Uşaqlar bağçaya necə hazırlaşdırılmalıdır?

Bağça uşaqlar üçün yeni mühitdir. Bu səbəbdən uşaqları qorxuda bilir. Problemin həlli üçün də valideynlər övladlarını bağçaya göndərməzdən əvvəl hazırlıq görməlidir. Bəs hazırlıq hansı qaydada aparılmalıdır?

Bu barədə geniş məlumat almaq üçün “Bağçam” Uşaq Bağçaları Şəbəkəsi İdarə Heyətinin üzvü, məktəbəqədər təhsil mütəxəssisi Xalidə Rzayeva ilə söhbətləşdik.

 

Xalidə xanım bildirir ki, bağçaya uyğunlaşma prosesində valideynlərin rolu böyükdür çünki, uşaqların həyatlarında ən güvəndikləri şəxslər valideynləridir. Məhz buna görə də uşaqlar valideynlərinin bələdçiliyi ilə yeni mühitə addım ata, həmin yerlə tanış olmaq istəyə bilərlər:

“Valideynlər övladlarında əvvəlcədən bağçayla bağlı bir sıra xoş təəssüratlar yaratmalıdırlar. Bu addımlara misal olaraq, bağça haqqında müsbət fikirlər söyləmək, bağçanın maraqlı tərəflərini göstərmək, orda çoxlu dostluqlar əldə edəcəyini, əyləncəli xatirələr qazanacağını demək və s. ola bilər. Valideynlər həmin fikirləri sadəcə nitqlə deyil, vizuallar vasitəsilə də təsdiqləməlidir. Ən yaxşı məsləhətim isə övladlarınızı bağçanın həyətyanı sahəsinə aparıb, uşaqların mühiti müşahidə etməsinə şərait yaratmaqdır”.

 

Müsahibimiz qeyd edir ki, bu prosesdə həm valideyn, həm də uşaqlar tərəfindən bəzi çətinliklə yarana bilir. Təcrübəyə əsasən ən çox rast gəlinənidə gün rejiminə uyğunlaşmaqdır:

“İstər- istəməz ailədəki rejim, yuxu, oyanma, qidalanma və asudə vaxtın təşkili kimi mövzular  bağçadakından fərqli nizamlanır. Anidən alışdıqları rejimdən bağça rejiminə keçmək, məsələn:  səhər sübh oyanmaq, səhər idmanına bağçada uşaqlarla birgə qoşulmaq, gigiyenik prosedurlar mütəmadi olaraq həyata keçirmək, gündəlik hərəkətli rejimin olmaq valideynlərdə və uşaqlarda ilk həftələr narahatlıq yaradır. Yaranan bu narahatlığı tez bir zamanda aradan qaldırmaq üçün bağçaya başlamadan öncə valideynlər bağçanın günlük rejimi və menyusu ilə tanış olmalı, tədricən ailədə də qidalarda və günlük rejimdə həmin prosesə uyğun dəyişiklik etməlidir”.

 

Mütəxəssis əlavə edir ki, uşaqlarla valideynlər arasında xüsusilə də ana-övlad arasında güclü emosional bağlılıq olur. Bu da uşaqların bağçaya adaptasiya prosesində çətinliklər yaradır:

“Bəzən analar uşaqlarından ayrıla bilmir. Belə bağlılıq olan ailədə uşaqlar bağçayla yanaşı digər sosial mühitlərə də çox gec adaptasiya olur, fəaliyyətlərə qoşulmur, aktivlik göstərə bilmirlər. Tövsiyə edilən odur ki, valideynlər bu emosional bağı daha da dərinləşdirməsin. Belə hallar baş verərsə, valideynlər ilkin olaraq emosional vəziyyətini tarazlaşdırsın. Hər bir halı götür-qoy edərək, övladlarının yaxşlığını düşünərək hərəkət etsin. Yəni valideynlər övladının təhsilə cəlb olunacaq yaşda olduğunu bilməli və sosial, emosional, həmçinin fiziki inkişafı üçün bağçanın zəruri olduğunu anlamalıdır. Bu halların əksi baş verərsə, peşəkar dəstək almalı, psixoloq konsultasiyasına yazılmalıdır”.

 

Sonda Xalidə xanım uşaqların inkişafında bağçanın önəmi vurğulayır:

“Bağça uşaqları həm həyata, həm də təhsilin növbəti pilləsi olan məktəbə hazırlayır. Bağçada olduğu müddətdə uşaq bütün həyat bacarıqlarını əldə edir, ictimai həyat hadisələri ilə tanış olur, özgüvənli böyüyür, fərd kimi formalaşır, sosial bacarıqları artır, qrup və tək halda işləməyi öyrənir. Bu da öz növbəsində məktəbdə, gələcək təhsil həyatında, eləcə də iş mühitində əldə edəcəyi bütün uğurlar üçün təməli qurur. “Bağçam” Uşaq Bağçaları şəbəkəsində də bu prosses davamlı olaraq illik tədbirlər proqramı əsasında tənzimlənir. Bu tədbirlər planının böyük bir hissəsini valideynlərlə iş bölməsi tutur. Buna görə də valideynlərin maarifləndirilməsi üçün şəbəkə müəyyən tədbirlər keçirir, müxtəlif peşəkar mütəxəssilərlə valideynləri görüşdürür, seminarlar və masterklaslar təşkil edir. Bu da özlüyündə uşaqlar üçün uğurlu gələcəyin açarını təmin edir.”