“Payız-qış mövsümündə uşaqlar xüsusi qorunmalıdır”


Untitled-45Fəsil dəyişikliliyi zamanı uşaqların xəstəliklərə yoluxması daha da artır.  Bu hal həm uşaqların, həm də valideynlərin narahatlığına səbəb olur, lakin gündəlik tibbi nəzarət düzgün aparılarsa, uşaqları xəstəliklərdən qorumaq mümkün olar.

Bu barədə Bagcam.az-a müsahibə verən “Peter Pan” uşaq bağçasının tibb bacısı Solmaz Zeynalova bildirir ki, hər şeydən əvvəl valideynlər uşaqları təmiz havaya çox çıxarmalıdırlar:

“Payız-qış mövsümündə fəsil dəyişkənliyi ilə bağlı yarana biləcək infeksion xəstəliklərin qarşısını almaq üçün uşaqları tərləməkdən, soyuqdan, soyuq su içməkdən qorumaq lazımdır. Bununla yanaşı, uşaqların immunitetinin yüksək olmasına çalışmalıyıq. İmmunitetin yüksək olması xəstəliklərin qarşısını alır. Bunun üçün yay aylarında günün müəyyən saatlarında  imkan olarsa, dənizə aparmaq, günəş vannasından istifadə etmək lazımdır. Ev şəraitində də uşaqları su vannalarına, duşa öyrətmək lazımdır. Valideynlərə digər məsləhətimiz odur ki, uşaqların təmizliyinə xüsusi fikir versinlər. Xüsusilə, əllərinin, üzlərinin təmiz olmasına diqqət yetirsinlər. Çünki bir çox xəstəliklər təmas yolu ilə yayılır. Dırnaqların təmizliyi də çox vacibdir. Həmçinin, uşaqlar yoluxucu xəstəliyi olan şəxslərdən də uzaq saxlanmalıdırlar”.

Tibb bacısı bağçalarda da gündəlik tibbi nazarətin aparılmalı olduğunu bildirir. Tibbi nəzarətin əsas məqamlarını qeyd edir:

“Gündəlik tibbi nəzarət zamanı uşaqların dırnaqlarına, əsnəklərinə, temperaturuna, ümumi sağlamlıq vəziyyətinə baxılır. Bu mərhələdən sonra uşaqlar soyunub-geyinmə otağına daxil olurlar, bağça daxilində geyindikləri paltarları və ayaqqabıları geyinirlər. Uşaqda narahatlıq aşkarlanarsa, valideyn bağçanı tərk etəməmiş ona xəbərdarlıq edilir. Tibbi nəzarət nəticəsində yüksək temperaturunun olduğu aşkar olunan uşaqlar bağçaya qəbul edilmir. Valideyn getdikdən sonra uşaqda hər hansı narahatlıq olarsa, ona ilkin tibbi yardım göstərilir və ya izolyasiya edilir. Valideynlərin icazəsi ilə, bəzi dərman preaparatları dozaya uyğun verilir. Uşağın narahatlığı davam edərsə, valideyn övladını bağçadan aparmalıdır, həmçinin uşaqların fiziki inkişafına da diqqət olunmalı, onlar üçün hər gün fiziki məşğələlər təşkil edilməlidir”.

Solmaz xanım uşaqların sağlamlığı üçün gündəlik qidalara da nəzarətin vacibliyini bildirir:

Çalışmaq lazımdır ki, gündəlik uşaqlara verilən qidalar təzə olsun və saxlanma şəraiti də düzgün olsun. Bağçalarda da hər həftə yeni bazarlıq olunmalı və bütün məhsullar qeydiyyatdan keçirilməlidir. Hazır yeməyin keyfiyyəti üzərində də gündəlik tibbi nəzarət həyata keçirilir. Gündəlik olaraq, bütün hazırlanan yeməklərdən, kompotlardan, şirniyyat da daxil olmaqla, nümunə götürülür. Yeməklərin keyfiyyətinə və qidalılığına tam əmin olduqdan sonra onlar uşaqlara verilir. Bütün qida növlərinin keyfiyyəti nəzarətdə saxlanılır”.

Solmaz xanım əlavə edir ki, gündəlik tibbi nəzarət çərçivəsində uşaqların sağlamlığı ilə yanaşı qidanın yaşlarına uyğun, norma daxilində qəbuluna, uşaqların xarici görünüşünün səliqəsinə də diqqət edilməlidir. Bundan əlavə uşaqların icbari müayinəsinin önəmindən də danışır:

“Uşaqlar ildə bir dəfə icbari olaraq, bütün mütəxəssis həkimlərin müayinəsindən keçməlidirlər. Qida və yuxu rejimi qaydasında olmalıdır. Valideynlər özləri də uşaqlar da qida və yuxu rejiminə düzgün əməl etsələr  xəstəliklərin qarşısı alınar”.