“2-4 yaşında övladınız varsa, divarlarınızın gözəl qalacağını düşünməyin”

Children_draw_1Rəsm çəkmək əksər uşaqların sevimli məşğuliyyətidir. Müəyyən yaş dövründə uşaqlar hətta divar kağızına, döşəməyə də rəsm çəkməyə başlayırlar. Bəzi valideynlər buna qadağa qoysalar da, bəziləri qadağanın əleyhinədir. 

Müsahibim Kəramət Həsənəmirovanın sözlərinə görə, övladı 2-3 yaşından divar kağızlarını yazmağa başlayıb. Kəramət xanım belə rəsmlərə övladının əl işi kimi yanaşır və müdaxilə etməyi sevmir:

“Bəzən başa salanda ki, “divarı çox yazma, xarab olur”,  şəkli  A4 kağınıza çəkir və maqnitlərlə soyuducunun üstünə yapışdırır. Rəsm dərslərinə getsə də, divar kağızına çəkdiyi rəsmlər, vərəqlərə çəkdiklərindən daha çoxdur. Özüm müəlliməyəm, bilirəm ki, bu elə bir davranışdır ki, sonra həmin uşaq  rəssam da ola bilər. Ona heç bir qadağa qoymuram. Uşağa çox şeyi yasaq edəndə o, sərbəst böyümür”.

Esmira Əsgərova isə, övladına yazı lövhəsi və albom almaqla vəziyyətdən çıxış yolu tapdığını söyləyir:

“Övladım əlinə təzə-təzə qələm-karandaş götürəndə, təxminən 4 yaşında divar kağızını yazıb. Hərdən də süfrəni yazırdı. Amma sonra  bunun qarşısını aldım başa saldım ki, yazmaq olmaz. Bir-iki dəfə icazə vermədim, yazmağı dayandırdı. Onun üçün yazı lövhəsi, albom aldım. Yazmaq, çəkmək istəyəndə onlardan istifadə edir ”.

İki övladı olan Rəşad Qarayevin ailəsində də bu hal istisna olmayıb. Rəşad bəy də çarəni rəsm dərnəklərində görənlərdəndir:

 “Təxminən 3 yaşından 5 yaşa qədər oğlumda dəfələrlə bu hal təkrarlanıb. 6 yaşından məktəbə gedəndən sonra isə, başa düşüb ki, bunu etmək heçə də yaxşı deyil. Divar kağızını yazmasıyla bağlı ona sərt davranmamışıq. Hazırda onun əl qabiliyyəti çox yaxşıdır, rəsm  dərsindən “5” alır”.

 “İndigo” Uşaq Bağçasının meneceri və “Bağçam” uşaq bağçaları şəbəkəsinin Uşaq İnkişafı üzrə Koordinatoru, uşaq psixiatrı Vəfa Şirinovanın sözlərinə görə, uşaqlar adətən 2 yaş yarımdan  sonra ətrafı kəşf etməyə, gördüklərini, hiss etdiklərini rəsm vasitəsi ilə ifadə etməyə başlayırlar:

divar_reng_ushaq“Onlar həyatı bizim  gördüyümüz kimi deyil,  hər şeyi daha böyük görürlər. Uşaqların hər gün rastlaşdığı yenilik, yaşadığı emosiya və hisslərin  fonunda biz onlara balaca  vərəq veririk ki, “al burada çək”. Uşaq da düşünür ki, bu vərəq ona kifayət etməyəcək və ona daha böyük yer lazımdır. O yerlərdən biri döşəmədir. Döşəmədə yazmaq onlara zövq verir, çünki onlar həm yerdə  yazır, həm də gəzirlər. Bir müddətdən sonra isə  uşaq başa düşür ki, rəsm çəkmək üçün daha gözəl bir yer var, o da evin divarlarıdır. Divar kağızının üstündə hansısa rəsm görəndə uşaq elə düşünür ki, o da divarda şəkil çəkə bilər və yaxud, divarda heç bir rəsm olmadıqda isə fikirləşir ki, “nə gözəl, divarda heç bir şəkil yoxdur” və qələmlə orda nəsə çəkməyə başlayır. Rəsm çəkmək üçün böyük sahənin olması uşağı sevindirir. Uşaqlar adətən bunu valideynin fikrinin yayındığı vaxtda,  gizlincə, qapalı otaqlarda  edirlər. Valideynin gözü qarşısında çox nadir hallarda divarda şəkil çəkirlər. Çünki uşaqlar çox gözəl bilir ki, valideyn bundan narazı olacaq”.

Vəfa Şirinova bildirir ki, bəzi valideynlər uşaqlara “Nə etdin sən? Nəyə görə etdin? Sən başa düşürsən, bu divar kağızının qiyməti neçəyədir? Sən başa düşürsən ki, divarı necə korladın?”, deyə uşaqları danlayırlar. Onun sözlərinə görə,  bu cür reaksiya vermək doğru deyil:

“Uşaq bunu başa düşmür, çünki o, uşaqdır. Bunu etdiyinə görə uşağı danlamaq düzgün deyil, çünki, sanki, biz uşağı uşaq olduğuna görə tənbeh edirik. Uşağa həmin vaxt qışqırmaq, onu qorxutmaq, bacarığına əngəl olmaq olmaz, çünki bəlkə də o gələcəkdə gözəl rəsm əsərləri çəkən rəssam ola bilər. Qoyulan qadağa, ananın sərt davranışı, atanın qəzəbi onun bu “qanadlar”ını qıra bilər”.

Vəfa Şirinova qeyd edir ki, 2-4 yaşında övladınız varsa, yaxşı olar ki, həmin vaxt divarların gözəl qalacağını düşünməyəsiniz. Uşağın özünü daha rahat ifadə edə bilməsi üçün otağının bir divarını rəsm çəkmək üçün ayırsanız gözəl olar:

“Əgər uşağın ayrıca otağı yoxdursa, ümumi otaqdırsa, divara böyük bir panno asa bilərsiniz. Digər bir üsul isə, uşağa rəngli təbaşir alırsınız və  onunla birgə həyətə düşürsünüz ki, uşaq yaradıcılığını asfaltda əks etdirə bilsin. Valideyn  uşağa  başa salmalıdır ki, uşağa qadağalar qoymur, ona sadəcə hər hansı qaydalar göstərir ki, bu qaydalar daxilində o sərbəst ola bilər. O,  uşağa  şərait yaradıbsa, nəzarət etməlidir ki, bu şərait daxilində övladının istəkləri həyata keçirilsin. Onu çox da əzizləmək olmaz. Çünki, gələn dəfə o, ictimai yerə və ya qonaq getdiyi evin divarına qələm və ya karandaşla nəsə yaza, şəkil çəkə və bu qınağa səbəb ola bilər. Amerikalı sehrbaz  Robert Orben sitatlarının birində belə deyib : “Uşaqlarınıza özlərini cəmiyyətdə ləyaqətli aparmağı öyrədin. Amma ilk növbədə uşaqlar üçün doğru cəmiyyət yaradın”. Ona görə də qonaq gedəndə və ya ictimai yerdə olanda uşağa qaydalar qoymazdan əvvəl bu qaydalar evdə də tətbiq olunmalıdır”.

Uşaq psixiatrı Vəfa Şirinovanın sözlərinə görə, adətən uşaqların divar kağını yazması  3,5-4 yaşa qədər davam edir. Bağçalarda da bu  hallar tez-tez yaşanır:

“İndigo” uşaq bağçasında hər gün uşaqların  həyət saatları olur və onlara rəngli təbaşirlər paylayırıq ki, həyətdə gözəl sənət əsərlərini yaratsınlar. Bundan əlavə  uşaqların albomları da var ki, istədikləri vaxt ora rəsm çəkə bilirlər. Həm də, “Bağçam” uşaq bağçaları şəbəkəsinə daxil olan bağçalarda  gün rejimi elə tənzimlənib ki, uşaq sərbəst vaxtının nə zaman olacağını, rəsmi nə vaxt çəkəcəyini bilir”.

Qeyd  edək ki, İngiltərənin gündəlik qəzeti Daily Mail-in 2014-cü ildəki araşdırmasına görə,  hər 10 valideyndən 4-ü divar kağızının yazılması ilə qarşılaşır. Sorğuda iştirak edən valideynlərin bəziləri bununla bağlı psixoloq məsləhəti aldığını, digərləri isə uşaq psixologiyası ilə bağlı kitablardan və ya saytlardan yararlandıqlarını qeyd edirlər.