Tərbiyədə doğru bildiyimiz yanlışlar

Bütün valideynlər düşünürlər ki, onlar övladlarından ağıllı və uzaqgörəndirlər. Bu cür təfəkkür tərzinə elə alışmışıq ki, əksini heç cür qəbul edə bilmirik və bu cür düşünənləri də qınayırıq. Yaş səviyyəsi baxımından və valideynlərin həyati təcrübəsi nöqteyi-nəzərindən yanaşdıqda övladın ata-anasına nəsihət verməsi normal qarşılanmaz. Çünki uşaqların görüb–götürməli, öyrənməli olduqları hələ çox şeylər var. Amma onların saf və böyük hissləri ilə müqayisədə bizim düşünərək atdığımız addımlar heç nədir. Xülasə, uşaqlar böyüklərdən böyükdür. İnanmırsınızsa, müşahidələr aparın, fərqi görəcəksiniz. 

Bəzən çox yazıçının demədiyi sözü uşaqlar deyir, aqillərin göstərmədikləri yolu uşaqların göstərdikləri anlar olur. Qəribədir, bu gün uşağı döyüb – söyüb, heysiyyətinə toxunub, böyüyəndə isə onu qürurlu bir şəxsiyyət kimi görməyi arzulayırıq. Düşünmürük ki, o qüruru bu gün “burnun girməyən yerə başını soxma” deyərək öldürürük. Böyüklərə aid məsələləri uşaqlara səbrlə, daha yumşaq, onun başa düşə biləcəyi şəkildə izah etmək lazımdır. Bir çox ailələrdə uşaqlarla heç də düzgün olmayan şəkildə davranılır. Uşaqları qorxaqlığa alışdırırlar, sərbəst düşünmələrinə hər vasitə ilə mane olurlar. Az-çox cəsarətli uşaqların etirazına isə “üzə ağ olma” kimi pis qiymət verirlər. Valideynlər özlərinin buraxdıqları səhvlərin fərqində olmadan hər an övladlarında nöqsan axtarır, hər şeyin üstündə onları danlayırlar.

Bütün hisslərimizlə uşaqlara bənzəsəydik, hər şeyi onların gözü ilə görsəydik həyatda bu qədər çirkinliklər olmazdı. Bu dünya özü belə bir uşaq aləmi qədər gözəl deyil. Parkdakı heyvan fiqurlarına onu incitməmək üçün minməyən saf uşaqlardan ibrət götürsəydik…

Çoxları özünü öyür ki, mən övladlarımı yaxşı tərbiyə edirəm. Bu yaxşı sözünə nələrin daxil olduğu məlumdur. Təbii ki, hər bir valideyn övladına oğurluğun, əxlaqsızlığın, adam öldürməyin pis əməl və yaxud cinayət olduğunu daima təbliğ edir. Bu əməlləri övladlarına yasaq etməklə tərbiyə sistemini çoxları məhdudlaşdırır. Lakin – “heç kəsin  cibinə göz dikmə”, “ucuz şöhrət dalınca qaçma”, “başqasının işinə qarışma”- kimi tövsiyələri isə elə-belə xırda şeylər hesab edirlər. 

Çünki uşaq ikən hamının anası ona- “ye yoxsa başqası yeyəcək”- söyləyir. Ona görə də bu gün hamı çox yeməyə çalışır, hamı sahib olduğu hər şeyi başqası ilə bölüşmək istəmir (təkcə kədərindən başqa)

Bir də dəcəllik edən uşaqları həkim və iynə ilə qorxutmağı doğru sanmaq olmaz. Bu pis təbliğatdır, uşaqları tibbdən uzaq salır. “Sakit dur, yoxsa həkim gəlib iynə vuracaq”-bu da bizim millətə məxsus tərbiyə üsullarından biridir. Uşaqlara həkimi və iynəni xeyirxahlığın, sağlamlığın rəmzi kimi təbliğ etmədiyimizdən də həkimliyi yalnız gəlirli peşə kimi sevirik.

Fərdi keyfiyyətləri ilə başqalarına nümunə ola biləcək övlad böyütmək üçün gərək özümüz onlara gözəl nümunə olaq. Ailəmizdə övladlarımızçün gözəl mənzərə yaratmalıyıq ki, onlar hər şeyi öz tablolarına al-əlvan rənglərdə köçürsünlər. Valideynlər özləri nəzakətli və mülayim davranmalıdırlar ki, övladları da öz yoldaşları ilə bu cür rəftar etsinlər. Ata – anasını qonşu ilə savaşan görməyə adət edən uşaqlar da məktəb yoldaşları ilə yola getmirlər. Övladı ilə dost olmayan valideynlərin uşaqlarının yanlış dost seçməsi çox asandır. Bu cür böyüyən uşaqlar əsl dostun necə biri olduğunu anlamayacaq, bəlkə də, onu uçuruma aparan birinə əl uzadacaq. Analarından qorxub sirrini rəfiqəsinə açan qızlar sonda tənha qalırlar.

Mənbə: qadin.net