Ailə ilə başqa ölkəyə köçmək stressli situasiyadır. Əgər böyüklər bu addımı şüurlu şəkildə atırlarsa, uşaqlar bir qayda olaraq şüurlu şəkildə bunu etmək istəmirlər. Buna görə də əvvəlcə uşaqlara vəziyyətin qaçılmazlığını izah etmək və onları başqa ölkədə yaşama hazırlamaq lazımdır. Bütün bunları başqa ölkəyə yerləşməmişdən əvvəl etməliyik.
4 yaşa qədər olan uşaqların uyğunlaşma prosesi rahat olur. Onların məkana, əşyalara qarşı bağlılıqları güclü olmur və hər şey onlara maraqlı gəlir. Yeniyetmələr üçün isə bu proses ağrılıdır. Çünki öyrəşdikləri həyat tərzi olmayanda onlar özlərini tənha hiss edirlər. Ona görə də bəzi ailələr müxtəlif ölkələrdən olan imiqrantlarla tanışlıq yaratmağa, dost olmağa çalışırlar ki, övladlarını xarici insanlarla münasibətə uyğunlaşdırsınlar.
Hazırlıq mərhələsi üçün bir neçə məqamı diqqətinizə çatdıraq:
Bağçayaşlı uşaqlara tərbiyəçinin işlədə biləcəyi sözləri öyrətmək lazımdır: yeməyin adı, uşağın ehtiyaclarını ifadə edən sözlər və s. Məsələn:
- İçmək istəyirəm
- Yemək istəyirəm
- Otur
- Gəl gedək
- Əllərini yu
- Anam tezliklə gələcək
- Mənə kömək elə
Sizə dili öyrənməyə (tərcüməsiz) cizgi filmləri, yeniyetmə serialları və ailə filmləri kömək edə bilər.
Başqa ölkəyə yerləşmə zamanı uşağa imkan vermək lazımdır ki, ona lazım olan, istədiyi əşyanı özüylə aparsın. Çünki bu əşyalar onu sakitləşdirir, marağını cəlb edir. Unutmayın ki, başqa ölkəyə köçdüyünüz zaman ilk olaraq uşaq otağını qaydaya salmalısınız. Gətirdiyiniz əşyaları uşaqla birlikdə yerbəyer etsəz, bu, ona həm əyləncəli gələcək, həm də otağına öyrəşəcək.
İlk imkanda ailənizlə birlikdə yaşadığınız bölgəni ekskursiya edin, istirahət məkanlarını araşdırın. Əgər övladınızın xoreoqrafiyaya, musiqiyə, idmana həvəsi varsa, uyğun sahələr üzrə kurslar axtarın və onu həmin kursdan qeydiyyatdan keçirin. Beləliklə sevimli fəaliyyəti ilə məşğul olan uşaq həm də özünə yeni dostlar qazanmış olacaq.
İlk vaxtlarda yeni ölkədə yaşamaq həm valideynlərə, həm də uşaqlara çətin ola bilər. Əsas odur ki, bir-birinizi dəstəkləyəsiniz. Övladınızdan tez-tez özünü necə hiss etməsini, gününün necə keçməsini soruşun. Kiminlə tanış olduğu, nə öyrəndiyi ilə maraqlanın. Çünki qayğı və anlayış istənilən stressli vəziyyəti qaydasına sala bilər.
Mənbə: mel.fm