Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün bağça yaradılır

3M3A7454Xüsusi qayğıya ehtiyacı olan (eşitmə, görmə, fiziki və qavrama bacarıqlarında çətinlik olan və inkişafı yaş xüsusiyyətlərinə cavab verməyən) uşaqları bağçaya adaptasiya etmək və övladının ehtiyaclarına görə karyerasını yarımçıq qoyan valideynlərə dəstək vermək məqsədilə “Bağçam” Uşaq Bağçaları Şəbəkəsinin direktoru, həkim – psixiatr Vəfa Şirinovanın rəhbərliyi altında “İndigo Special” (“İndigo” Xüsusi Uşaq Bağçası) yaradılır. Həkim-psixiatr Vəfa Şirinova “İndigo Special” – ın fəaliyyəti haqqında Bagcam.az Təhsil Portalına ətraflı müsahibə verib.  

Vəfa xanım bildirib ki, “İndigo Special” – da eşitmə, görmə, fiziki və qavrama bacarıqlarında çətinlik olan, davranış problemləri müşahidə olunan, daun sindromu və autizm kimi xüsusi qayğıya ehtiyacı olan və inkişafı yaş xüsusiyyətlərinə cavab verməyən uşaqlar təhsil ala biləcəklər:

“Azərbaycanda xüsusi uşaqlara qayğı göstərən bir neçə  mərkəz var.  Keçən illər ərzində həmin uşaqlar xüsusi inkişaf mərkəzlərində reabilitasiya keçdikdən sonra bizim şəbəkəyə daxil olan uşaq bağçalarına yönləndirilir və digər uşaqlarla birlikdə təhsil alırdılar. İndi isə biz özümüz reabilitasiya və fərdi inkişafı bir ünvanda toplayan və uşaq bağçası rejimi əsasında fəaliyyət göstərən mərkəz yaradırıq. “İndigo Special”a uşaqlar intensiv olaraq həftə içi hər gün gələrək ümumi uşaq bağçasına adaptasiya üçün hazırlaşırlar. Uşaqlar bağçaya saat 09:00-da qəbul olunur və bu saatdan etibarən onların iş günü başlayır. Niyə məhz iş deyirik? Çünki onlar, həqiqətən, səhər saatlarından günün sonuna kimi çalışırlar. Bu çalışma onların öz yaş və inkişaf xüsusiyyətlərinə daha çox yaxınlaşmalarına kömək olur”.

Bağçaya qəbul prosesindən də söz açan direktor qeyd edib ki, bu zaman uşağın ilkin qiymətləndirilməsi aparılır:

“Qiymətləndirməyə uyğun olaraq uşaq üçün fərdi iş planı tərtib olunur. Burada onunla nə qədər müddət işləyəcəyimiz əks olunur. Bu qiymətləndirmədə valideyn də iştirak edir. Yanaşma fərdi olduğu üçün hər uşağa görə fərqli müddətlər ola bilər. Bəzi uşaqlarda bu müddət çox qısa, 3-6 ay, digərlərində isə 6-9 ay arası, 1 il və ya il yarım kimi müəyyən edilə bilər. Məqsədimiz uşaqları “İndigo Special”da  uzun müddət saxlamaq deyil, müəyyən müddət ərzində intensiv şəkildə bağçaya hazırlamaq və onlarda lazım olan fiziki, sosial, idraki, mator bacarıqlarını düzgün formalaşdırmaqdır. Bağçada təlim-tərbiyə alacaq uşaqlar 3-7 yaş aralığında dəyişir və uşaqların maraqlarına, davranış göstəricilərinə uyğun olaraq beş qrup fəaliyyət göstərir. Hər qrupda 8-10 nəfərin təhsil alması nəzərdə tutulur və dörd mütəxəssis onlarla iş aparır, hər qrupun öz psixoloqu, loqopedi olur”.

Gün rejiminin düzgün planlanmasının uşaqların inkişafına böyük təsir etdiyini deyən həkim – psixiatr “İndigo” Xüsusi Uşaq Bağçasındakı gün rejiminə daxil olan fəaliyyətlər haqqında da məlumat verib:

“Gün rejimi səhər idmanı ilə başlayır. Daha sonra səhər yeməyi və bunun ardınca məşğələlər olur. Məşğələlərə dərslər, ətraf aləmlə tanışlıq, sadə riyazi təsəvvürlər, savad təlimi, nitq inkişafı, terapiyalar və müalicəvi idman kimi fəaliyyətlər daxildir. Məşğələlərdən sonra gəzinti saatımız təşkil olunur. Hava şəraitindən asılı olmayaraq, mütləq hər gün havaya çıxaraq gəzintidə “meyvə saatı” edirik. Gəzintidən sonra nahar yeməyi, nahardan sonra isə uşaqların istirahət vaxtıdır. Bizim nəzərdə tutulmuş yuxu rejimimiz var və çalışırıq, bu qaydalara əməl olunsun. Biz xüsusi qayğıya ehtiyacı olan uşaqları məcburi yatağa uzada bilmərik. Müəyyən vasitələrlə (məs: musiqi terapiyası) tədricən yuxu rejiminə alışdırırıq. Uşaqlar yuxudan oyandıqdan sonra günün ikinci yarısının məşğələləri davam edir, sonra isə şam yeməyinin vaxtı çatır. Yeməkdən sonra uşaqları qiymətləndirmək üçün desert təqdim olunur. 17:30-dan 18:00-a qədər uşaqların sərbəst geyinmə vaxtıdır. Bunlarla yanaşı  biz gün boyunca, yuxuya, məşğələlərə  hazırlıq zamanı da onlarda özünəqulluq bacarıqları formalaşdırırıq. Həmin vaxtı daha uzunmüddətli nəzərdə tutmuşuq, çünki gigiyenanın düzgün təşkili  kifayət qədər vaxt alır”.

Uşaqların fiziki və sosial inkişafı üçün terapiyaların da rolu böyükdür. Buna görə də “İndigo Special”-da musiqi, art və idman terapiyaları da təşkil edilir:

“Düşünürəm ki, musiqi terapiyası çox vacib terapiya üslublarından biridir. Uşaqlar bu terapiya zamanı çalğı alətlərindən müxtəlif səslərin çıxarılmasını, bəm və zil səsləri bir-birindən ayırmağı öyrənirlər. Musiqinin şən və ya lirik olmasına reaksiya verirlər. Musiqi terapiyasının xüsusi proqramı tərtib olunub. Bu proqrama başdan sona qədər əməl edərək gözəl nəticələrə gələcəyik. Musiqi terapiyasından başqa art terapiyası da fəaliyyət göstərir. Art terapiya özündə gil, kağız, parça, əl boyaları ilə işi birləşdirir. Uşaqlar lazım olan vəsaiti  özləri yaxınlaşıb götürə bilsin deyə  ləvazimatlardan açıq şəkildə istifadə olunur. Növbəti terapiya isə idman terapiyasıdır. Bunun üçün müxtəlif idman qurğuları əsasında xüsusi otaq hazırlanıb”.

Vəfa xanım son olaraq bağçada yemək menyusunun uşaqların qida rejiminə və valideynlərin istəyinə uyğun tərtib edildiyini  vurğulayıb:

“Autistik spektr uşaqları olan valideynlər hər şeyə çox diqqətlə yanaşır. Onlar daim qidaların qlütensiz (zülalsız) olmasında israr edirlər, çünki həmin uşaqlarda belə qidalara qarşı həssaslıq var. Valideynlərin də istəklərini nəzərə alıb, məsələn, süd olaraq, keçi südündən istifadə edirik. Menyu uşaqların qidalanma tərzinə uyğun olaraq tərtib olunub və gedişata əsasən dəyişdirilə bilər”.

Qeyd edək ki,  “İndigo” Xüsusi Uşaq Bağçası Nizami ray. Rüstəm Rüstəmov küç. 25 (Neftçilər mts. yaxınlığında Start İdman Kompleksinin arxası) yerləşir. Bağçaya müraciət etmək üçün (+994) 77 300 70 75 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.