Telekanallarda yayımlanan cizgi filmlərinin uşaqlara təsiri barədə uşaq psixiatrı, uşaq bağçasının baş meneceri Vəfa Şirinova fikirlərini bölüşüb.
Vəfa Şirinova peyk vasitəsilə kobud, heç bir korreksiyaya uymayan cizgi filmləri göstərildiyini deyib: “Sırf Azərbaycan kanallarında yayımlanan cizgi filmlərini korreksiyadan keçirilir, həmin cizgi filmləri uşaq psixologiyasına pis təsir eləmir. Amma bir məsələ vardır ki,valideynlər uşaqlara gündəlik neçə dəqiqə cizgi filminə baxmağa icazə verirlər?! Əgər cizgi filmi davamlı olaraq yarım saat, 1-2 saat müddətində olacaqsa, onun uşaq psixologiyasına təsiri mənfidir. Uşaqlar kiçik yaşlarında valideynləri, dostları ilə ünsiyyətdə olmalı, cizgi filmlərinə az baxmalıdırlar. Cizgi filmlərin baxış müddəti 2 yaşında uşaqlar üçün 10 dəqiqə, 3-4 yaşlı uşaqlar üçün 15-20 dəqiqə arası, 5-6 yaşlı uşaqlar üçün isə 25-30 dəqiqə arası ola bilər. Cizgi filminə baxdıqda isə valideyn uşağın yanında oturmalı və həmin cizgi filmi haqqında doğru məlumatlandırmalıdır. Uşağa o cizgi filminin nə istiqamətdə olduğunu öyrətməlidir”
Baş menecer, həmçinin əlavə edib ki, uşaqların cizgi filmlərindən mənfi təsirlənməsi indi olmasa da, gələcəkdə biruzə verəcək: “Hazırkı Azərbaycan məkanında valideynlər işdə çox olurlar, çox yorulurlar, axşam evə gəldikdə uşaqlar valideynlərlə ünsiyyətdən yayınır və valideynlər uşaqları televizor qarşısında oturdaraq özlərinə boş vaxt qazandırmağa çalışırlar. Bu isə uşaqlarda hazırda bir təsir göstərməsə də, bir neçə il sonra öz tsirini göstərəcəkdir”.