Temperamentə görə uşaqlarla davranış

Əvvəlki yazıda temperamentin 4 növünü aydınlaşdırmışdıq. Bu dəfə isə valideynlərin bu 4 tiplə necə münasibət yaratmasından söhbət açacağıq.

Temperament anadangəlmə xüsusiyyətdir və onun müsbət və mənfi cəhətləri var. Onu dəyişdirmək demək olar ki, mümkün deyil. Əgər temperamentə görə uşağa təzyiq göstərsəniz, o, psixoloji travma ala bilər. Münasibətlərin qaydasında olması üçün valideynlər  uşaqlarının fərdi xüsusiyyətlərini nəzərə alaraq təlim və tərbiyə prosesini təşkil edə bilərlər.

Xoleriki sakit olması, özünü ələ alması üçün onu razı salmaq faydasızdır. Biz ona emosiyalarını, qəzəbini rahatlıqla ifadə etməsinə imkan verməliyik. Kağızdan müxtəlif fiqurlar hazırlamaq, gil və ya plastilinlə oynamaq, idmanla məşğul olmaq gərginliyi aradan qaldıra bilər. Həmçinin empatiyanın (özünü başqasının yerində hiss etmə qabliyyəti), ünsiyyət bacarıqlarının inkişaf etdirilməsi də faydalıdır.

Sanqvinikə işlərini planlamağı, onları nəzarətdə saxlamağı və nəticələri dəyərləndirməsini öyrətmək lazımdır. Xoleriklər kimi sanqviniklər də istəyir ki, onlarla maraqlansınlar və onları dəstəkləsinlər. Çox enerjili sanqviniklərə müxtəlif tapşırıqlar verməklə onların aktivliyini faydalı istiqamətə yönəldə bilərsiniz.

Fleqmatiki yavaşlılığına görə danlamaq doğru deyil. Əgər onu danlasaz, o, çevik olmaq əvəzinə özgüvənsiz olacaq. Ən yaxşısı ona işlərini planlamaqda kömək edin: tapşırığı bir neçə hissəyə bölmək, onun və həll edilmə müddətini təyin etmək lazımdır. İşin mahiyyətini başa düşməyə, sualları yaranarsa, ona o sualları verməsinə imkan yaradın.

Melanxolilər doğmalarının dəstəyinə ehtiyac duyurlar. Həmçinin onlara nəyin nə vaxt deyilməli və ya edilməli olduğunu bildirmək lazımdır. Melanxoliklərin narahatlığını azaltmağın ən yaxşı yolu sabit və proqnozlaşdırılan vəziyyət yaratmaqdır. Onlardan qonşu həyətdəki uşaqlarla dərhal dost olmağı istəmək doğru addım deyil. Uşaqlar öz ərazilərində özlərini daha etibarlı hiss edirlər. Buna görə də onun gələcək dostlarını öz evinizə dəvət etsəz, daha yaxşı olar. Melanxolikdə özgüvəni yaratmaq üçün onun ən kiçicik nailiyyətinə görə  onu tərifləyin, dətəkləyin. Bu uşaqlar çox emosional olur, lakin emosiyalarını daxillərində gizlədirlər. Bu səbəbdən də hisslərini rahatlıqla ifadə edə bilməyən melanxoliklər əziyyət çəkirlər. Elə buna görə də uşaqla mənəvi əlaqə yaratmaq, danışmaq, onunla birgə acısını bölüşmək, tövsiyə və kömək istəmə fürsəti vermək lazımdır. Bununla yanaşı melanxoliklərin iş görmək qabiliyyətləri aşağı olur. Ona görə də real imkanları nəzərə alaraq onlara hansısa tapşırıq verilməli, tapşırıq hissələrə bölünməli və işin icrasında fasilələr təşkil edilməlidir.

Nəzərə almaq lazımdır ki, temperamentin təmiz bir tipinə malik  adam tapmaq çətindir. Hər bir adamda bu tip­lərin hamısının əlamətlərinə rast gəlmək mümkündür. Lakin bunlardan birinin əlamətləri üstünlük təşkil etdikdə adamı həmin tipə aid edirlər. Məsələn, müəyyən vəziyyətlərdə sanqvinik  xolerik kimi, fleqmatik isə melanxolik kimi davrana bilər.

Mənbə: mamam-papam.ru