Ailədə uşaqlar yalnız məişət problemləri ilə əhatələndikdə, onlara qayğı göstərilmədikdə, ibtidai biliklər ötürülmədikdə, kitablar oxunmayıb, nağıllar danışılmadıqda, saymaq, şeir, mahnı öyrədilmədikdə və diqqətdən kənar qalanda onlarda pedaqoji laqeydlik yaranır. Nəticə, onlar doğulduqları gündən tanış olduqları məişət söhbətlərini daha tez yadda saxlayır, bu günə qədər yad olan ibtidai bilikləri və davranış qaydalarını isə çox çətinliklə öyrənə bilirlər.
Pedaqoji laqeydliyik haqqında “Baby Star” uşaq bağçasının meneceri pedaqoq Kamilə Baloğlanova öz fikirlərini bölüşüb:
“Uşaqlarda pedaqoji laqeydliyi bəzən psixi xəstəliklərə də bənzədirlər. Bunun əmələ gəlmə səbəblərindən ən başlıcası ailə daxilində konfliktlərin olmasıdır. Belə hallar daha çox ata və ana arasında qarşılıqlı hörmətin olmaması, disharmonik (özlərinə qapalı) mühitin olması, uşaqlara qarşı ailə daxilində diqqətin olmaması və s. bu kimi hallar təsir edir.
Valideynlər uşaqları maddi cəhətdən tam təmin etmək üçün daha çox çalışırlar. Ona görə də uşaqlara göstərdikləri mənəvi dəstək yetərsiz olur. Bu tip valideynlər uşaqların maddi cəhətdən tam təmin olunmasını əsas prioritet qədul edir və bununla da problemi belə həll etmiş olurlar. Valideynlər unutmamalıdırlar ki, uşaq özbaşına böyüyə bilməz. Uşağa qayğı, məhəbbət, sevgi, diqqət göstərilməlidir. Bu məsələləri valideyn öz üzərinə götürməlidir.
Təəssüf ki, pedaqoji laqeydlik uşağın bütün sahələrdə inkişafına təsir göstərir. Uşağın əsas inkişaf sahələrindən biri sosial-emosional inkişafdır. Pedaqoji laqeydlikdə ilk növbədə zərər çəkən məhz sosial-emosional inkişaf olur. Uşaq öz yaşıdları və özündən böyüklərlə ünsiyyət qurmağı bacarmır. Ünsiyyət qura bilmədiyinə görə də məktəbəqədər dövrün əsas öyrənmə vasitəsi olan oyuna qoşula bilmir. İkinci zərərçəkən sahə isə idrakın inkişafıdır. Bəzən uşaqlar sadə cümlələr belə qura bilmirlər, məşğələlərdə fəallıq göstərmirlər.
Pedaqoq və psixoloqlar tərəfindən belə uşaqlara ciddi nəzarət olunmalıdır. Onlarla müntəzəm intensiv iş aparmaqla həmin uşaqları digərlərinin inkişaf səviyyəsinə çatdırmaq olar”.