Menu

Uşaqları psixoloji problemlərdən necə qorumalı?

Bölmə: Xəbərlər | Tarix: Yanvar 10, 2017

ikram“Uşağı döymək problemi həll etmir, əksinə çoxlu problemlər yaradır”

“Azərbaycanda psixi xəstəlik sözü müəyyən mənfi mənalara yozulur. Psixi xəstəlik çox geniş spektrə yayılmış bir məfhumu ifadə edir. Bəsit bir qorxudan tutmuş, ağır problemə, ruhi xəstəliyə qədər spektrdə yayılan problemlərin hamısı psixi xəstəlik sayılır. Duyğu, düşüncə və davranış üçbucağının hər hansı problemi psixi xəstəlik hesab oluna bilər. Bunun içində fobiyalar, depressiyalar, inkişaf problemləri, zehni, mental inkişaf qüsurları, ünsiyyət, nitq problemləri çox geniş spektri əhatə edir”.

Bunu APA TV-nin “Öncə sağlıq” proqramında uşaq psixiatrı, uzman doktor, Azərbaycan Tibb Universitetinin Psixiatriya Kafedrasının əməkdaşı İkram Rüstəmov deyib.

İ. Rüstəmov bildirib ki, əslində psixi xəstəlik ruhi xəstəlik mənası daşımır, psixi xəstəliyin ruhi problem olduğunu düşünmək yanlışdır:

“Təəssüf ki, hələ də psixi xəstəliyin olması ayıb kimi qarşılanır. Dünyanın hər yerində, psixi xəstəliklərin damğalanma prosesi var. Dünya təbabət qurumları buna qarşı işlər aparırlar. Həmin uşaqları damğalanmaqdan qurtarmaq üçün, cəmiyyətə adaptasiyası üçün çox ciddi elmi və praktiki proqramlar işlənilir, işlər görülür. Çox təəssüf ki, bizim ölkəmizdə bu məsələ hələ də aktual olaraq qalır. Bir evdə bir psixi xəstə uşağın olması faciə kimi qiymətləndirilir. Bu hal ətrafdan gizlədilir, həkimə müraciət olunması yubadılır. Və təbii ki, bunun da müəyyən fəsadları özünü büruzə verir”.

Mütəxəssis deyib ki, uşaq və yeniyetmələrdə psixi problemlər çox geniş səpgidədir.

Onun sözlərinə görə, ilk 3 yaşa qədər olan uşaqlarda daha çox inkişaf qüsurları ilə bağlı müraciətlər olunur. Bəzən bir yaşa qədər olan uşaqlarda da psixi problemlərə rast gəlinir: “Adətən belə bir düşüncə var ki, bir yaşa qədər olan uşaqlarda nə problem ola bilər? Amma ola bilər. Məsələn, biz uşağın anasını itirməsi, anadan uzaqda qalması ilə bağlı depressiya diaqnozu ilə qarşılaşa bilərik. Bir-üç yaşda autizm başqa olmaqla inkişafda və ünsiyyətdə yaranan müəyyən problemlərlə qarşılaşmalar ola bilər”.

Hazırda həm də autizmlə, digər ünsiyyət problemləri ilə daha çox üzləşildiyini deyən İ. Rüstəmov deyib ki, uşaqların ünsiyyət vərdişlərinə ciddi diqqət yetirmək lazımdır.

Mütəxəssis onu da vurğulayıb ki, autizm hələ dünyanın sonu demək deyil.
Onun sözlərinə görə, autizm 1-3 yaşlarda aşkarlanarsa, reabilitasiya intensiv gedərsə, 30 faiz hallarda problem tam aradan qalxır. 70 faiz hallarda isə bu müdaxilə olarsa, o zaman çox ciddi irəliləyişlər qeydə alınar: “Autimzli uşaqların cəmiyyətdə yer tutmaları mümkündür, yetər ki, vaxtında aşkarlansın, vaxtında tədbir görülsün. Dərman verək, autizmli uşaq sağalsın deyə yanaşma yoxdur. Bu, yanlış təsəvvürdür. Hərtərəfli, bir neçə qrup mütəxəssislərin intensiv məşğələləri ilə bu uşaqları vəziyyətdən çıxarmaq mümkündür”.

Vaxtında aşkarlandıqda inkişaf problemlərinin qarşısını almağın mümkün olduğunu açıqlayan psixiatr deyib ki, ilk üç yaşa qədər problem varsa, zamanında edilən müdaxilənin 6-7 yaşdan sonra edilən müdaxilədən qat-qat çox müsbət təsiri olur: “Ona görə də problemdən şübhələndikdə həkimə müraciəti gecikdirmək olmaz.
Bizdə əhali arasında dırnaqarası möhkəmlənmiş fikirlər var. Məsələn, xalq arasında oğlan uşaqlarının gec danışması ilə bağlı çox yanlış təsəvvür mövcuddur.
Ya da ailədə kimsə gec danışıbsa, onun uşağı da gec danışanda gözləyirlər və deyirlər ki, eybi yoxdur, danışacaq. Ya da üç yaşa qədər olan uşaqlar yeməyini yemirsə, ağlayandırsa, onun başını qatmaq üçün televizor qarşısında qoyurlar, telefon, planşet verirlər. Müəyyən videolara, oyunlara baxmasına şərait yaradırlar. Bunların hamısı çox ciddi inkişaf qüsurlarına gətirib çıxara bilər.

Genetik olan qüsurları bir tərəfə qoysaq, günümüzdə digər çox yayılmış bu tip qüsurlar qarşımıza çox gəlir”.

Həkim nitqi açılana qədər uşaqları elektron əşyalardan uzaq tutmağın vacib olduğunu vurğulayıb.

İ. Rüstəmov daha sonra bildirib ki, ana ilə kontaktı çox olmayan, tez-tez dayə, dəyişdirən, elektron avadanlıqlara meylli uşaqlarda özünə qapanma və s. problemlər yaranır: “Özünə qapanma, autizmə bənzər simptomlar özünü büruzə verir. Ana-uşaq kontaktını bərpa edəndən sonra bu halların tamamilə aradan qaldırılması mümkündür”…

Psixiatr uşaqlara qarşı zor tətbiq etməyin, onları döyməyin yanlış addımlar olduğunu qeyd edərək, “uşağı döymək problemi həll etmir, əksinə ikincili problemlərə yol açır”, – deyə bildirib.