Uşaqlarda inadlaşma və bununla mübarizə yolları

decel_usaq_000İnadlaşma – hər yaşda qarşılaşdığımız reaksiya şəklidir. Bu davranış uşaqlarda öz “mən”-ini sübut etməyə, şəxsiyyətini inkişaf etdirməyə cəhd etdikləri üçün daha çox rast gəlinir.
Məktəbəqədər yaşlı uşaqlarda yaşanabilən inadlaşma dünyanı kəşf etməyə və azad şəxs olduqlarını dərk etdiklərində başlayır. Bu dövrdə uşaqların valideynləri və ətrafındakılarla münasibətində bir çox hallarda problemləri olur. Biz uşaqların bir inadlaşma prosesində fikir dəyişdirdiklərinə şahid ola bilər, hətta nə istədiyini tam olaraq anlamayacağımız davranışlarını görə bilərik. Misal olaraq, acdır amma verdiyimiz yeməyi yemir;  yatmaq vaxtı olduğunu bildiyi halda, gəzməyə getmək istəyir və s. İnadlaşan iki tərəfdən biri durana qədər bu proses davam edir. Ümumilikdə isə bunun qalibi yoxdur, ağlama ya da kriz ilə sonlanır.

Bir çox ana – ata uşaqlarının inadlaşmasından şikayət edir. Valideynlərinə azad şəxs olduqlarını sübut etməyə çalışan uşaqlar, bu cəhdləri boşa çıxdıqda inadlaşmağa başlayırlar.  Bir çox valideyn bunun fərqində olmadığı üçün uşaqları ilə gərəksiz münaqişəyə girir. Bu prosesdə valideynlərin məqsədi uşağa yardım etmək; uşaqların məqsədi isə deyilənin tam əksini etməkdir. Çünki onlar sadəcə bu yolla özlərinin azad şəxsiyyət olduğunu sübut edəcəklərini düşünür. Bu inadı uşaqlara zərər vermədən, vərdişə çevrilmədən yox etmək mümkündür.

  • Hər şeydən öncə belə vəziyyətdə soyuqqanlılığınızı qorumağa çalışın. Uşağınızla gərəksiz yerə çatışmaya girməyin; inadlaşmanı uzadan tərəf deyil də, bitirən tərəf olun. Əgər inadlaşma hər dəfə uzanarsa, uşağınız belə davranışı vərdiş halına gətirəcəkdir.
  • Uşağınızın zərərsiz davranışlarına göz yumun. Məsələn, gecə paltarını özü geymək istəyir, nəzarətinizlə bunu özünün etməsinə izn verin.
  • Uşağınızın inadlaşdığı mövzularda alternativ variantlar düşünün. Məsələn: istədiyini hansı səbəbdən edə bilməyəcəyinizi aydın şəkildə izah edin. Bunu uşağınızın rahatlaması üçün etdiyinizi unutmayın.
  • Uşaqların öz işlərini etməsini gözləmək valideynləri yorur, məhz bu səbəbdən də bir çoxu uşağını gözləmək yerinə onların işlərini özləri görür. Halbuki, uşaqlar iş gördükləri vaxtda xoşbəxt hiss edirlər, həmçinin bu inadlaşmanı da azaldır.
  • Uşağınıza seçməsi üçün variantlar təqdim edin. Ona seçə biləcəyi variantları bildirdikdə, azad şəxsiyyət olduğunu qəbul etdiyinizi görəcək. Özü ilə bağlı qərar verməsi uşağınızı önəmli və lazımlı hiss etdirəcəkdir.

Ən son olaraq qeyd edim ki, uşaqlarınızı sevin! Ona bunu hiss etdirin. Sevilən uşaq daha çox xoşbəxt hiss edər və xoşbəxt uşaqlar daha az inadlaşar. Ən yaxınında olan insanlardan hörmət və sevgi görən uşağın özgüvəni də, psixoloji inkişafı da sağlam şəkildə formalaşar. Onun öz mən`ini inkişaf etdirməsi üçün eqolarınızı kənara qoymağınız lazımdır.

Zəhra Qorxmaz
Psixoloq