyvan mənşəli zülallar ətdə, balıqda, yumurtada, bitki mənşəli isə yarmalarda, unda və tərəvəzlərdə daha çoxdur. Orqanizmin enerji mənbəyi olan  yağlar və karbohidratlar isə daha çox şəkərdə, çörəkdə, yarmada, meyvə və tərəvəzdə olur.

Yaz fəslində vitaminlərə, xüsusilə də askorbin turşusuna (C vitamini) təlabat daha da artır. Sitrus bitkilərnin tərkibində C vitamini çox olduğu üçün limon, portağal, narıngi kimi meyvələrdən istifadə etmək məsləhət görülür.

Yaz fəslində süd və süd məhsullarının miqdarının artırılması uşaq orqanizminin kalsiuma olan təlabatını ödəmək üçün faydalıdır. Sümük siteminin formalaşmasında böyük əhəmiyyət daşıyan kalsium əsasən süd və süd məhsulları – kəsmik, pendir, eyni zamanda lobya, noxud, mərcimək, qara gavalı, kələm, yulaf kimi ərzaqlarda çoxluq təşkil edir. Ona görə də yaz menyusu tərtib edilərkən bu ərzaqların istifadəsinə xüsusi yer verilir.

Yaz menyusunda həmçinin dəniz balığına da üstünlük verilir. Çünki bu məhsullar uşaq orqanizmini viruslarla və digər infeksiyalarla mübarizə üçün möhkəmləndirir”.

 

Uşağı asan yatırtmağın üsulları

uykuKim Uestin məşhur amerikalı yazıçı və yuxu mütəxəssisidir. O, körpələrə yuxu tərbiyəsini inkişaf etdirmə mövzusunda mütəxəssisdir. K. Uestin bildirib ki, körpələrin yatmasından əziyyət çəkən analar özlərini çarəsiz hiss etməsinlər. Bəs yaxşı yatmayan körpənin öhdəsindən necə gəlmək olar? Bagcam.az  Aile.lent.az-a istinadən körpələri asanlıqla yatızdırmağın yolları ilə bağlı mütəxəssisin fikirlərini təqdim edir.

Yuxu mütəxəssisi, ilk növbədə, “uşağım olsun, onu heç vaxt yelləyərək yatırtmaram”, – deyən analardan bəhs edib. O bildirir ki, məhz həmin analar körpə yatmayanda az qala evin hər yerində yelləncək qururlar. Odur ki, əvvəldən danışmaq olmaz. Çünki uşaq baxımında ən çətin məsələlərdən biri onun yatmasıdır: “Uşaq ağalayarkən səbrli olun. Ən ağlağan körpə belə, orta hesabla 15-20 dəqiqəyə yuxuya gedir. Bu müddətdə ana-atalar kitab oxuyur, duş qəbul edir və ya televizora baxır. Uşaqları yuxuladan davranışlar sırasına yumşaq oyuncaqlarla oynamaq, barmaq əmmək, hekayə dinləmək, saçları və ya ədyalları ilə oynamaq, yellənmək və s. daxilidir. Ən əhəmiyyətli məqam odur ki, bunlardan hansının uşağı rahatlatdığını və yuxulatdığını kəşf edin. Bu, bir qızıl qaydadır. Körpə ilə nəzakətli ifadələrlə ünsiyyət qurmaq, tərif və sevgi müvəffəqiyyətin açarıdır”.

Körpələri fasiləsiz yatırtmaq mümkündürmü?

Yuxu müddətində yüngül yuxu ilə dərin yuxu (REM və qeyri-REM) arasında keçid edirik. Bu keçid zamanı əslində hamımız oyanıb yastığımızı düzəldir, tualetə gedir, su içirik. Çox normal formada da yenidən yuxuya keçə bilirik. Uşaqların da oyandıqdan sonra yenidən normal yuxuya getməsi üçün yuxunun dostu olan mühit hazırlayın. Bunlar aşağıdakılardır:

Qaranlıq: Qaranlıq otaq uşağınızın bioloji ritmiylə uyğundur. Körpə gecə saatlarında da qidalanırsa, bunu az işıqda edin.

Səs-küy: Körpələr ana bətnində gurultulu bir mühitdə olurlar. Gecənin səssizliyi onlar üçün tanımadıqları bir mühitdir. Səs-küy onları rahatlaşdırır və narahatedici səsləri blok edir.

İstilik: Otaq istiliyinin 20-22 dərəcədə olması idealdır.

Ekologiya: Körpənin yatağına bağlanmış səsli oyuncaqlar və otaqdakı bəzəklər ona yuxu əvəzinə oyun zamanı mesajını verə bilər. Yatmaq vaxtında oyuncaqları ortadan götürün ki, körpənin diqqətini çəkməsinə mane olasınız.

Körpələri yelləyərək yatırtmaq doğru üsuldurmu?

6 aydan kiçik olan körpələr üçün bir qorxusu yoxdur. Uşaq 6-cı ayına girdikdən sonra analar körpələrinə özlərinin sərbəst yuxuya getmələrini öyrətməlidirlər: “ Körpələr 6 aydan sonra fasiləsiz 11 saat yata bilər. Baxçaya başlayan uşaqlarda gündəlik yuxu ehtiyacı 11, ibtidai sinif yaşında 10 saatdır.  Yuxu saatından 1 saat əvvəl elektron cihazları bağlayın, uşağı sakinləşdirin. Sakit səs tonu ilə kitab oxuyun. Özü sərbəst yuxuya getməyi öyrənmiş və gün ərzində kifayət qədər yatan bir körpə hələ də gecələr oyanırsa, demək, bunun tibbi səbəbləri ola bilər”.

Mütəxəssis deyir ki, hər hansı bir səbəbdən ortaya çıxan burun tıxanıqlığı da yuxu nizamına mənfi təsir edir. Yeni doğan və körpəlikdə tənəffüs yollarına təsir edən qrip, astma və allergiya də yuxuya təsir edən tibbi səbəblər arasındadır: “ Bu səbəblər ucbatından körpə bütün gecəni yatmaq üçün rahat bir mövqe tapmağa çalışır və özünü oradan-oraya vurur, ağlayır. Yuxuda nəfəs almağı çətinləşdirən başqa bir səbəb də refleksdir. Refleks körpənin mədə turşusunu ağzına gətirir. Bu da boğazın, badamcıqların şişməsinə səbəb olur, nəfəs almağı çətinləşdirir. Tənəffüs yolları daralmasına səbəb olan digər səbəb yuxusuzluq problemidir. Çoxu uşaqda yuxusuzluq genişlənmiş badamcıqlar və ya limfadan qaynaqlanır”.

Yuxu öncəsi nələr edilməlidir?

Yuxu öncəsi edilənlər beyinə yavaşlama, yuxuya hazırlanma mesajı verir, nəticədə melatonin hormonu istehsal olunmağa başlayır. Ana-körpə arasındakı bağın güclənməsi üçün də bu baxımdan əhəmiyyətlidir. Yuxu öncəsi rituallar üçün 20-30 dəqiqə kifayətdir. Bu müddətdə 2-3 fəaliyyət reallaşdıra bilərsiniz. Bunları hər gecə mütləq eyni sıra ilə edin.

-İlıq duş

-Uşaq masajı (körpənin otağında edilməli)

-Rahatlatıcı musiqi və ya laylay söyləmək

-Əmizdirmək və ya əmzik vermək

-Qazını çıxarmaq

-Qundaq etmək

-Qucaqlamaq

– Körpə 6 aylıq olduqdan sonra kitab oxumaq

Kim Uestin ən məşhur 5 qaydası:

– Uşağınızın yuxu nizamını nəzərə alaraq planlaşdırma edin.

– Uşağınızın yuxu nizamı ilə əlaqədar məlumatınız olsun.

– Heç bir zaman bir uşağın yuxu nizamını yaratmaq üçün gec deyil.

– “Qoy ağlasın” xaricində variantlarınız olduğunu unutmayın.

– Özünüzü çox yükləməyin. Nəticədə hamımız əlimizdən gələnin ən yaxşısını etməyə çalışırıq.

“Bağçalarda mütləq təhlükəsizlik çıxışları olmalıdır”

IMG_2832-2Uşaqlar hərəkətlidir, kəşf etməyə, araşdırmağa meyllidir və təhlükənin nə olduğunu hələ dərk etmirlər. Güvənli olmayan yerlərdə isə hər an qəza riski ilə üzləşə bilərlər. Xüsusilə də, uşaqların çox olduğu bağçalarda təhlükəsizlik məsələlərinə diqqət edilməlidir. Bəs bağçalarda uşaqların təhlükəsizliyini təmin etmək üçün hansı tədbirlər görülməlidir?

Bu mövzu ilə bağlı suallarımızı “Education Management Network”-un təlim-tərbiyə işləri üzrə mütəxəssisi Xalidə Rzayeva cavablandırıb. O, ilk olaraq bağçalarda aparılmalı olan təhlükəsizlik tədbirlərindən danışıb:

“Bağçalarda uşaqların təhlükəsizliyinə zəmanət yaratmaq üçün bir sıra mexanizmlər ­­­ olmalıdır. İlk növbədə, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən razılaşdırılmış təxliyyə planı hazırlanmalı və bağçanın hər mərtəbəsində asılmalıdır. Fövqəladə Hallar Nazirliyinin müəyyən etdiyi yerlərə yanğın söndürmə balonları yerləşdirilməli və bağçalarda yanğın söndürmə guşəsi olmalıdır. Həmin guşə lazımi avadanlıqla təchiz edilməlidir. Bura yanğın baş verdiyi zaman lazım olan torpaq, vedrə, bel  kimi  vasitələr və ilkin tibbi yardım çantası daxildir. Bağçalarda mütləq təhlükəsizlik çıxışları olmalı və onlardan rahat istifadə edilməlidir.

Bağça əməkdaşları fövqəladə hallar zamanı davranış qaydaları təlimindən keçməlidir. Təcrübə göstərir ki, bağça əməkdaşları bu təlimlərdən keçmədikləri halda daha çox təlaşlanır və lazımi tədbirləri həyata keçirə bilmirlər.”

IMG_2851Mütəxəssis fövqəladə hallarda təhlükəsizlik qaydaları ilə bağlı bağça əməkdaşları ilə yanaşı, valideynlərin və uşaqların da təlimatlandırılmasını vacib hesab edir. O, çalışdığı “Peter Pan” uşaq bağçasında bunun üçün seminarlar keçirildiyini və ailələrə məlumat kitabçası paylandığını bildirir. Uşaqların maarifləndirilməsi isə məşğələ şəklində aparılır.

“Uşaqlar müxtəlif oyunlar vasitəsilə, əyani vəsaitlərlə fövqəladə vəziyyətlərdə necə davranacaqlarını öyrənir və həmçinin, elektrik cihazları ilə təmasda nə etməli olduqlarını bilir. Eyni zamanda müəllimlər bağça daxilində və gəzinti zamanı uşaqları təhlükəsizlik qaydaları ilə tanış edir”.

Uşağa “söz keçirtmək”

decel_usaq_000Valideynlərin sinif rəhbərlərinə “Bu uşaq sözümə heç qulaq asmır”, “Nə desəm, tərsini edir” kimi cümlələrlə müraciətləri bəllidir. Əslində ana-atanın ünsiyyət tərzinə, bədən dilinə, özlərini ifadə etmək formasına baxaraq onların uşağa söz dinlətmələrinə  dair məlumat əldə edə bilirik.  Burada “uşağa söz dinlətmək” ifadəsinin problemli səsləndiyini düşünə bilərik. Əslində geniş şəkildə “uşağın valideyni anlayacaq formada dinləyə bilməsi” kimi ifadə edilməli olan bu birləşməni məqalədə “söz keçirtmək” və “söz dinlətmək” kimi qeyd edəcəm.

Bir çox ana-atanın yaşadığı problemlərdən biri uşaqların sözə qulaq asmamasıdır. Belə ki, artıq Google-da da avtomatik “uşağım sözə qulaq asmır” kimi axtarış nəticəsi mövcuddur. Hətta İnternetdə buna aid “dua” belə var! Valideyn olaraq uşaqlarımızdan etməyini istədiyimiz və ya istəmədiyimiz davranışlar var və beynimizdəki uşaq böyütmək planına uyğun onlara tez-tez istiqamət veririk. Bunu hansı formada reallaşdırdığımız, nələr etdiyimiz önəmli rol oynayır. Əvvəlcə, uşaqdan istədiyimiz şeyin lazımlı və məntiqli olması mövzusunu gözdən keçirək.

Antonie De Saint Exupery-nin məşhur uşaq kitabında əmirlərinin qulaq asılmasına əhəmiyyət verən kralla həyatı anlamağa çalışan balaca şəhzadə arasında belə dialoq olur:

Kral şəhzadəyə “Generalıma kəpənək kimi çiçəkdən çiçəyə uçmasını ya da bir qağayı olmasını əmr etsəm və o, buna əməl etməsə kim günahkardır, general yoxsa mən?” sualını verir. Kral “siz” deyən şəhzadənin cavabını təsdiqləyir və insanın hər kəsdən bacardığı şeyi istəməli olduğunu bildirir.

Uşaqdan istədiyimiz (istəmədiyimiz) şeyin məqbul olması əsas amil olmalıdır. “Məqbul” məntiqə uyğun olandır. Açıq danışsaq, qızım üç yaşında olanda ona öyrətdiyim sözlərdən biri də “məqbul” idi. “Balaca şəhzadə” kitabındakı nümunələrlə üç yaşındakı uşağa anlayacağı dillə nələrin məqbul olduğunu və ya əksini başa saldım və bunun xeyrini gördüm.

Bəzən uşağın sizdən istədiyi şeydən asılı olaraq öz silahınızla vurula bilərsiniz. Belə ki, məsələn, uşaq sizdən məqbul bir şey istədi və siz  yox dediniz. Məqbul ifadəsini mənimsəyən uşaq bu vəziyyətdə səbəbini soruşa bilər. Bir az düşünəndən sonra uşağın istəyini birbaşa rədd etməyin düzgün olmadığını dərk edir və peşman olursunuz. Belə hadisəni qızımla yaşadığım üçün qeyd etmək istədim.

Məsələn, uşaq məqbul olmayan davranış sərgilədi. Öncə, səbəbini anlamağa çalışaq. Onu qayğı ilə dinləməyə diqqət edək, qınamadan, günahlandırmadan, lazımsız sərtlik göstərmədən maraqla suallar verək. Bu istəklərin nələri əhatə etdiyi barədə danışaq. Çünki güvənli ata-ana uşaq ilə söhbət edər və davranışlarının təməlini araşdırar. Hədəfimiz uşaq davranışlarından əlavə, onun doğru olanı qavramasını təmin etməkdir. Bunu edərkən  qarşımızdakını uşaq kimi yox, yetkin biri olaraq görməli və sakit yanaşmalıyıq. Çünki araşdırmalara əsasən, uşaqlarına rahat söz keçirə bilən valideynlər sakit olanlardır. Həmin valideynlər uşaqların davranışlarına şişirdilmiş reaksiya vermirlər. Uşaq yaxşı və ya pis bir şey edəndə bunu qabartmırlar. Burada əsas məqsəd sakitliyi qoruyaraq uşaqla qarşılıqlı güvən yaratmaqdır. Söz dinlətmək mövzusunda vacib məqamdan biri qərarlılıqdır. Qoyduğumuz qaydalara əməl edilmədiyi halda, qərarlı olmağımız uşağın hərəkət və şəxsiyyətinin formalaşmasında önəmli rol oynayır. Lakin təəssüf ki, bir çox insan qərarlı olmaqla sərtliyi qarışdırır.  Bəzən valideyn uşağı təhdid edərək qorxutmağa çalışsa da, uşaq bunu önəmsəmir. Halbuki qərarlı olmaq sərtlik demək deyil və uşağın özünü güvəndə hiss etməsini təmin edir. Qərarlı  valideyn təhdid etmək yerinə, uşağa davranışının gözlənilən nəticələrini başa salmağa çalışır.

Valideyn olaraq, həmçinin, bunu düşünməliyik: Mən özümə hər mövzuda söz keçirə bilirəm?, Etməli olduğum şeyləri edib yaxud etməməli olduqlarımdan uzaq durmağı bacarıram?, Qərar alan zaman bunu tətbiq etmək üçün cəhd edirəm?.  Bu suallara cavabımız “bəli”dirsə, böyük ehtimalla qərarlığımız sayəsində uşaqlara söz dinlətmə mövzusunda problem yaşamırıq. Ancaq cavab “xeyir”dirsə, əvvəlcə, özümüzə söz keçirə bilməliyik ki, bunu uşaqlara da tətbiq edə bilək.

Psixoloq Recep Karataş

 

Uşaqların oynayaraq öyrənməsinə icazə verin

14368672_630011323827504_3551349634355826682_n20 il əvvəl uşaqlar bağçada, hətta məktəbin dövründə  vaxtının çoxunu oyun oynayaraq keçirirdi. Şəkil çəkir, öz beyinlərində və ya dostları ilə xəyal dünyası yaradırdı. Lakin getdikcə bu fəaliyyətlər yuxarı siniflərdəki kimi müəllimin nəzarəti ilə verilən dərslərlə əvəzləndi. Bir çox məktəbdə formal təhsil artıq dörd ya da beş yaşında başlayır.

Bu gün belə bir düşüncə yayılmağa başlayıb: Uşaq erkən yaşda məktəbə başlamasa, oxuma və riyaziyyat kimi önəmli mövzularda geri qalır. Bu düşüncənin səbəbi də budur: Erkən başlamaq daha çox öyrənmək deməkdir.

Lakin bir çox elm adamı, təhsil mütəxəssisləri və işçiləri belə yanaşmanın uzun müddətli uğuru təmin etdiyinə dair əllərində az sübut olduğunu, hətta əks təsir yaratdığını bildirir.

Lesley Universiteti professorlarından Nancy Carlsson-Paige bu trendi  “yanılma” olaraq adlandırır. Carlsson-Paige mütəmadi olaraq məktəbləri ziyarət edir və uşaqların başa salınan dərsləri dərk etməkdə çətinlik çəkdiklərini görür.

Erkən yaşda müəllim nəzarətində alınan bu cür təhsil kəşfə marağı olan insan sayını azaldır və sadəcə passiv bilgilərdən istifadə edən, başqalarını izləyən insanlar formalaşdırır.

Son on ildə, xüsusilə, Amerikada akademik erkən  təhsil sürətli formada yayılmağa başladı. “Heç bir uşaq geri qalmasın” və “Zirvə yarışı” kimi proqramlar daha çox test və dərs prosesi ilə nəticələndi. Araşdırmalara əsasən, Amerikanın təhsil uğuru bir çox ölkələrdən geri qalır. Eyni zamanda milyonlarla amerikan şagird milli standartlara uyğun deyil və müvəffəqiyyətsizdir. Bəzi ölkələr, Finlandiya və Estoniya daxil olmaqla, məcburi təhsilə yeddi yaşdan qabaq başlamır. Təsil səviyyəsinin müqayisələrinə görə, hər iki ölkə riyaziyyat və oxumaqda Amerikadan daha yüksək sıralarda yer alıb. Əlbəttə ki, bu ölkələr daha kiçik olduğu üçün təhsil problemləri də az olur.

Bəzi araşdırmalara görə, oxumaq və digər sahələrdə erkən yaşda alınan dərslər şagirdlərə kömək edir. Lakin bunun müsbət təsiri təəssüf ki, keçicidir. 2009-cu ildə Almaniya Alanus Universitetinin təhsil araşdırmaçılarından Sebastian P. Suggate 50-dən çox ölkədə 15 yaşında 400 min uşağı dəyərləndirərək erkən yaşda məktəbə başlamağın üstünlüyü olmadığını sübut etdi. Suggate  2012-ci ildə apardığı başqa araşdırmada isə, 83 şagirddən ibarət qrupu bir neçə il qiymətləndirdi. Nəticədə professor beş yaşında oxumağı öyrənməyə başlayan uşaqların daha gec yaşda öyrənməyə başlayan uşaqlara nisbətdə oxuduğunu qavramaq məsələsində pis olduqlarını bildirdi.

Bütün məlumatlara baxmayaraq, təhsil işçiləri məktəbdəki oyun zamanını qısaltmaq istəyir. Bu mövzu üzərində çalışan psixoloq David Whitebread insanların oyunu yetkin davranış kimi düşününmədiklərini deyir. Onun sözlərinə görə, əslində, oyun uşaqların inkişafı üçün önəmlidir və onlara diqqəti, duyğuları idarə etməyi öyrədir.

Son 20 ildə elm adamları uşaqların necə öyrəndiyini daha yaxşı anlamağa başlayır. Kaliforniya Universitetinin mütəxəssisi Jay Giedd insan beyninin doğumdan yetkinliyə qədər necə formalaşdığını araşdırıb. Giedd yeddi ya da səkkiz yaşından kiçik olan uşaqların çoxunun kəşf etməyə daha uyğun olduqlarını deyir. Onun sözlərinə görə, erkən akademik təhsilin yaratdığı digər problem uşaqların kəşfetmə istəyini azaltmasıdır.

Xüsusilə, oxumaq prosesini sürətləndirmək olmaz. Oxumaq yerimək kimi təbii formalaşmır. Çünki insan sadəcə 6000 ildir oxuya bilir. Oxumağa təşviq etmək olar, lakin məcbur etmək mümkün deyil. Halbuki bu gün məktəblər bunu tez-tez edir.

Uşaqların erkən dövrdə aldığı təhsil onların formalaşmasına kömək etməlidir. Bunun üçün təhsil işçiləri elmə və aparılan araşdırmalara fikir verməlidir.