“Seçim zamanı iştirakçının təcrübəsinə xüsusi diqqət yetirilməlidir”

Hər valideyn övladının özünü xoşbəxt və sağlam hiss edəcəyi bağçaya getməsini arzulayır. Bunun üçün isə bağçanın savadlı və uşaqlarla işləməyi bacaran peşəkar kollektivinin olması əsas şərtlərdəndir.

Bəs bağçalara işçi heyəti necə seçilməlidir? Bu haqda Bagcam.az saytına “Education Management Network”-un İnsan Resursları üzrə meneceri Sevda Babanlı müsahibə verib. O, bildirib ki, işçi heyəti seçilərkən ilk növbədə həmin şəxsin bu sahədə aldığı təhsillə yanaşı, təcrübəsinə də xüsusi diqqət yetirilməlidir.

“Bağça elə bir müəssisədir ki, burada işçilər birbaşa uşaqlarla işləyirlər və onların təcrübəli olmağı çox önəmlidir. Müəllimin savadı ilə maksimum gülərüz və mehriban olmağı eyni dərəcədə olmalıdır”.

“Education Management Network”-ə daxil olan bağçalara işçi seçimlərində birbaşa iştirak edən Sevda xanım, seçimin üç mərhələdən ibarət olduğunu vurğulayıb:

“Birinci, görüşümüz olur. Orada biz insanın ixtisasının uyğun olmağına fikir veririk, psixoloji durumunu qiymətləndiririk. İkinci seçimdə isə bizim bağçanın psixoloqu iştirak edir və iştirakçıların psixoloji testini keçiririk. Üçüncü – sonda isə iştirakçılara açıq dərslər verilir”.

Bütün mərhələlərdən uğurla keçən iştirakçılar sonda şəbəkəyə daxil olan bağçalardan birində işləmək haqqı qazanır.

“İşçi heyətinin inkişafı çox önəmlidir” deyən menecer, bunun üçün “Education Management Network”-un bir sıra layihələr həyata keçirdiyini qeyd edib:

“Hazırda davam edən  “Master Tərbiyəçi Proqram”ıdır. Hansı ki, bu, 3 aylıq kursdur və burada tərbiyəçiyə lazım olan bütün  praktik və əyani biliklər verilir. Yeni layihəmiz var – “Master Pre school”. Bu isə gələcəkdə menecer işləmək istəyənlər üçün kursdur”. 

Həmçinin “İndigo” Nərimanov uşaq bağçasının meneceri vəzifəsində çalışan Sevda Babanlı  öz işçilərinin inkişafı üçün davamlı olaraq kiçik layihələr həyata keçirdiklərini bildirir:

“Bağça olaraq biz bir neçə dənə kitab almışıq.  İşçilər o kitabı oxuyur. İki işçi bir kitabı oxuduqdan sonra onu digər işçilərə təqdimatını edir. Bununla yanaşı uşaqlarla düzgün ünsiyyət, davranış qurmaqla bağlı təlimlər və seminarlar keçirilir”.

Qeyd edək ki, “Education Management Network”-ə daxil olan “Peter Pan”, “İndigo”, “Baby Star” uşaq bağçalarının menecerləri də işçi heyətlərinin təkmilləşməsi üçün təlimlər təşkil edir.