Samirə Dünyamalıyeva: “Həyatdakı ən vacib əlaqə valideyn-övlad münasibətidir”

Uşaqlarda ilkin kommunikasiya bacarıqlarını formalaşdıran amillərdən biri də valideyn-övlad münasibətinin düzgün qurulmasıdır. Uşaqlıq dövründən başlayan bu münasibət onlarda idrak mexanizminin təkminləşməsinə və insanlar arasındakı münasibətlərin əsasını dərk etməsinə kömək edir.

Valideyn-övlad münasibətini necə düzgün qurmaq olar? Bu münasibətdə valideyn öhdəlikləri nələrdir? bu kimi sualların cavabını almaq üçün “Bağçam” Uşaq Bağçaları Şəbəkəsinin baş direktoru Samirə Dünyamalıyeva ilə söhbətləşdik.

Samirə xanım bildirir ki, insan həyatındakı ən vacib əlaqə valideyn-övlad münasibətidir. Uşaqların həyatlarında quracaqları digər əlaqələr üçün istinad nöqtəsi məhz kiçik yaşdan valideynləri ilə  qurduğu bağdır:

“Hər şeydən əvvəl bilməliyik ki, uşağın ana ilə qurulan münasibəti həyat boyu yaradacağı bütün əlaqələrin əsasını təşkil edir. Ana və körpə arasındakı doğru ünsiyyət etibarın əsasını təşkil edir. Körpənin emosinal ehtiyacı ödənilməzsə, körpə özünə inamsız və narahat olur.

Ata ilə uşaq arasındakı münasibət, ana ilə uşaq arasındakı münasibət qədər vacibdir. Körpəlikdən başlayan bu ünsiyyət onu gələcəyə hazırlayır. Yaranan əlaqə nə qədər sağlam və güclü olarsa, uşaqlar da bir o qədər sağlam gələcəyə hazır olurlar.

Valideyn-övlad münasibətlərində həddindən artıq inciklik varsa, onları düzəltmək çox çətindir. Övladlarınızla qurduğunuz münasibətdə təqdir, sevgi, maraq və dəyər hissi nə qədər çox olarsa, övladlarınız da bir o qədər xoşbəxt, sevgi dolu və faydalı yetişkinlər kimi böyüyəcəklər”.

Müsahibimiz əlavə edir ki, valideynlər uşaqları ilə düzgün kommunikasiya qurarkən ilk növbədə onların inkişaf mərhələlərini bilməli və övladlarının inkişaf dövrünə uyğun davranmalıdırlar:

“Valideynlər övladlarını tanımaqdan başlamalıdır. Övladlarından yaşlarına və qabiliyyətlərinə uyğun tələblər etməli, öz yaşlarından yuxarı gözləntilər qoymamalıdırlar. Valideynlər övladlarının öz kiçik modelləri olmadığını, bacı-qardaşlarından, dostlarından fərqləndiyini qəbul etməli, onlara özünəməxsus intellekt və şəxsiyyət xüsusiyyətlərinə malik müstəqil fərd kimi yanaşmalıdırlar. Valideynlərin övladlarına “uyğun davranış”, nəyin doğru və ya nəyin yanlış olduğunu öyrətmələri üçün həm özlərinə, həm də övladlarına qarşı davranışlarında balanslı, ardıcıl və qərarlı olmalıdırlar. Belə bir əlaqə qurduqda uğurlu münasibətin əsası qoyulur”.

 

Valideyn-övlad münasibətindəki valideyn öhdəliklərinin vacibliyini də vurğulayan Samirə xanım uşaqların həm maddi, həm də mənəvi ehtiyaclarının qarşılanmasının onların inkişafına təsirini də qeyd edir:

“Valideynin öhdəliyi uşağın maddi və mənəvi ehtiyaclarını ödəməkdir. Maddi ehtiyaclar; qida, geyim, sağlamlıq kimi fiziki ehtiyaclardır. Mənəvi ehtiyac dedikdə isə sevginizi hiss etdirmək, rəhbər olmaq və onlara vaxt ayırmaqdır. Valideynlərin əsas vəzifəsi də elə bu ehtiyacları qarşılamaqdır. Həmçinin, valideynlərin vəzifəsi uşağı həyatının bütün sahələrində lazım olacaq təhsilə yönəltməkdir. Onların bacarıqlarına uyğun yol göstərmək, həvəsləndirmək və dəstək olmaqdır. Ümumi olaraq valideynlər övladlarına empatiya hissini, ədalətli olmağı, insanların hisslərinə hörmət etməyi, yaxşını pisdən ayıra bilməyi öyrətməli, səhv etməsinə imkan yaradaraq mühakimə və mütaliə etmək qabiliyyətini inkişaf etdirməlidir. Bu bacarıqları aşılamadan öncə valideynlər övladlarına nümunə olmalıdır”.

 

Düzgün kommunikasiyanın faydaları haqqında da danışan müsahibimiz uşaqların sosial və cəsarətli fərd kimi formalaşamasında bu münasibətin birbaşa təsir etdiyini söyləyir:

“Valideynlər övladlarının özlərini idarə edə bilməsi və düzgün dəyərlərə sahib olması üçün mühit hazırlamalıdır. Yaradılmış mühit uşaqların məsuliyyət hissini inkişaf etdirməli, onları yaranan hadisələrin nəticələri ilə baş-başa buraxmalı,  hüquq və azadlıqlarının sərhədlərini öyrətməlidir. Kifayət qədər dəstəyin göstərildiyi bu mühitdə valideynlərin verdiyi intizam və tərbiyə müsbətdir. Uşağın iradəsinə heç vaxt mane olmamalı, davranışlarına tolerant yanaşılmalı və düzgün hesab edilməyən davranışlar yumşaq şəkildə düzəldilməlidir. Belə bir çevik mühitdə uşaq cəsarətli və sosial fərd kimi böyüyür. O, həyatını konstruktiv səylər üzərində qurmağı öyrənir”.

 

Sonda Samirə xanım “Bağçam” Uşaq Bağçası Şəbəkəsinin bu mövzuda gördüyü işlər barədə də ətraflı danışır:

“Valideyn və uşaqlar arasında ünsiyyətin, əlaqənin vacibliyini dərk edərək “Bağçam” Uşaq Bağçaları Şəbəkəsi yarandığı ilk gündən fəaliyyətinə valideynləri də cəlb edir. Bu istiqamətdə bir sıra layihələrimiz də mövcuddur. Bunlardan biri “Mənim Valideynim, Mənim Müəllimim”dir. Layihənin məqsədi valideynlərin peşələrinə və ya maraqlarına uyğun mövzularda övladları ilə birgə məşğələ – təqdimat hazırlamasıdır. Artıq 10 ilə yaxındır keçirilən bu layihə hələ də aktivliyini saxlayır.

Valideyn – uşaq kommunikasiyasına dəstək olan digər layihəmiz isə “Nənə – Baba Günləri”nin keçirilməsidir. Bu gün çərçivəsində böyük valideynlərimiz olan nənə və babalar uşaq bağçasına dəvət olunur, onlar üçün xüsusi tədbir proqramı hazırlanır. Belə günlər uşaqlarla ünsiyyətin inkişafına təkan verir.

Digər layihəmiz “Ailələr Yarışır” adlı valideyn və uşaqların birgə iştirak etdiyi idman və intellektual oyunlardan ibarət müsabiqədir.

“Bağçam” Uşaq Bağçaları Şəbəkəsi gündəlik fəaliyyəti zamanı da valideyn və uşaqlar arasında ünsiyyətin aktiv saxlanmasına çalışır. Bunun üçün evə müxtəlif mövzularda tapşırıqlar verilir və onların valideynlərlə birgə həll olunması tapşırılır. Həmçinin uşaqların müəssisəyə valideynlər tərəfindən gətirilməsinə və götürülməsinə diqqət olunur ki, bu zaman da uşaq və valideyn arasında ünsiyyət möhkəmlənir”.