Utancaq uşaqlar başqaları ilə əlaqə qurmaqda çətinlik çəkir və sosiallaşa bilmirlər. Utancaqlıq zəif həddə başqalarından qorxmaq anlamına gəlir. Ancaq bu qorxu sosial fobiyası olanlardakı qədər şiddətli deyil.
Utancaq uşaq özünü sosial mühitdə gərgin və narahat hiss edir. Reaksiyası susqun və təmkinli olur. Münasibət qurmaq istəyir, ancaq cəsarəti çatmır. Utancaqlıq yeni bir mühitə qarşı təbii bir davranışdır və uşaq yeni tanış olduğuna təmkinli davranaraq özünü qoruyur.
İçinə qapanıq uşaqlar (introvert) çölə dönük uşaqlardan (extravert) daha çox sıxıla bilirlər, ancaq içinə qapanan uşaqla utanan uşaq bir-birindən fərqlidir. İçinə qapanan uşaq: kitab oxumağı, çöldə oynamağı istəyərək edir. Utancaq uşaq isə çöldə oynamağı istəyir, ancaq buna cəsarət edə bilmədiyi üçün evdə oturub kitab oxuyur.
Müəyyən inkişaf mərhələlərində utancaqlıq təzahür edir. İlk olaraq 8-9 aylıq körpələr tanımadığı şəxslərdən qorxmağa başlayırlar. İnsan həyatında bu utancaqlığın ilk nümunəsidir. Uşaq bu mərhələdə tanımadığı ilə tanıdığını ayırd edə bilir.
Uşaq evdə yaxınları ilə çox rahat danışarkən məktəbdə heç danışmırsa, bu selektiv mutizmlə bağlıdır. Selektiv mutizm olan uşaq yad mühitlərdən və yad insanlardan həddən artıq qorxduğu üçün həddən artıq utancaqlıq səbəbindən danışmaz və bədən dili ilə istədiyini bildirər. Ümumilikdə 3-5 yaş arası və daha çox qız uşaqlarında rast gəlinir. Bu uşaqlarda dil inkişafında problem yoxdur. Bu problem öz-özündən keçməz və gözlədikcə daha da ciddiləşir. Bu zaman ailə mütləq bir mütəxəssisdən yardım almalıdır.
Utancaq uşağa dəstək olacaq tövsiyələr:
- Uşağınıza utancaq olduğunu deyərək kompleksə salmayın
- Uşağınızı yeni və bilmədiyi mühitlərə hazırlayın. Əvvəlcədən hara gediləcəyi və orada kimlərin olacağını deyin
- Uşağınız utancaq qaldığında məcbur etməyin, əsəbiləşməyin və bu mövzunun üstündə çox durmayın. Təmkinli bir formada olduğunu qəbul edin və mühitə alışması üçün ona zaman verin
- Valideynin utancaq davranışları uşağın utancaqlığını artırır. Sizin yad insanlarla rahat münasibət qurmağınız uşaq üçün önəmli bir model olmalıdır
- Uşağınızı maraqlandıraraq və cəsarətləndirərək dəstəkləyin. Ona əyləncəli gəzintilərinizdən və əldə etdiyiniz dostlardan bəhs edin. Özünün hara getmək istədiyini soruşun
- Uşağınızı həddən artıq qorumayın və lazımından artıq yardım etməyin. Kiçik qorxuların öhdəsindən özünün gəlməsi üçün fürsət verin
- Uşağınızdakı sosial bacarıqları kəşf edin və onu tərifləməyə çalışın, onun güclü tərəflərini dilə gətirin.
Mənbə: Valideyn.az