Rənglərin uşaqlar üzərindəki təsirləri

rengRənglərin həm böyüklər, həm də uşaqlar üzərində təsiri olduğu elm adamları tərəfindən sübut edilib. Psixoloqlar, sənətçilər rənglərin insanlar üzərindəki təsirlərini bilərək istifadə edirlər.

Körpələr doğumdan sonrakı ilk 6 ay ərzində  ətrafı yalnız ağ-qara  görürlər. Bu səbəbdən də qırmızı, qara, ağ kimi yüksək kontrastlı rəngləri xoşlayırlar.  Zaman keçdikcə digər rənglərə də qarşı  maraq duymağa başlayırlar. 10 yaşından əvvəl ümumiyyətlə qırmızı sevən uşaqlar, 10 yaşından sonra başqa rənglərə də yönəlməyə başlayırlar. Uşaq psixologiyasını anlamaqda rənglər böyük əhəmiyyət daşıyır, ancaq uşaqların rəng seçimlərinin 4 yaşından sonra hər hansı bir məna ifadə etdiyini də unutmamaq lazımdır.

Mavi rəngi sevən və şəkil çəkərkən maviyə  üstünlük verən uşaq, duyğularını daha yaxşı ifadə edir. Sarı rəngi seçən uşaq xoşbəxtdir. Qəhvəyi rəng seçimi isə uşağın pessimist olduğuna işarədir. Bənövşəyi rəngi seçən uşaq, valideynlərinin dəstəyinə daha çox ehtiyac duyur. Yaşıl rəngi seçən uşaq mülayim və xoşbəxtdir. Qırmızı rəngi şərh edərkən isə diqqətli olmaq lazımdır. Çünki qırmızı rəng həm təhlükəni, həm də güvəni təmsil edir.

Məktəbəqədərki dövrdə uşaqların istifadə etdikləri rənglərin əksəriyyətinin həqiqətlə əlaqəsi olmur. Yəni uşaqlar mavi yarpaq, qırmızı bulud, çəhrayı günəş çəkə bilərlər. Bunun səbəbi isə sevdikləri rəngləri seçmələridir.

Uşağınızın paltar seçimində üstünlük verdiyiniz rənglərə də diqqət etməyiniz  lazımdır. Məsələn, gündüz vaxtı canlı rənglər istifadə etməyiniz onların daha enerjili və şən olmalarını təmin edir. Gecə isə yuxuya getməsini asanlaşdırmaq üçün mavi, yaşıl kimi solğun rənglər seçməyiniz daha uyğun olar.

Uşaqların rəng seçiminə təsir edən  digər bir faktor da onların cinsiyyətləridir. Qız uşaqları daha çox çəhrayı, açıq rənglərə üstünlük verirlər. Oğlan uşaqları isə mavi, qara kimi rənglər  seçirlər. Bunları əsas tutan  oyuncaq firmaları da  qız uşaqlarına daha canlı və rəngli, oğlan  uşaqları üçün daha tünd rəngli oyuncaqlar istehsal edirlər.

Mənbə: sevgilibebek.com

 

Uşaq vaxtından əvvəl danışmağa başlayarsa…

hiperleksiyaBir uşağın vaxtından əvvəl danışmağa başlaması, 3 yaşında oxumağı və yazmağı öyrənməsi, kiçik yaşda riyaziyyata həddindən artıq maraq göstərməsi onların valideynləri üçün çox sevindirici haldır. Onlar uşaqlarının ağıllı olduğunu düşünürlər. Bəs görəsən bu vəziyyət dil və danışma pozuntusunun əlaməti ola bilər mi?

Təəssüf ki, uşaqların bəzi sindromlar və xəstəliklərlə üzləşməsi artmağa başlayıb. İlk zamanlar çox diqqət çəkməyən və hətta yuxarıda bəhs etdiyimiz müsbət görünən təsirlədən dolayı sevindirici olan bu davranışların, zamanla bir sindromun xəbərçisi olduğunu görə bilirik. Bu sindromlardan biri də hiperleksiyadır.

Hiperleksiya nədir?

Zamanından əvvəl inkişaf edən oxuma bacarığı ilə birlikdə görünən dil problemləri, sosyallaşmaqda və öyrənməkdə çətinlik çəkən qrupa verilən ad hiperleksiya adlanır. Bu tip uşaqların valideynləri bizə müxtəlif şikayətlər və diaqnozlarla müraciət edirlər. Bu diaqnozlar arasında auitizm, davranış pozuntuları və problemlərini saya bilərik. Hətta bu uşaqlar arasında üstün qabiliyyətli uşaqlar da var. Hiperleksiya olan uşaqlarda erkən oxuma qabiliyyəti əzbərləməklə əlaqəlidir. Yəni uşaqlar oxuduqlarını başa düşməkdə çətinlik çəkirlər.

Hiperleksiyanın əlamətləri nələrdir?

Əksərən oğlan uşaqlarında görürən bu sindromun ən diqqət çəkən əlaməti erkən yaşda sözləri tanımaq və oxumağa başlamaqdır.

Bu uşaqlar gördükləri sözü sürətli şəkildə əzbərləyirlər. Əlifbanı və saymağı erkən yaşda öyrənirlər.  Yaşıdları ilə vaxt keçirmək əvəzinə  yetkin şəxslərlə birlikdə olmağı və onları dinləməyi seçirlər. Yaddaşları çox güclüdür. Sözlərdən çox təsirlənirlər, televiziyadakı söz oyunlarını izləməkdən həzz alırlar.

Bu əlamətlər yüksək zəka əlaməti kimi görünsə də, zaman irəlilədikcə və uşaqda bəzi dil problemləri ortaya çıxdıqca valideynlər narahatlıq keçirirlər. Bu zaman isə  autizm olduğuna dair  şübhələr yaranır. Autizm ilə hiperleksiya arasındakı fərqi anlamağın ən asan yolu isə, sözlərdir. Uşaq əgər sözlərdən təsirlənir və həssas davranırsa, bu hiperleksiya xəbərçisidir.

Hiperleksiyanın müalicəsi necə olur?

Pedaqoq və ya psixoloq hiperleksiya diaqnozu qoyduqdan sonra, uşağın inkişaf dövrü ərzində ona davranış inkişaf üsulları tətbiq olunmalıdır. Bu üsullar ana və ataya izah edilir. Tətbiq edilən üsullarla böyüyən uşaq, yetkin həyatında da hiperleksiyadan qaynaqlanan problemlər yaşamayacaq.

Bu uşaqların sosyallaşa bilməsi üçün şərait yaradılması da vacibdir. Digər uşaqlar kimi normal məktəbə davam edə bilərlər, lakin təhsillərində kiçik dəyişikliklər oluna bilər.

Mənbə: sevgilibebek.com

Uşaq otaqları necə dizayn edilməlidir?

Uşaq-otağı-şəkil-1-phXVIII əsr fransız maarifçisi Jan Jak Russo “Uşağınızdan müdrik bir insan yetişdirmək istəyirsinizsə, onun dəcəlliyini məhv etməyin” deyir. Bir uşağın özünü rahat hiss etməsi və sərbəst davranması üçün  şəxsi otağının olması çox vacibdir. Burada vacib olan digər məsələ isə həmin otağın necə dizayn olunmağıdır.

Valideyn Şadiyə Qasımova övladı kiçik olduğundan, otağı dizayn edərkən övladının fikrini soruşmadığını deyir:

“Uşaqların fikirləri çox önəmlidir, amma mənim fikrim ondan da önəmlidir, çünki o uşaqdır, hələ həyatı tam dərk etmir. Otağı mütəxəssis köməyi olmadan özüm dizayn etmişəm. Çalışmışam ki, otaqda uşağın diqqətini yayındıran çox əşya olmasın. Uşaqların rahat şəkildə yazı yazması üçün otaqda, ilk növbədə, stol-stulun olması vacibdir. Onların sağlamlığı üçün otaq rütubətli olmamalıdır”.

Balaca Məhəmmədəlinin babası Şamil Hüseynov  isə uşaq otaqlarında işıqlandırma və divar kağızının rənginin mütləq nəzərə alınmalı olduğunu deyir. Onun fikrincə, otağı dizayn edərkən uşağın fikrini tətbiq etmək əvəzinə onu istiqamətləndirmək lazımdır:

“Yaxşı olardı ki, uşağın ədəbiyyata, incəsənətə marağını artırmaq üçün otaqlar dizayn edilərkən  bəstəkarların, şair və yazıçıların şəkillərinə üstünlük verilsin. Uşaq hər hansı bir dahinin yolundan getməlidir. Bunun üçün otaqda Mirzə Ələkbər Sabir kimi şairlərin, Cəlil Məmmədquluzadə kimi yazarların, Heydər Əliyev kimi dahi şəxsiyyətlərin portretlərindən istifadə edilməlidir”.

Məsələyə peşəkarların münasibətini öyrənmək üçün uşaq psixoloqu Vəfa Əkbərin fikirlərini soruşduq. Şəxsi otağı olan uşaqların daha müstəqil olduğunu  və hadisələrə obyektiv yanaşmağı bacardığını deyən psixoloq bu məsələdə dizaynın önəmindən danışdı:

 “Psixologiyada fərdi ərazi deyə bir anlayış var. Bir insana uşaqlıqdan nə qədər ərazi verilibsə, onun fərdi ərazisi o qədər olacaq. Şəxsi ərazisi olan uşaq öz ərazisini qoruduğu kimi başqasının ərazisinə də heç bir zaman müdaxilə etmir. Həmin ərazinin, yəni uşaq otağının dizaynına gəldikdə isə uşağın fikri öyrənilməlidir. Birdən-birə onun əvəzinə valideyn qərar verdikdə uşaq özünü pis hiss edəcək. Otaqları dizayn edərkən qıcıqlandırıcı rənglərdən istifadə etmək olmaz. Elektra rənglər göz qamaşdırdığından onlar uşağın psixikasına birbaşa aqressiv formada yazıldığı üçün uşaqları aqressiv və səbrsiz edə bilər. Solğun, sakit rənglər uşaqlara daha müsbət təsir edir”.

Bəs, görəsən, uşaq otaqlarını dizayn edərkən valideynlər uşaqların fikri ilə yanaşı başqa nələrə diqqət yetirməlidirlər? Bununla bağlı interyer dizayn Ramin Kərimov bildirir ki, otağı dizayn edərkən uşağın yaşı nəzərə alınmalıdır:

Uşaq otaqlarında əşyaların yerləşməsi elə olmalıdır ki, uşaqlar otaqda sərbəst hərəkət edə bilsinlər. Əşyaların ölçüləri gərək otağa uyğun olsun. Uşaq otaqlarında, əsasən, açıq rənglərə üstünlük verilməlidir. Divarın bir hissəsi dekor, digər tərəfləri isə saya rəngdə ola bilər. Otağı geniş göstərən iki nüans var: divar kağızı və işıqlandırma. Buna görə də, divar kağızı seçimində açıq rənglərə üstünlük verilməli, otağın daha aydın olması üçün spot işıqlardan istifadə edilməlidir”.

Əksər uşaqlar günün yarıdan çox hissəsini bağçalarda keçirir. Bu səbəbdən, bağçalarda da dizayn məsələsinə xüsusi qayğı ilə yanaşılmalıdır. Uşaq bağçasının direktoru, pediatr Şəlalə Orucova otaqların dizaynında uşaqların təhlükəsizliyinin onlar üçün xüsusi önəmi olduğunu vurğulayır:

“Uşaqlar hazırda qruplara bölünmüş halda otaqlarda yerləşdiriliblər. Otaqlarda stolun uclarına xüsusi diqqət yetiririk, pəncərə qarşısında uşaqların diqqətli olması üçün xüsusi bir maneə var. Uşaqların gözünü yormamaq şərtilə otaqlar rəngarəng olmalıdır. Otaqlar elə dizayn edilməlidir ki, uşaq nə yorulsun, nə də ki, ərköyün olsun.

Uşaqların rahat kitab oxuması üçün oxu guşəmiz var. Qızlar üçün nəzərdə tutulan guşələr oğlanlar üçün nəzərdə tutulan guşələrdən tamamilə fərqli olur. Kitablar elə yerləşdirilməlidir ki, uşaqlar kimsədən yardım almadan onu götürüb oxuya bilsinlər. 2-3 yaşarası uşaqlar üçün isə tərbiyəçi kitab oxuyur, onlar isə dinləyirlər.

Yataq otaqlarında çarpayılar arasındakı məsafə, pəncərəyə yaxın olub-olmaması, gün işığının düşmə bucağı və s. bu kimi məsələlərə diqqət yetirilməlidir. Biz çalışırıq ki, döşək, yastıq, yorğan üzləri anti-allergik materilallardan olsun. Uşaqların yaradıcılıq qabiliyyətini artırmaq üçün isə otaqlarda xüsusi oyun meydançalarımız var”.

Qeyd edək ki, uşaq otaqlarının dizaynında önəmli cəhətlərdən biri də məhz oyuncaqlardır. Oyuncaq almadan öncə onların yarlığını oxumaq, yaş uyğunluğu, materialı və formasına xüsusi diqqət yetirmək lazımdır. Dünya təcrübəsi göstərir ki, uşaqların təhlükəsizliyi üçün onlar asanlıqla sınan materialdan olmamalıdır. Buna görə də, plastik, rezin, taxta kimi materiallardan hazırlanan yuvarlaq oyuncaqlara  üstünlük verilməlidir.

Disleksiya ilə bağlı valideynləri narahat edən suallar

dislessia-3Əziz valideynlər, siz belə ifadələri tez-tez eşidirsiniz və deyirsiniz – “Mənim uşağım hərfləri tanımır. Öyrədirəm, yaddan çıxarır” və ya “Hərfləri bilir, amma oxuya bilmir”, “Oxuya bilir, amma oxumaq istəmir”. Bu, disleksiyadır.

Disleksiya nədir? İnsan dünyaya gəldiyi andan etibarən yaşamının hər anına uyğun müəyyən fəaliyyətləri yerinə yetirir; iməkləyir, yeriyir, danışır, oyun oynayır, məktəbə gedir və s. Bütün bunlar hər bir ata və ananın öz övladlarından gözlədiyi normal fəaliyyətlərdir. Lakin bəzi uşaqlarda bu adi hesab etdiyimiz fəaliyyətlərin yerinə yetirilməsi daha gec bir zamanda baş verir. Bu da onlarda disleksiya adlanan öyrənmə pozuntusunun olduğunu göstərir. Disleksiya dinləmə, danışma, oxuma, yazma, fikir yürütmə və riyazi qabiliyyətlərin qazanılması və istifadəsi zamanı yaranan çətinliklərlə özünü göstərən öyrənmə pozuntusudur.

Disleksiya ilə bağlı valideynləri ən çox narahat edən SUALLAR:

1. Mənim uşağım disleksiyadır, növbədə məni nə gözləyir?

2. Mən uşağıma necə dəstək göstərə bilərəm?

3. Uşağımı başqa mütəxəssisə aparmalıyammı?

4. Uşağım oxumağı, yazmağı, riyazi hesablamaları bacarmağı necə tez öyrənə bilər?

5. Evdə öyrətmək üçün tapşırıq olaraq nəyi necə işləyim?

6. Uşağımın diqqətini necə toplaya bilərəm?

7. Mən uşağımın inkişafı ilə bağlı məktəbdə (bağçada) müəllimələrdən nə soruşmalıyam?

8. Mən uşağıma necə izah edim kişi/qadını?

9. Mənim uşağım oxuya biləcəkmi, məktəbə gedə biləcəkmi?

10. Universitetdə oxuya biləcəkmi?

CAVABLAR:

1. Bunun üçün disleksiya ilə bağlı araşdırmalar aparın, məlumatlanın.

2. Uşağınızın şikayətlərinə, qorxularına, narahatlıqlarına hər zaman qulaq asın. Onunla danışın. Empati qurun. Onun kimi düşünməyə çalışın. Hər zaman pozitiv olun. Oyunla kömək etməyə çalışın. Çünki OYUNLA TƏLİM bizim beynimizdə öyrənmənin ən sevimli yoludur.

3. Bu cür uşaqlara kompleks yanaşma önəmlidir. Məhz elə buna görə də loqoped, psixoloq, pedaqoqa, idman məşğələlərinə yazılmaq məsləhətdir.

4. Bu, uşağın inkişaf göstəricisinə görə nəzərə alınacaq amillərdəndir. Nə qədər tez aşkar edilib, üzərinə düşülsə, erkən müdaxilə ilə daha çox müsbət nəticə əldə etmək olar.

5. Valideynlər öz uşaqları üçün ən yaxşı müəllim və müəllimədirlər. Çünki onlar öz uşaqlarını başqalarına nisbətən daha yaxşı bilir və daha çox sevirlər. Ən yaxşı müəllim valideynlərin özləridir. Ona görə də ən əsası evdə uşağınız üçün vaxt cədvəli qurun. Səhər oyanması, diş yuması, dərs etməsi və s. öncədən planlaşdırın.

6. Bunun üçün dərs keçəcəyiniz yeri elə seçməlisiniz ki, diqqəti dağıdacaq əşya çox olmasın. Yaxşı olardı ki, tapşırığı 20 dəqiqəlik fasilə ilə işləyəsiniz. Arada fasilə verərək, sevdiyi bir əşya ilə oyun qurmaq uşağı dərsi öyrənməyə motivasiya edəcək.

7. Uşağın müəlliməsi ilə görüşəndə problemi ilə bağlı onu məlumatlandırın. Çünki müəllimin məlumatlı olması uşağın tərəqqisi üçün önəmli meyardır.

8. Uşağın başa düşməsi və anlaması artdıqca bunu izah etmək asanlaşacaq.

9. Bəli, məktəbə gedə bilir. (məktəbə gedən, məktəbdə oxuyan disleksiyalı pasientlərim çoxdur) Sadəcə dərs müddətində sinif yoldaşlarından geri qalmamaları üçün onlara əlavə müəllim dəstəyi vacibdir.

10. Əgər mütəmadi dəstək olunsa, istər ailə, istərsə də oxumağı ilə bağlı üstün nəticələr əldə edə bilər. Çünki istər Azərbaycanda, istər xarici ölkələrdə dislektik uşaqlarla bağlı araşdırmalar apardığım zaman onların uğurlarıyla bağlı müsbət məlumatlara çox rast gəlmişəm. Məhz bunları eşidib görmək biz mütəxəssislərə onu deməyə əsas verir ki, dislektik uşaqlar uğura çata bilərlər.

Loqoped Bəsirə Pənciyeva

Uşaqlarda öyrənmə vərdişlərini inkişaf etdirməyin yolları

imtahan-e1500280290952Uşaqların ətraf aləmi dərk etməyə başlaması ilə onlarda ilkin öyrənmə vərdişləri formalaşmağa başlayır. Bu vərdişlərin inkişaf etdirilməsi isə peşəkar tədris və ailənin diqqətindən asılıdır.

Pedaqoq Fidan Qarayeva deyir ki, öyrənmə vərdişlərinin inkişaf etdirilməsi üçün tətbiq olunan məşğələlərdə mütləq yaş amili nəzərə alınır:

“Hər yaş qrupunun özünə uyğun məşğələləri var. Məsələn 2-3 yaş aralığında uşaqlara rəsm və sensor məşğələlər tətbiq olunur. Daha yuxarı yaşlarda isə bu məşğələlər  riyazi təsəvvürlər və savad təliminə yönəlmiş məşğələrlə əvəzlənir”.

Pedaqoq yaş amilinin həm də tədrisin metodikasına təsir etdiyini və bu mərhələdə valideynin də rolunun olduğunu vurğulayır :

“2-3 yaş aralığında uşaqların diqqətini daha çox rənglər, musiqilər çəkirsə, 4-6 yaş arası uşaqların diqqətini isə adətən personajlar, qəhrəmanlar və müxtəlif oyunlar çəkir. Tədris mərhələsində uşaqların diqqətini məzkəzləşdirmək üçün bu amil mütləq nəzərə alınır. Bu mərhələdə valideynlər daima müəllimlə birgə çalışmalıdır. Müəllimlər uşağın bacarıq və qabiliyyətləri barədə valideyni məlumatlandırmalı, valideyn də uşağın gələcəyi ilə bağlı planlarını buna əsasən müəyyənləşdirməlidir”.

Öyrənmə vərdişlərinin qazanılması zamanı uşaqlarda rast gəlinən  problemlərdən biri də diqqətin yayınmasıdır. Psixoloq Günel Məhərrəmli uşaqların diqqətinin yayınmasının səbəblərinin müxtəlif olduğunu deyir:

“Bu mərhələ elə bir yaş dövrünə təsadüf edir ki, həmin vaxt istənilən bir şey uşağın diqqətini yayındıra bilər. Xüsusən də planşet, kömpüter, telefon və s. uşaqların diqqətini mərkəzləşməsinə mane olur. Buna görə də həmin dövrdə bacardıqca  bu əşyaları uşaqlardan uzaq tutmaq lazımdır.  Bundan əlavə uşağı qətiyyən öz yaşıdı ilə müqayisə etmək olmaz. Başqasını uşağa nümunə çəkərək onu ruhlandırmaq lazım deyil, çünki belə halda uşağın diqqəti müqayisə edildiyi həmin uşağa yönələcək və hətta bir müddət sonra ona qarşı ikrah hissi yaranacaq”.

Bu dövrdə uşağın psixologiyasının zərər görməməsi üçün valideynlərin diqqətli davranmalı olduğunu deyən psixoloq, valideynin öz uşağının qavrama qabiliyyətinə bələd olmasının vacib olduğunu deyir:

“Valideyn bilməlidir ki, onun uşağının potensialı nədir və onun qavrama qabiliyyəti nəyə qadirdir.Valideyn uşaqdan öz istəklərini deyil,onun bacara biləcəklərini tələb etməlidir. Humanitar bilikləri öyrənməyə meyilli bir uşaqdan texniki bilikləri öyrənməyi tələb etmək yanlışdır. Bu zaman uşaq heç nə öyrənə bilməyəcək və bir müddət sonra ruhdan düşərək, dərslərdə uğursuz olacaq”.

Uzun illərdir inkişaf etmiş ölkələrin təhsil sahəsində tətbiq olunan və son illərdə Azərbaycanda da üstünlük verilən “after school”- məktəbdən sonra tədris proqramları da uşaqlarda öyrənmə vərdişlərinin inkişaf etdirilməsinə xidmət edir. After school  proqramının müəllimi  İlhamə  Qarayeva bu tədrisin uşaqların təhsil prosesinə uyğunlaşmasına  kömək etdiyini deyir:

“Məktəbdən sonra tədris uşaqları ağırlaşan dərs yükünə uyğunlaşdırmağa xidmət edir. Bağçadan birbaşa məktəbə keçid edən uşaqlara dərslərin mənimsənilməsində mütləq əlavə kömək lazım olur. Xüsusən də valideynlərin hər ikisinin işlədiyi ailələrə bu məsələdə bu cür tədris proqramları kömək edir. Burada uşaqlara təkcə məktəb dərsləri öyrədilmir, onlar burada həm oynayır, həm də kollektiv mühitə uyğunlaşırlar. Bu isə öz növbəsində uşaqların motivasiyasına birbaşa təsir edir”

“2-4 yaşında övladınız varsa, divarlarınızın gözəl qalacağını düşünməyin”

Children_draw_1Rəsm çəkmək əksər uşaqların sevimli məşğuliyyətidir. Müəyyən yaş dövründə uşaqlar hətta divar kağızına, döşəməyə də rəsm çəkməyə başlayırlar. Bəzi valideynlər buna qadağa qoysalar da, bəziləri qadağanın əleyhinədir. 

Müsahibim Kəramət Həsənəmirovanın sözlərinə görə, övladı 2-3 yaşından divar kağızlarını yazmağa başlayıb. Kəramət xanım belə rəsmlərə övladının əl işi kimi yanaşır və müdaxilə etməyi sevmir:

“Bəzən başa salanda ki, “divarı çox yazma, xarab olur”,  şəkli  A4 kağınıza çəkir və maqnitlərlə soyuducunun üstünə yapışdırır. Rəsm dərslərinə getsə də, divar kağızına çəkdiyi rəsmlər, vərəqlərə çəkdiklərindən daha çoxdur. Özüm müəlliməyəm, bilirəm ki, bu elə bir davranışdır ki, sonra həmin uşaq  rəssam da ola bilər. Ona heç bir qadağa qoymuram. Uşağa çox şeyi yasaq edəndə o, sərbəst böyümür”.

Esmira Əsgərova isə, övladına yazı lövhəsi və albom almaqla vəziyyətdən çıxış yolu tapdığını söyləyir:

“Övladım əlinə təzə-təzə qələm-karandaş götürəndə, təxminən 4 yaşında divar kağızını yazıb. Hərdən də süfrəni yazırdı. Amma sonra  bunun qarşısını aldım başa saldım ki, yazmaq olmaz. Bir-iki dəfə icazə vermədim, yazmağı dayandırdı. Onun üçün yazı lövhəsi, albom aldım. Yazmaq, çəkmək istəyəndə onlardan istifadə edir ”.

İki övladı olan Rəşad Qarayevin ailəsində də bu hal istisna olmayıb. Rəşad bəy də çarəni rəsm dərnəklərində görənlərdəndir:

 “Təxminən 3 yaşından 5 yaşa qədər oğlumda dəfələrlə bu hal təkrarlanıb. 6 yaşından məktəbə gedəndən sonra isə, başa düşüb ki, bunu etmək heçə də yaxşı deyil. Divar kağızını yazmasıyla bağlı ona sərt davranmamışıq. Hazırda onun əl qabiliyyəti çox yaxşıdır, rəsm  dərsindən “5” alır”.

 “İndigo” Uşaq Bağçasının meneceri və “Bağçam” uşaq bağçaları şəbəkəsinin Uşaq İnkişafı üzrə Koordinatoru, uşaq psixiatrı Vəfa Şirinovanın sözlərinə görə, uşaqlar adətən 2 yaş yarımdan  sonra ətrafı kəşf etməyə, gördüklərini, hiss etdiklərini rəsm vasitəsi ilə ifadə etməyə başlayırlar:

divar_reng_ushaq“Onlar həyatı bizim  gördüyümüz kimi deyil,  hər şeyi daha böyük görürlər. Uşaqların hər gün rastlaşdığı yenilik, yaşadığı emosiya və hisslərin  fonunda biz onlara balaca  vərəq veririk ki, “al burada çək”. Uşaq da düşünür ki, bu vərəq ona kifayət etməyəcək və ona daha böyük yer lazımdır. O yerlərdən biri döşəmədir. Döşəmədə yazmaq onlara zövq verir, çünki onlar həm yerdə  yazır, həm də gəzirlər. Bir müddətdən sonra isə  uşaq başa düşür ki, rəsm çəkmək üçün daha gözəl bir yer var, o da evin divarlarıdır. Divar kağızının üstündə hansısa rəsm görəndə uşaq elə düşünür ki, o da divarda şəkil çəkə bilər və yaxud, divarda heç bir rəsm olmadıqda isə fikirləşir ki, “nə gözəl, divarda heç bir şəkil yoxdur” və qələmlə orda nəsə çəkməyə başlayır. Rəsm çəkmək üçün böyük sahənin olması uşağı sevindirir. Uşaqlar adətən bunu valideynin fikrinin yayındığı vaxtda,  gizlincə, qapalı otaqlarda  edirlər. Valideynin gözü qarşısında çox nadir hallarda divarda şəkil çəkirlər. Çünki uşaqlar çox gözəl bilir ki, valideyn bundan narazı olacaq”.

Vəfa Şirinova bildirir ki, bəzi valideynlər uşaqlara “Nə etdin sən? Nəyə görə etdin? Sən başa düşürsən, bu divar kağızının qiyməti neçəyədir? Sən başa düşürsən ki, divarı necə korladın?”, deyə uşaqları danlayırlar. Onun sözlərinə görə,  bu cür reaksiya vermək doğru deyil:

“Uşaq bunu başa düşmür, çünki o, uşaqdır. Bunu etdiyinə görə uşağı danlamaq düzgün deyil, çünki, sanki, biz uşağı uşaq olduğuna görə tənbeh edirik. Uşağa həmin vaxt qışqırmaq, onu qorxutmaq, bacarığına əngəl olmaq olmaz, çünki bəlkə də o gələcəkdə gözəl rəsm əsərləri çəkən rəssam ola bilər. Qoyulan qadağa, ananın sərt davranışı, atanın qəzəbi onun bu “qanadlar”ını qıra bilər”.

Vəfa Şirinova qeyd edir ki, 2-4 yaşında övladınız varsa, yaxşı olar ki, həmin vaxt divarların gözəl qalacağını düşünməyəsiniz. Uşağın özünü daha rahat ifadə edə bilməsi üçün otağının bir divarını rəsm çəkmək üçün ayırsanız gözəl olar:

“Əgər uşağın ayrıca otağı yoxdursa, ümumi otaqdırsa, divara böyük bir panno asa bilərsiniz. Digər bir üsul isə, uşağa rəngli təbaşir alırsınız və  onunla birgə həyətə düşürsünüz ki, uşaq yaradıcılığını asfaltda əks etdirə bilsin. Valideyn  uşağa  başa salmalıdır ki, uşağa qadağalar qoymur, ona sadəcə hər hansı qaydalar göstərir ki, bu qaydalar daxilində o sərbəst ola bilər. O,  uşağa  şərait yaradıbsa, nəzarət etməlidir ki, bu şərait daxilində övladının istəkləri həyata keçirilsin. Onu çox da əzizləmək olmaz. Çünki, gələn dəfə o, ictimai yerə və ya qonaq getdiyi evin divarına qələm və ya karandaşla nəsə yaza, şəkil çəkə və bu qınağa səbəb ola bilər. Amerikalı sehrbaz  Robert Orben sitatlarının birində belə deyib : “Uşaqlarınıza özlərini cəmiyyətdə ləyaqətli aparmağı öyrədin. Amma ilk növbədə uşaqlar üçün doğru cəmiyyət yaradın”. Ona görə də qonaq gedəndə və ya ictimai yerdə olanda uşağa qaydalar qoymazdan əvvəl bu qaydalar evdə də tətbiq olunmalıdır”.

Uşaq psixiatrı Vəfa Şirinovanın sözlərinə görə, adətən uşaqların divar kağını yazması  3,5-4 yaşa qədər davam edir. Bağçalarda da bu  hallar tez-tez yaşanır:

“İndigo” uşaq bağçasında hər gün uşaqların  həyət saatları olur və onlara rəngli təbaşirlər paylayırıq ki, həyətdə gözəl sənət əsərlərini yaratsınlar. Bundan əlavə  uşaqların albomları da var ki, istədikləri vaxt ora rəsm çəkə bilirlər. Həm də, “Bağçam” uşaq bağçaları şəbəkəsinə daxil olan bağçalarda  gün rejimi elə tənzimlənib ki, uşaq sərbəst vaxtının nə zaman olacağını, rəsmi nə vaxt çəkəcəyini bilir”.

Qeyd  edək ki, İngiltərənin gündəlik qəzeti Daily Mail-in 2014-cü ildəki araşdırmasına görə,  hər 10 valideyndən 4-ü divar kağızının yazılması ilə qarşılaşır. Sorğuda iştirak edən valideynlərin bəziləri bununla bağlı psixoloq məsləhəti aldığını, digərləri isə uşaq psixologiyası ilə bağlı kitablardan və ya saytlardan yararlandıqlarını qeyd edirlər.

 

 

Uşağınıza erkən yaşda kitab oxumağa başlayın

kitab_oxumaKörpənizin kitabları yalnız dişləmək üçün bir vasitə olaraq gördüyünü düşünürsünüzsə, yanılırsınız. Siz ağlınıza da gətirməzsiniz ki, uşaqlar həqiqətən də kitablardan bir çox şey öyrənə bilərlər.

Bagcam.az Ailem.az-a istinad’n uşaqlara kitab oxumağın faydalarını təqdim edir.

Belə ki, 6 aylıqdan 4 yaşlarına qədər nəzarət olunan 250 ana-uşaq cütü ilə araşdırma aparılıb. Araşdırma çərçivəsində anaların həftədə neçə gün uşaqlarıyla səviyyəli şəkildə oxu ilə məşğul olduqları öyrənilib. Səviyyəli oxuma dedikdə isə hekayə oxuyaraq kitabdakı şəkilləri göstərmək nəzərdə tutulur. Araşdırmanın nəticələrinə görə, erkən oxumağa başlamaq uşaqların oxuma-yazma inkişafını yaxşılaşdırır. Həmçinin bu, yalnız oxumaqla deyil, ana və uşağın qurduğu sağlam və uzun müddətli əlaqə ilə də bağlıdır. Belə uşaqlar həm də danışmağı daha tez öyrənirlər.

Pedaqoqlar və mütəxəssislər valideynlərlə olan əlaqələrində tez zamanda oxumanın əhəmiyyətini vurğulayırlar. Çünki uşaqların oxumayla əldə etdikləri tez danışma bacarığı və oxuma-yazmanı öyrənmələri onların akademik göstəricilərini də artırır.

 

Uşaqlar üçün “Məktəbli Yay Düşərgə”si fəaliyyətə başlayıb

Mütəxəssislər uşaqların yay tətilinin onların gələcək fəaliyyətlərinə təsir etdiyini söyləyirlər. Tətilin maraqlı və səmərəli təşkili uşaqların növbəti mövsümdə daha enerjili olmasına kömək edir. “Məktəbli Klubu” bu məqsədlə “Məktəbli Yay Düşərgə”si təşkil edib.

“Bizim əsas məqsədimiz  uşaqlara həm istirahət, həm də öyrədici proqramlar təşkil etməkdir” deyən “Məktəbli Klubu”nun rəhbəri Ləman Hüseynli düşərgənin fəaliyyəti haqqında  Bagcam.az-a məlumat verib:

“Uşaqlarımız gündəlik proqram əsasında hərəkət edirlər. Onları qrup rəhbərləri  gündəlik proqrama əsasən bölüşdürür. Uşaqlar səhər servislərlə düşərgəyə daxil olub, yerləşirlər. Hər qruplar öz fəaliyyətləri üzrə otaqlarına yerləşdikdən sonra müəllimlər sayəsində toplanırlar və himn oxuyurlar. Sonra uşaqlarımızın səhər gimnastikası olur. Gimnastikamızı keçdikdən sonra isə qidalanmamız olur”.

Səhər yeməyindən sonra günlük proqrama uyğun olaraq uşaqlara rəqs, gimnastika, kapoeyra, üzgüçülük kimi dərslər peşəkar müəllimlər tərəfindən öyrədilir.

Düşərgədə uşaqlarla maraqlı oyunlar təşkil edən şəxsi inkişaf üzrə təlimçi Tofiq Sadıqov oyunların faydasından söhbət açıb:

“Uşaqlar buraya əylənməyə, dincəlməyə oynamağa gəliblər. Mənim payıma düşən hissə uşaqlarla oyun keçirtməkdir. Bu, komanda oyunlarıdır. Biz komanda  oyunları çərçivəsində uşaqlarla həm qalib olmaq, həm udmaq, uduzmaq, sağlam rəqabət, yarışmaq, komanda tərtib etmək qaydalarını öyrənirik. Bu da uşaqlara həm əyləncə verir, həm də onlar əylənərək öyrənirlər. Həm də bu rəqabət hissi onları inkişaf etməyə, daha da yaxşı hazırlaşmağa sövq edir”.

Yay tətilini əylənərək, öyrənərək, dincələrək keçirən Ləman və Turan isə düşərgədə keçirdikləri günlərdən danışıblar:

Ləman Aysamova – “Müəllimlərimiz çox yaxşıdır, onlar bizə rəqs etməyi, ingiliscə danışmağı öyrədirlər”.

Turan Əziz – “Mən yay tətilimi “Məktəbli Yay Düşərgə”sində keçirirəm.  Burada biz şəkil çəkirik, oyunlar oynayırıq, üzgüçülükdə çimirik. Bura mənim çox xoşuma gəlir”.

Qeyd edək ki, Mərdəkan qəsəbəsində yerləşən “Məktəbli Yay Düşərgə”si həftə içi  5 gün,  səhər saat 09:00-dan axşam saat 18:00-a qədər fəaliyyət göstərir.

Əziz valideynlər, əgər siz də övladınızın yay tətilini təhlükəsiz və rahat mühitdə əylənərək, həm də öyrənərək keçirməsini istəyirsinizsə, “Məktəbli Yay Düşərgəsi”nə  müraciət  edə bilərsiniz. Düşərgə yay mövsümünün sonuna qədər davam edəcək.

Əlaqə nömrəsi: (+994) 70 264 50 12

 

Uşaqla doğru ünsiyyət qurmağın 6 yolu

unsiyyetUşaq tərbiyə edərkən  onunla qurduğunuz ünsiyyət forması çox əhəmiyyətlidir. Bu ünsiyyət formasının, həyat boyu onunla qurulacaq əlaqənin təməlini təkil edəcəyini söyləyən mütəxəssislər, doğru ünsiyyətin 6 qızıl qaydasını açıqlayıblar.

Bagcam.az  həmin qızıl qaydaları təqdim edir:

  1. Əvvəlcə uşağınızı yaxşı dinləməyi öyrənməlisiniz. Onu dinləyirmiş kimi etməyin, bunu dərhal hiss edəcək. Əgər bir işiniz varsa, bir az gözləməsini və birazdan onu qulaq asacağınızı söyləyin.
  2. Səhv hərəkət etsə belə, o haqda danışmamışdan əvvəl onun müsbət keyfiyyətlərindən bəhs edin. Beləliklə, ona qarşı sevginizin əskilmədiyini hiss etdirəcəksiniz. Müsbət keyfiyyətlərindən sonra isə mənfi hərəkətlərindən danışıb həll yollarını birgə tapmalısınız.
  3. Gün ərzində ona yaşına uyğun işlər tapşırın. Etdiyi hər işə görə isə ona təşəkkür etməyi unutmayın.
  4. Söz verdiyiniz şeylərə mütləq əməl edin. Əks halda sizə qarşı güvəni azalacaq.
  5. Onu sevdiyinizi dilə gətirməlisiniz. Sevgiylə böyüyən bir uşaq həyata qarşı daha güclü olur.
  6. Ana və ata olaraq hər axşam övladınızla xüsusi təkrarlanan fəaliyyətlər planlayın. Bir uşaq üçün ananın yeri ayrı, atanın yeri ayrıdır. Bu səbəblə bir-birinizin rollarını almaq üçün səy göstərməyin. Hər axşam sizinlə ən az bir şey edəcəyini bilməsi onu xoşbəxt edər, rahatlaşdırar və əlaqənizi gücləndirər.

Mənbə: e-psikiyatri.com

Əkizlər haqqında maraqlı faktlar

ekizOnlar dünyaya cüt gəlirlər. Başqa uşaqlardan əsas fərqləri də elə budur. Amma başqa fərqlər də var. Bagcam.az Ailem.az-a istinadən əkizlər haqqında bilmədiyiniz faktları təqdim edir.

  • Tək yumurta əkizlərinin barmaq izləri fərqlidir.
  • 100 əkizdən 22-si  solaxaydır.
  • Dünyada tək yumurta əkizlərinin ən çox doğulduğu ölkə Nigeriyadır. ABŞ-da Massaçusetsdə isə hər yüz doğumun beşində əkiz uşaq dünyaya gəlir.
  • Əkiz qadınların əkiz dünyaya gətirmə ehtimalı isə digər qadınlara nisbətən daha yüksəkdir.
  • Statistikaya görə, son 35 ildə dünyada əkiz doğumlarının sayı artıb. Qarşıdakı 40 il ərzində dünyada ümumi əkiz doğumlarının sayının daha da artacağı təxmin edilir.
  • Əkizlər ana dillərini öyrənənə qədər yalnız özlərinin anladığı bir dil yaradırlar və ana dilini öyrəndikdən sonra bu ortaq dili unudurlar.
  • Tək yumurta əkizlərini ayırmaq haradasa imkansızdır.
  • Genetik quruluşları fərqli olduğu üçün cüt yumurta əkizlərinin yarısının cinsiyyəti fərqlidir və bir-birlərinə heç bənzəməyə bilirlər.