“Televizorla “sakitləşdirilən” uşaqlarda autizm yarana bilər

tvMüasir dövrdə “nadinc uşaq” problemi psixologiyada xüsusi anlayış və diaqnozdur. Valideynlərin uşaqlarının hər şeyi dağıtması, sözə baxmaması, dərslərini oxumaması, yaddaşının zəif olması kimi şikayətləri onların tərbiyəsiz olduğu anlamına gəlmir. Psixologiyada bu tip davranışlar hiperaktivlik adlanır.

Bagcam.az Ailem.az-a istinadən bu mövzu ilə əlaqədar həkim nevropatoloq Raisə Tahirova ilə müsahibəni təqdim edir:

Uşaqlarda hiperaktivlik müasir neyropediatriyada aktual problemlərdən biridir. Bu problem bəzən xəstəlik, bəzən isə sindrom kimi qələmə verilir. Sizcə hiperaktivlik xəstəlikdir, ya sindrom?

– Əvvəlcə onu bildirmək istəyirəm ki, hiperaktivlik və diqqət əskikliyi pozğunluğu tamamən başqa məfhumdur. Günümüzdə çox uşaqlara öz valideynləri və ya həkimlərimiz tərəfindən yanlış diaqnoz qoyulur. Eyni zamanda çox miqdarda lazımsız dərman qəbulu baş verir və valideynlərin yersiz narahatçılığına səbəb olur. Burada əsas məsələ uşağın inkişaf mərhələlərində normal qəbul edə biləcəyimiz aktivliyi valideynlərin “patologiya” kimi qəbul etmələridir. Keçmiş ədəbiyyatlarda bu minimal beyin disfunksiyası adlanırdı. Müasir yanaşma hiperaktivlik – diqqət əskikliyi pozğunluğu şəklindədir. Amma xəstəlik və ya sindrom arasında seçim etməli olsaq, o zaman sindromu seçmək daha məntiqlidir. Amma söhbətimizdə mən “pozğunluq” kimi adlandıracam.

Hiperaktivliyi psixi və ya genetik xəstəlik hesab edən mütəxəssislər də var. Bununla bağlı düşüncələriniz?

– Əgər biz hiperaktivlik – diqqət əskikliyi pozğunluğunu nəzərdə tutsaq, son tədqiqatlar bu pozğunluğa genetik meylin ola biləcəyini göstərir. Araşdırmalar göstərir ki, bu kimi şikayətləri olan uşaqların yaxın qohumlarında da eyni hallar baş verir. Ümumi etiologiyasından danışsaq, dəqiq bir etioloji faktor qeydə alınmayıb. Etiologiya kimi bir çox səbəblər göstərilir.

Hiperaktivliyi diqqət çatışmazlığının nəticəsi hesab etmək olar?

– Bəzən ola bilir ki, hiperaktivliyi olmayan uşaqda diqqət əskikliyi, diqqət əskikliyi olmayan uşaqlarda hiperaktivlik ön plana  çıxa bilər.

Uşaqların kompüter və televiziya qarşısında uzun müddət oturması diqqət çatışmazlığının nəticəsidir? Bu haqda fikrinizi bilmək istərdik.

– Hiperaktivlik – diqqət əskikliyi pozğunluğu olan uşaqlar  televizor və ya kompüter qarşısında saatlarla otura bilərlər. Bu zaman valideynlər səhvən onların “sakit” oturduğunu düşünürlər. Əslində isə uşaqların inkişafına olduqca mənfi təsir göstərən televizor təhlükəsi ilə uşaqlarını baş-başa qoyurlar. Konkret bir rəqəm demək mümkün olmasa da, deyə biləcəyim 0-3 yaş qrupundan olan uşaqların televizora baxmasının həddindən artıq zərərli olmasıdır. Valideynlər buna qətiyyən yol verməməlidir. Hazırda televizorun uşaqlarda autizmin ortaya çıxmasına şərait yaradan faktorlardan biri kimi göstərilir.

Hiperaktivliklə bağlı valideynlər üçün bəlkə də ən qorxulu suallardan biri də uşağın intellekt səviyyəsinin aşağı düşməsi, dərslərdə davamiyyətin digərlərindən zəif olmasıdır. Bu nə dərəcədə doğrudur?

– Hiperaktivlik və diqqət pozğunluğu olan uşaqlarda diaqnoz ən çox məktəb yaşlarına kimi, yəni 7 yaşına qədər qoyulmalı və lazımi təqdirdə müalicə olunmalıdır. Belə pozğunluğu olan uşaqların valideynləri bilməlidir ki, bu zəka geriliyi demək deyil. Hiperaktivlik və diqqət əskikliyi olan uşaqlarda yanaşı olaraq təbii ki, oxuma və öyrənmə pozğunluqları da ola bilər. Amma ümumi götürdükdə belə uşaqların oxuma ilə problemləri diqqət əskikliyi və ya hiperaktivitələri ilə bağlıdır. Qonşu Türkiyədə müəllimlər üçün xüsusi protokollar təşkil olunub. Burada hiperaktivlik və diqqət əskikliyi olan uşaqlara dərs öyrətmə və davranış qaydaları qeydə alınıb. Düzgün yanaşma olsa, belə uşaqlar digər uşaqlar kimi dərslərini öyrənə və tapşırıqlarını yerinə yetirə bilərlər.