“Uşaqların hüquqlarının pozulması ailədən başlanır”

samire_foto_hazir“Hazırda uşaq hüquqlarının müdafiəsi dünyada ən aktual məsələlərdən birinə çevrilib. Çünki müasir dünyada uşaq hüquqları ən müxtəlif şəraitlərdə pozulur. Evdə, məktəbdə, müəssisələrdə və ən nəhayət icmalarda uşaqlar fiziki, psixoloji və cinsi təzyiqlərə məruz qalırlar”.

 

Bu sözləri Bagcam.az-a Education Management Network şirkətinin uşaq inkişafı üzrə mütəxəssisi Samirə Əliyeva uşaq hüquqlarının qorunması haqqında danışarkən deyib. O bildirib ki, Azərbaycanda uşaq hüquqları ilə bağlı bir sıra problemlər mövcuddur:
Nəzərə almaq lazımdır ki, uşaq hüquqlarının qorunması təkcə dövlətin deyil, həm də cəmiyyətin öhdəliyindədir. Çox zaman uşaqların hüquqlarının pozulması ilk növbədə ailədən başlanır. Ümumilikdə həm ziyalı, təhsilli, həm də əksər ailələrin hər birində elementar uşaq hüquqları pozulur. Uşaqlar Azərbaycanda əhalinin təxminən 30 faizini təşkil edir.

Hökumət cəmiyyətin gələcəyi olan uşaqların hüquqlarının qorunmasına xüsusi əhəmiyyət verir və buna uyğun qanunlar qəbul edir. Bu sahədə əsas normativ sənəd 1998-ci il mayın 19-da qəbul edilmiş “Uşaq hüquqları haqqında” qanundur. Qanun bir sıra beynəlxalq sənədlərə, xüsusilə də “İnsan hüquqları haqqında” Ümumdünya Bəyannaməsi (1948), Uşaq Hüquqları Bəyannaməsi (1959), BMT-nin Uşaq Hüquqları Konvensiyası (1989), Uşaqların yaşaması, müdafiəsi və inkişafının təmin edilməsi üzrə Ümumdünya Bəyannaməsinə (1990) uyğun şəkildə hazırlanmış və uşaqların beynəlxalq səviyyədə təsbit olunmuş əsas hüquq və azadlıqlarını, eləcə də bu hüquqların reallaşdırılması üçün dövlətin vəzifələrini özündə əks etdirir.

Uşaq Hüquqları Konvensiyası 20 noyabr 1989-cu ildə BMT-nin Baş Assambleyası tərəfindən qəbul edilmişdir. Uşaq Hüquqları Konvensiyası –dünyanın hər bir yerində yaşayan uşaqlara konvensiya ilə müəyyən edilmiş hüquqları təmin edir. Konvensiya uşaqların yaşaması və inkişafı üçün zəruri olan minimum standartları müəyyən edir. Konvensiyanın ratifikasiya etmiş bütün dövlətlər bu öhdəlikləri yerinə yetirməlidirlər. Bu Konvensiya uşaqların hüquqlarını təmin edən birinci universal kodeksdir.

Konvensiya uşaqların iqtisadi, sosial, mədəni və hətta siyasi hüquqlara malik olmasını vurğulayır.

Uşaq hüquqları Konvensiyası 54 maddədən ibarətdir. Onların hər biri ayrı-ayrı hüquqlar haqda məlumat verir. Bütün hüquqlar 4 geniş kateqoriyaya bölünə bilər:

  • İnkişaf hüquqları– bu hüquqlar uşaqların öz potensiallarının tam inkişafına olan ehtiyaclarını təmin edir. Bura, məsələn, təhsil almaq, oynamaq və istirahət etmək, mədəni tədbirlərə cəlb edilmək və iştirak etmək, məlumat əldə etmək, azad fikir və din hüquqları aiddir.
  • Müdafiə hüquqları– uşaqları müxtəlif növ zorakılıq və istismardan qorumalıdır. Bu hüquqlar, məsələn, qaçqın uşaqlara qayğının göstərilməsi, zorakılıq, cəzalandırma, hərbi münaqişələrə cəlb edilmə, uşaq əməyinin istismarı, narkotik maddələrin istifadəsi və seksual istismar kimi məsələləri əhatə edir.
  • İştirak hüquqları– bu hüquqlar uşaqlara yaşadıqları cəmiyyətdə fəal iştirak etməyə imkan yaradır. Bunlar azad fikir söyləmək, onların həyatlarına təsir göstərən hallarda öz sözlərini demək, birləşmək və assosiasiyalar əmələ gətirməkdir. Uşaqların bacarıqları inkişaf edərkən onların cəmiyyətdə fəal iştirakı və bunun üçün imkanları daha da artır. Bu da məsuliyyətli vətəndaş kimi yetişməkdə onlara yardım edəcək.
  • Yaşamaq hüquqları– bunlara uşaqların yaşamaq və bunun üçün lazımi tələbatları təmin etmək hüquqları aiddir; həmçinin adekvat yaşayış standartları, qida və tibbi xidmətə malik olmaq kimi hüquqlar da bura aiddir.

Samirə xanım bağçalarda uşaq hüquqlarının qorunması barədə də söhbət açıb. O, bağçalarda uşaq hüquqlarının qorunmasına xüsusi diqqət yetirildiyini deyib:

Bağçada uşaqlara Konvensiyada olan hüquqlar öyrədilir. Onların vətəndaş olmaq hüququ, uşaq olmaq hüququ, qorunma, böyümə, təhsil, sevgi görmə, təhlükəsizlik və s. kimi hüquqlarına hörmətlə yanaşılır. Eyni zamanda balacaların da öz hüquqlarını bilməsi öyrədilir. Bunlar əyləncəli şəkildə oyunlar vasitəsilə təşkil edilir.

Konvensiyada qeyd edilən iştirak hüququna uyğun olaraq daim bağçalar təlim-tərbiyə görən uşaqlar müxtəlif mədəni tədbirlərə cəlb olunur, muzeylərə, sərgilərə gedilir, daim onların bilikləri artırılır. Uşaqlar təhsildə iştirak hüququna uyğun olaraq müasir təhsil strategiyalarına cəlb olunurlar.

Samirə xanım həmçinin bağçada uşaqların müdafiələri üçün hər cür təhlükəsiz şərait yaradıldığını, hər bir uşağa fərdi yanaşıldığını da qeyd edib:

Xüsusi qayğıya ehtiyacı olan uşaqlar iştirak hüquqlarına uyğun olaraq inkluziv qruplarda təlim və tərbiyə alırlar.

Yaradıcı uşaqların bacarıqlarını ortaya çıxarmaq yönündə də bağçalarda kompleks məşğələlər keçirilir. Rəqs, pantomima, əl qabiliyyətlərinin inkişafı, şahmat kimi dərslərdə uşaqlar öz fərdi potensillarını ortaya qoyurlar.

Uşaq hüquqları konvensiyasında qeyd olunan maddələrə bağçalarda əməl edilməyə çalışılır. Bunun üçün təbii ki, dəyərli valideynlərin də köməyinə bəzən ehtiyac duyuruq. Ailələr uşaq hüquqları mövzusunda maarifləndikcə uşaqlar da inkişaf edirlər. Onların daha sağlam, daha təhlükəsiz mühitdə təlim-tərbiyə prosesinə cəlb olunması üçün biz əlimizdən gələni edirik.

Bizim üçün hər şeydən önəmli olan uşaqların hüquqlarıdır.

Qeyd edək ki, 20 noyabr Ümumdünya Uşaqlar Günüdür. Bu bayram 1954-cü ildə BMT -nin Baş Assambleyası tərəfindən 1956-cı ildən bütün dövlətlərə uşaqlar şərəfinə keçirilməsi tövsiyyə olunub. Bayram BMT-nin dünya uşaqlarının əmin-amanlığının təmin olunmasına, yaxşılaşdırılmasına yönəldilmiş fəaliyyətinin möhkəmləndirilməsinə yönəlib.