Uşaqlar niyə yalan danışır?

Yəqin ki, əksər valideynlər övladlarının yalan danışdıqlarının şahidi olublar. Bəs düşünmüsünüzmü uşaqlar nə üçün yalan danışır? Onları yalan danışmağa sövq edən səbəblər nələrdir?

Bu suallara aydınlıq gətirmək üçün “Bağçam” Uşaq Bağçaları Şəbəkəsinin konsultantı psixoterapevt Aynur Hüseynli ilə söhbətləşdik.

Aynur xanımla olan müsahibəmizi sizə təqdim edirik:

– Aynur xanım, əvvəlcə ondan başlayaq ki, uşaqların yalan danışmağının səbəbləri nələrdir? Uşaqlar niyə yalan danışır?

Uşaqlarda yalan danışmaq yaşla əlaqəlidir. Ancaq ümumi götürərsək əsas səbəblər – istədiklərini əldə etmək, xoşagəlməz nəticələrdən yayınmaq, özünü müdafiə etmək, reallığı bəzəmək və yaxud özünü maraqlı göstərməkdir. Burada təqlidetməni də unutmamaq lazımdır, ailə üzvlərindən kimsə yalan danışırsa, uşaq təqlid edəcək.

Lakin bəzi tibbi səbəblərə görə, məsələn, diqqət əskikliyi, hiperaktivlik və s. uşaqlar yalan danışa bilər.

– Yalanın yaşla əlaqəli olduğunu dediniz, bu barədə ətraflı danışa bilərikmi?

Bayaq da qeyd etdiyim kimi yalan danışmaq yaşdan asılı olur. Uşaqlarda 2-5 yaş arası bu hal normal sayılır, 5-6 yaşda isə xəyalla reallığı ayıra bilmədikdə yalanları müşahidə edirik. Artıq 7 yaşdan isə uşaqlar bilərək bunu edirlər.

  – Bəs bu halda valideynlər yalan danışan övladlarına necə davranmalıdır?

Uşaq doğruları söylədiyi zaman valideyn onu cəsarətləndirməli və təbrik etməlidir. Uşağın yalan danışdığını görəndə isə onu günahlandırmamalı, əsla cəza tətbiq etməməlidir. Valideyn uşağa yalanın nəticələrini göstərməli, nə qədər neqativ davranış olduğunu izah etməlidir.

  – Bilirik ki, uşaqların fantaziyaları çox güclü olur, hətta siz qeyd etdiniz ki, müəyyən yaş aralığında gerçəkliklə xəyalı ayırd edə bilmirlər. Bəzən olmayan hadisəni olmuş kimi danışırlar. Bu hal qorxulu hesab edilə bilərmi? 

Bəli, 5-6 yaşda xəyal dünyası daha da zənginləşdiyi üçün bəzən belə çətinlik ola bilir. Buna görə də uşaqlar hər hansı bir hadisədən danışarkən xəyal dünyalarından da nüans gətirilir. Məsələn, nəsə ediblərsə, mövcud olmayan dostunun bunu etdiyini deyirlər. Bu hallar tez-tez baş vermirsə, bu heç də qorxulu deyil. Ancaq valideynlər yenə də səbəbi araşdırmalıdırlar. Nə üçün uşaq bunu edir? Özünü qorumaq üçünmü? Yəni əvvəlcə səbəb tapılmalı və ona uyğun növbəti addımlar atılmalıdır.

– Yalanın qarşısını almaq üçün valideynlər nə kimi addımlar atmalıdırlar?

İlk növbədə, uşaq üçün valideyn doğru nümunə olmalıdır. Çünki uşaqlar görərək təcrübə qazanır, nəsihətlər eşidərək deyil. Valideyn bəzən fərqində olmadan yetişkin bir insana yalan danışır və bunu “ağ yalan” adlandırır. Ancaq uşaqlar böyük və ya kiçik yalanı ayırd edə bilmir. Eyni zamanda uşaqlara reallığın və xəyal dünyanın nə olduğu açıqlanmalıdır. Bu haqda onları aydın şəkildə məlumatlandırmaq lazımdır. İstənilən yaşda yalan vərdişə çevrilirsə, tez-tez bu hal təkrarlanırsa, məsələyə ciddi yanaşmağı tövsiyə edirəm.