“Uşağın eşitdiyi musiqi onun psixologiyasına təsir edir”

suriya2“İncəsənətin ən qədim növlərindən biri sayılan musiqi insan dünyaya gəldiyi andan onun həyatında güclü mədəni təsirə malikdir. Musiqi estetik və mənəvi zövqün ən ali mənbəyidir. Məhz buna görə də müasir uşaqların bədii-estetik tərbiyəsində, şəxsiyyət kimi formalaşmasında musiqinin əhəmiyyətli rolu var”.
Bu sözləri  uşaq bağçasının meneceri Suriyyə Xaspoladova musiqinin uşaqlara təsirindən danışarkən deyib.
“Bədii-estetik tərbiyənin ən təsirli vasitələrindən biri olan musiqi uşağın emosional təbiətinə çox yaxındır. Musiqinin təsiri altında onun estetik qavrayışı inkişaf edir, duyğuları zənginləşir. Onlarda müxtəlif hisslər oyadır. Eyni zamanda musiqi sinir sisteminin inkişafında böyük rol oynayır. Musiqi alətində ifa edən uşaqların digər uşaqlara nisbətən yaddaşı güclü olur, daha yaxşı oxuyur və zəngin söz ehtiyatına sahib olur. Uşaq təfəkkürünün inkişafında musiqinin rolu danılmazdır. Musiqi ilə məşğul olan uşaqlar başqalarının səs tonunu daha aydın seçə bilir. Nəfəs alma imkanları genişlənir, səs telləri möhkəmlənir”.
Suriyə xanım uşaqların musiqi zövqünün formalaşmasında ətrafın rolunu müəyyənləşdirmək üçün apardığı sorğunun nəticələri barədə də məlumat verdi. Belə ki, sorğunun məqsədi valideynlər və şagirdlərin hansı musiqiyə üstünlük verdiklərini və səbəbini öyrənmək olub:

“Mənim sorğum belədir:
1) Sizin sevimli janrınız hansıdır?
-caz –rep -impressionizm –R’n’b’
-rok –pop -trans -xaos
-d’n’ –romantika -kantri -müəllifli mahnı
-klassik -klub musiqisi -cavab yoxdur
2) Başqa musiqi janrlarına münasibətiniz necədir?
-neytral -mənfi
-müsbət -cavab yoxdur
3) Bu janrı seçməkdə səbəbiniz nədir?
-Çünki əla janrdır -Musiqinin üslubu xoşuma gəlir
-Bu musiqi altında rəqs etmək olar -Sadəcə xoşuma gəlir
-Bu musiqi məni rahatladır -Hüzrla doludur

9-16 yaş arası 50 şagird və 22-40 yaş arası 50 valideynin iştirak etdiyi sorğuda məlum olub ki, iştirakçıların 26%-nin sevdiyi janr yoxdur. Hansı musiqi daha çox dinlənilir o musiqiyə də üstünlük verirlər. Musiqi janrını nəyə əsasən seçdiyinə isə 39% “Sadəcə xoşuma gəlir” deyib. Bu nəticələr sorğunun ən yüksək nəticələridir, qalan bəndləri seçənlər azlıq təşkil edir.
Sorğunun nəticələri göstərir ki, əksəriyyət kütlənin dinlədiyi musiqini dinləyir. Belə mühitdə böyüyən uşaq da ətrafının musiqi zövqünə əsasən, yəni kütlənin dinlədiyi musiqiyə üstünlük verəcək.
Lakin nəzərə almaq lazımdır ki, kiçik yaşlardan uşaqlara düzgün musiqi savadı verilərsə, gələcəkdə onların musiqi seçimi kütlənin zövqünə deyil, öz musiqi biliklərinə əsaslanar”.

Suriyə xanım musiqiyə marağın formalaşmasında valideynlərin və müəllimlərin rolu haqqında da məlumat verdi:
“Uşaqların musiqiyə maraq və məhəbbətinin formalaşmasına xüsusi diqqət yetirmək lazımdır. Çünki musiqi uşaqların fiziki cəhətdən kamil, mənəvi cəhətdən zəngin olması üçün böyük təsirə malikdir. Buna görə də hər bir valideyn və müəllim uşaqların yaradıcılıq seçimlərinə böyük məsuliyyətlə yanaşmalıdır. Həmçinin nənələrimizin oxuduğu milli uşaq mahnıları, milli rəqslərin melodiyaları uşaqlara özünü tanımağa kömək edir. Uşaqların eşitdiyi hər bir musiqi onun psixologiyasına, daxili aləminə təsir göstərir. Bu mahnıların sayəsində uşaq özünü dərk etdikcə musiqi seçimində çətinlik çəkmir”.
Suriyyə xanım deyir ki, bağçada həftədə 4 dəfə dərslərdə müxtəlif musiqili oyunlar keçirilir. Müəllim uşaqları xalq və bəktəkar mahnıları, dünya musiqiləri, solfecio, xor və orkestr ilə tanış edir.
“Musiqi tərbiyəsinin düzgün qurulmasında tərbiyə metodlarının seçimi başlıca yer tutur. Metodların seçimində uşaqların bilik alarkən hansı mənbədən istifadə etməsi mühüm şərtdir. Təbii ki, ilkin mənbə musiqinin özüdür. Burada əsas metod uşaqlara musiqini dinlətmə təcrübəsi hesab edilir. Biliklərin əldə edilməsinin ikinci mənbəyi uşaqlara kamil şəkildə musiqi obrazının qavramanılmasına və musiqi əsərinin məzmunun anlaşılmasına kömək etməkdir. Üçüncü mənbəyə isə uşaqların özünün bilavasitə musiqi fəaliyyəti aid edilir. Məsələn, mahnı ifaçılığının, ritmikanın bacarıq və vərdişlərini mənimsəmək mümkün deyil. Yalnız praktiki fəaliyyət uşağın hərtərəfli inkişafına kömək edir. Metodların seçimi zamanı canlı yaradıcılıqdan mücərrəd təfəkkürə və buradan da təcrübəyə doğru istiqamətə üstünlük verilməlidir”.