“Tərbiyəçi təkmilləşdirmə” proqramının icrasına başlanılıb

sekil1Məktəbəqədər təhsil müəssisələrində keyfiyyətin artırılmasının əsas faktorlarından biri də pedaqoji heyətin bacarıq və səriştəsinin artırılmasıdır. Müasir məktəbəqədər təhsil standartlarına əsasən pedaqoji heyət daha çox uşaq inkişaf mütəxəssisi bacarıqlarına sahib olmalıdır. Bu onların uşaqların ehtiyaclarını doğru şəkildə qiymətləndirmələrinə və bu ehtiyacların təmin olunması üçün valideyn, bağça və uşaq tandeminin yaradılması vasitəsilə həll olunmasını planlaşdırır.

“Education Management Network” Şirkəti məktəbəqədər təhsil müəssisələrində tərbiyəçilərdə uşaq inkişafı mütəxəssisi bacarıqlarının formalaşdırılması məqsədilə “Tərbiyəçi təkmilləşdirmə” Proqramının icrasına başlayıb. Proqram çərçivəsində şirkətin Uşaq İnkişafı üzrə mütəxəssisi Anar Xələfov tərəfindən Uşaq İnkişafı üzrə təlimlər həyata keçirilir. Proqram hazırda “İnci” uşaq bağçası, “İndigo” Nərimanov uşaq bağçası və “BabyStar” uşaq bağçasının pedaqoji heyəti üçün tətbiq edilir. Təlimlər ilə bağlı şirkətin mütəxəssisi Anar Xələfovun verdiyi məlumata görə, təlim məktəbəqədər yaşlı, tipik və Xüsusi Təhsilə ehtiyacı olan uşaqların təlim-tərbiyəsi ilə məşğul olan, bağçaların işçi heyəti üçün təşkil olunub. Həmçinin övladının ehtiyaclarını dərk etmək və ehtiyaclarını təmin etmək istəyən valideynlər də iştirak edə bilər.

Mütəxəssis eyni zamanda iştirakçıların təlimin sonunda hansı bilik və bacarıqlara yiyələnəciklərindən də danışıb:

“Təlim hər biri 3 saat əhatə etməklə 15 sessiyadan ibarətdir. Təlim sessiyaları 4 moduldan ibarətdir

Modul 1.  Uşağın İnkişafını və buna təsir edən amillərin müəyyənləşdirilməsi.

Modul 2.  Uşağın inkişafını dəstəkləyici mühitin yaradılması

Modul 3.  Uşağın gün rejiminin, gündəlik işlərin və keçidlərin planlaşdırılması

Modul 4.  Məşğələlərin planlaşdırılmasında uşağın inkişafının nəzərə alınması.

Uşağın inkişafına təsir edən amillərin müəyyən edilməsi və bu amillərin uşağın fərdiyyətinə təsirin dərk edilməsi.

Uşaqların (əlilliyi olan uşaqlarda daxil olmaqla) fərdi xüsusiyyətlərinin müəyənləşdirilməsi;

Uşaqların dörd istiqamətdə (sosial, emosional, koqnitiv və fiziki) inkişaflarının planlaşdırılması və planın icra edilməsi.

Uşaqların inkişafının planlaşdırılmasında və onlarla qarşılıqlı münasibətdə uşaq inkişafı prinsiplərinə riayət edilməsi;

Uşaqların inkişafının üçün planlaşdırılan strategiyanın effektivliyinin yoxlanması və inkişaf edilməsi

Valideyinlərin uşaqların inkişafı prosesində ən mühüm yer tutduqları üçün onların öz uşaqlarının inkişafı ilə evdə məşğul olmaları üçün himayədarlarla paylanan bilik və bacarıqlar.”

Təlimin əsas məqsədindən danışan Anar Xələfov sonda – “Müasir bağçalardan tələb sadəcə uşaqların keyfiyyətli qida ilə təmin edilməsi və rahat, isti otaqlarda saxlanması ilə yekunlaşmır. Məktəbəqədər yaşlı uşaqlarla işləyən pedaqoji kollektivdən uşaqların temperamenti, inkişaf özəllikləri kimi fərdi xüsusiyyətləri, onların ətraf mühiti barəsində ətraflı məlumatı öyrənmək, təhlil etmək və onların inkişafını planlaşdırma bacarıqları valideynlərin və bağça müdiriyyətinin əsas gözləntiləridir. Bu səbəbdən dövrün tələblərinə cavab vermək istəyən bağçalar və inkişaf mərkəzləri öz pedaqoji kollektivinin bacarıqlarının artırılması istiqamətində işlər aparır.” – sözlərini də əlavə edib.