Təəssüf ki, bəzən uşaqları xəstəxanaya yerləşdirməli oluruq. Psixoloqlar təsdiqləyir ki, əksər anaların şüurunda “Yaxşı valideynlərin uşaqları xəstələnmir”, deyə mif yaranıb. Əfsus ki, dünyanı idarə etmək əlimizdə deyil və əvvəlcədən nəyin baş verəcəyini bilmirik. Ona görə də belə hallarda valideynlərin davranışları, reaksiyaları çox vacibdir. Körpəsi xəstələnmiş ana, uşağının xəstəliyində özünü günahlandırmamalıdır. Valideynin özünü günahkar hiss etməsi uşağa təsir edir və onun vəziyyətini ağırlaşdırır. Ona görə də çox vaxt xəstəxanada valideynləri uşaqlarının yanına buraxmırlar. Belə halda psixoloqlar valideynlərə sakitliyi qorumağı tövsiyə edirlər.
İkinci məsləhət isə xəstələnən uşağın hisslərini nəzərə almaqdır. Belə ki, yaranan vəziyyətlə bağlı uşaqda olan qorxu hissi normaldır. Buna görə onu danlamamalısınız. Çıxış yolu kimi, onun fikrini bu narahatlıqlardan yayındıra bilərsiniz. Bəzən isə lazım gəlir ki, həqiqəti uşağa deyəsiz və ona səbrli olmağı tövsiyə edəsiz. Lakin onu da unutmayın ki, özünüzü çox şən göstərmək də doğru deyil. Qorxmuş, xəstəlikdən əziyyət çəkən uşaq görəndə ki, valideynləri tamamilə sakitdir, düşünə bilər ki, onu dəstəkləmir, başa düşmürlər.
Valideynlərdən birinə uşaqla birlikdə xəstəxanada qalmağa icazə verilərsə, bu, yaxşıdır. Lakin bu, həmişə baş vermir, xüsusən, yeniyetmələrdə. Beləliklə, uşaq xəstəxanada tək qalır. Gəlin onun gözü ilə vəziyyətə baxaq. Körpələri nəzərə almasaq, hətta məktəblilər də onların başına gələn bu vəziyyəti həyatları üçün təhlükə kimi qəbul edirlər. Məsələn, sağlamlıq üçün təhlükəsiz olan prosedurlar onlar üçün ölümcül görünür və bunu faciə kimi qəbul edirlər. Düşdükləri vəziyyət və məkanla bağlı qəribə fantaziyalar quran uşaqların narhatlığı yüksək dərəcədə olur. Uşaqlara elə gəlir ki, valideynləri onları qəddar insanlara veriblər və heç vaxt burdan onları götürməyəcəklər.
Təsəvvür edək ki, bir palatada bu şəkildə qorxmuş, narahat 4-5 uşaq müalicə alır. Uşağı bu cür palatada qalan valideynlər öz uşaqları ilə yanaşı digərlərinə də baş çəkməyi unutmamalıdırlar. Belə ki, bu uşaqlarla müxtəlif oyunlar oynayaraq, söhbət edərək onları məşğul edə bilərsiniz.
Bəzən olur ki, xəstəxanalardakı mühit uşaqlar üçün uyğun olmur: palatanın divarlarının rəngi, köhnə geyimlər, dadsız yeməklər və s. Belə halda valideynlər xəxtəxanadakı mühiti ev mühitinə yaxınlaşdırmalıdırlar. Bunun üçün palataya uşağın oyuncaqlarını, kitablarını gətirib qoymaqla otağı bəzəyə bilərsiniz.
Uşaq xəstəxanadan çıxandan sonra çox vaxt valideynlər çalışır ki, baş verən bu hadisəni, xəstəxananı uşağa unutdursunlar. Bu, çox ciddi səhvdir. Çünki stress yaşamış uşağın dünyaya qarşı inamı itir. O, tez-tez özünə qapanır. Bu hal uşağın yeniyetməlik dövründə yaranabiləcək psixoloji çətinliklərə səbəb ola bilər. Ona görə də, övladınızla söhbət edin, ondan ötrü necə darıxdığınızı, onun üçün necə narahat olduğunuzu deyin. Xəstəxanada niyə onunla birlikdə ola bilmədiyinizi izah edin. Qoy o, sizə öz narahatlıqları barədə danışsın.
Mənbə: mamam-papam.ru