Uşağın əvəzinə hər şeyi sən etmə!

otec_i_rebenok_1388398545Əziz valideynlər, yəqin ki, uşaqlarınız televizor qarşısında əyləşərkən onun müəyyən cizgi filmlərə və yaxud kinolara baxmağına şərait yaradırsınız. Çünki bu zaman o sakit olur və siz rahat şəkildə işinizi görə bilirsiniz. Sizin fikrinizcə, bu hərəkətiniz övladınıza olan sevginizdən irəli gəlir. Onun özünü xoşbəxt hiss etməsi üçün bütün istəklərini yerinə yetirməsinə icazə verirsiniz. Əslində isə bu zaman özünüz də bilmədən müxtəlif səhvlər buraxırsınız.

Uşaqlarınızı xoşbəxt görmək üçün onlara müxtəlif oyuncaqlar alırsınız. Lakin, oyuncaqlarını tez-tez dəyişən övladınıza dəyər vermək hissini öyrədə bilmirsiniz.

Uşaqlıqda bir oyuncağa müxtəlif geyimlər tikməyiniz yəqin ki, yadınızdadır. Bunları uşaqlara da öyrətmək lazımdır. Övladınız bilməlidir ki, hər şeyə pul xərcləmək mütləq deyil. Valideynlər elə düşünürlər ki, uşaqların hər istəyini yerinə yetirməklə onları xoşbəxt edirlər. Lakin, etdiklərinizlə uşaqlar xoşbəxt olmurlar. Sadəcə olaraq, bir neçə anlıq həzz yaşayırlar. Uşağın hər istəyini reallaşdırmaq yerinə onlara səbirli olmağı, istədiklərini əldə etməyi öyrətməlisiniz.

Övlad tərbiyəsi zamanı valideynlərin etdiyi səhvlərdən biri də uşağın yerinə onun etməli olduqlarını yerinə yetirmələridir. Düzdür, uşaqlar ayaqqabılarının bağını düz bağlaya bilmir. Lakin, bu o demək deyil ki, onlar bacarıqsızdılar. Bu o deməkdir ki, onlar bunu etmək üçün tam inkişaf etməyiblər. Sizin etməli olduğunuz uşaqlarınızın səhv edə-edə öyrənməsinə şərait yaratmaqdır.

Elə məktəbdə oxuyan zaman uşaqların bacarıqsızlığı da sizin bu səhvlərinizdən irəli gəlir. Valideynlərini qarşısında onun üçün hər şeyi edən qulluqçu kimi görən uşaqlar müəllimlərini də elə görməyə başlayırlar.

Mütəxəssislərin sözlərinə görə, uşaqlarınızı uşaq olduqları zamana görə deyil, gənc olacaqları zamana görə tərbiyələndirmək lazımdır. Unutmamaq lazımdır ki, uşaqlar hər zaman bizim qorumamız altında ola bilməyəcəklər. Onlar bəzən kədərlənməlidirlər, üzr istəməlidirlər, gözləməlidirlər. Biz isə onları əvvəldən bütün bu olacaqlara hazırlamalıyıq. Ən azından yıxılan zaman özlərinin ayağa qalxmasına şərait yaratmalıyıq.