Uşağınızın bu davranışları sizi narahat etməsin!

preim-snaYeni doğulan körpələr vaxtlarının çoxunu-təxminən 15 saatını yatmaqla keçirirlər. Yerdə qalan saatlarda isə yataqlarında oynayırlar.

Zaman keçdikcə isə onlar səs çıxaran, müxtəlif işıqları olan oyuncaqlara maraq göstərirlər. Çünki bu oyuncaqlar onlara qeyri-adi görünür və bu onların inkişafında mühüm rol oynayır. Bu zaman uşaqlar xoşlarına gələn hərəkətləri təkrarlayır, əllərindəki oyuncaqları sıxır, onunla işləri bitdikdən sonra atırlar. Əksər hallarda hətta ikinci dəfə eyni oyuncağa həvəs göstərmirlər. Əziz valideynlər, uşaqlarınızın bu hərəkəti sizə anormal görünə bilər, amma bilməlisiniz ki, onun bütün bu hərəkəti normaldır. Ona görə də bu davranışlarına görə uşaqlarınıza əsəbiləşməyin. Çünki bu yalnız sizin övladınızın şıltaq olması ilə bağlı deyil, birbaşa onların inkişafı ilə bağlıdır.

4-8 aylarından əksər uşaqlar üçün xarakterik digər bir hərəkət də əllərinə keçən bütün əşyaları ağızlarına aparmalarıdır. Bunun səbəbi uşaqların əllərində olan əşyaları tanımaq istəməsi ilə bağlıdır. Əziz valideynlər, bu da tamamilə normal davranışdır. Bu zaman yalnızca övladınızın oynadığı əşyanın təmiz olmasına diqqət yetirin və ona mümkün qədər yumuşaq oyuncaqlar alın.

8-12-ci aylarında isə uşaqların oynadığı oyunlar dəyişməyə başlayır. Onlar artıq heç zaman gedə bilmədikləri yerlərə getməyə çalışır, ancaq sizin aldığınız əşyalarla deyil, mətbəx əşyaları ilə oynamaq istəyirlər. Onların bu oyun həvəsini düzgün istiqamətdə yönləndirmək sizdən asılıdır. Oynadığı oyunlarla əylənməklə yanaşı, həm də yeni nələrsə öyrənməsinə yardımçı olun. Uzun olmayan mahnılar oxuyun və onun da bunu təkrar etməsi üçün çalışın. Uşaqlıqda sizə danışılan nağıllardan onlara da danışın və ya nağıl kitablarından nağıllar oxuyun. Bu övladınızın təxəyyülünü və danışıq qabiliyyətini inkişaf etdirəcək.