Qar havasının uşağa xeyri var

qarSon bir neçə gün ərzində ölkə ərazisində havanın qarlı olması müəyyən qədər fərqli bir görüntü yaradır. Belə ki, əhalinin o qədər də alışmadığı bu hava şəraiti adətən çox az bir müddət ərzində davam etsə də, qısa zaman üçün müəyyən problemlərlə yadda qalır. Uşaqların soyuqlaması, yıxılıb əzilmələr və qəzalar… Amma bütün bu neqativ hallara baxmayaraq, qar xəstəlikləri məhv edən ən ciddi amil kimi qəbul edilir. Bu baxımdan bakteriyaların məhv olduğu belə havalarda həkimlər təmiz hava qəbul etməyi məsləhət görürlər.

Mövzu ilə bağlı pediatr Gülnar Allahverdiyeva fikirlərini bölüşərkən deyib ki, əgər uşaq sağlamdırsa, heç bir qrip və bu kimi xəstəliklərə yoluxmayıbsa, küləksiz vaxtlarda təmiz havaya çıxmasında fayda var: “Amma unutmaq lazım deyil ki, təmiz havaya çıxarılan uşaqları ilk olaraq uzun müddət ərzində havada saxlamaq olmaz. Həftə ərzində 15 dəqiqəlik rejimdən başlayaraq tədricən 1 saata qədər təmiz havada saxlamaq olar. Çox zaman valideynlər uşaqların ağızlarını qalın şərflərlə bağlayırlar ki, uşağın nəfəs borusuna soyuq hava daxil olmasın. Bu da düzgün deyil. Uşaqların, soyuq belə olsa, təmiz hava ilə nəfəs almağında fayda var. Bakteriyaları ölmüş təmiz qar havasının uşağa çox ciddi şəkildə xeyri var. Bu faydanı digər şeylərdən almaq olmaz. Uşaq soyuq və eyni zamanda isti hava ilə nəfəs alarkən orqanizm hər iki hava kütləsinə alışır. Soyuq hava virusların məhv olduğu bir havadır. Bu cür havada uşaqla gəzməyin çox faydası var”.

Mənbə: Ailem.az