Bir neçə gündür yay əsl üzünü göstərir. Dözülməz istilər artıq başlayıb. Hər kəs qızmar havalardan necə qorunacağı ilə bağlı müxtəlif çarələr düşünür. İstiyə dözmək böyük şəxslər üçün asandır. Bəs azyaşlıları qızmar yay günlərində istidən necə qoruyaq?
Bagcam.az-ın Ailem.az-a istinadən verdiyi məlumata görə, pediatr Vaqif Qarayev bununla bağlı valideynlərə öz məsləhətlərini verib. O bildirib ki, uşaqları istidən qorumaq üçün bəzi qaydalara əməl etmək lazımdır: “Xüsusən də südəmər yaşlı uşaqlar istiyə dözümsüz olurlar. Onları əvvəlki vaxtlara nisbətən daha tez-tez əmizdirmək lazımdır. Süd verən ananın çoxlu su qəbul etməsi məsləhətdir. Əgər uşaq süni qida alırsa, adi qaynanmış su da vermək olar. Körpənin geyimləri təbii parçadan, yüngül olmalıdır. Təkcə bir uşaq bezində və ya qısa tumanda olsa daha yaxşıdır. Körpənin olduğu otaqda hava tez-tez dəyişdirilməlidir”.
Həkimin sözlərinə görə, böyük yaşlı uşaqlara adi qaynadılmış su verilməlidir. Qazlı su isə qətiyyən olmaz: “Uşağın tərləməsi yaxşıdır, çünki bununla istilik bədəndən xaric olur. Amma orqanizmə əlavə fiziki yük vermək düzgün deyil. Tez-tez sərin su ilə çimizdirilməsi məsləhətdir. Rütubət təmin olunmalıdır. Uşaqların paltarları açıq rəngli təbii parçalardan, “nəfəs alan” olmalıdır. Geyim uşağın sərbəst hərəkətinə mane olmamalıdır”.
V.Qarayev deyir ki, saat 11.00-17.00 arası uşaq açıq havada olmamalıdır. Günəşdən qorunmaq üçün parfüm əlavəsi olmayan müxtəlif qoruyucu krem və losyonlardan istifadə etmək olar. Amma evə gələn kimi bədən bu vasitələrdən təmizlənməlidir. O ki qaldı qidalanmaya, qida rasionunda daha çox meyvə-tərəvəzə üstünlük verilməlidir. Ət yeməklərini isə məhdudlaşdırmaq məqsədəuyğundur.