Bagcam.az “İndigo” uşaq bağçasının loqopedi Mədinə Əliyevanın məqaləsini təqdim edir:
“Övladımda niyə nitq problemi var?” “Bu problem nədən yaranır?” kimi suallarla bir mütəxəssis olaraq tez-tez rastlaşıram. Bu suallar valideynləri narahat edir. Hər bir valideyn övladının ilk hecalarını, ilk sözlərini böyük sevinc və səbirsizliklə gözləyir. Lakin gözlənilən bu qabiliyyət gecikdikdə və ya övladının yaşıdlarının sahib olduğu nitqə sahib olmadığını gördükdə valideynlər məyus olur. Onlar bunun nə ilə bağlı olduğunu və mövcud vəziyyətdə nə etməli olduqlarını bilmir.
Əgər uşağın yaşına uyğun nitqi yoxdursa, bu hər hansı bir “nitq qüsuru” və ya “nitq ləngiməsi” ola bilər. Məsələn: Uşaq cümlə qura bilmə mərhələsində (18-24 ay arası dövr) olmasına baxmayaraq, uşağın nitqi olmaya bilir və ya bu nitq özünəməxsus nitq olub, ətrafdakılar tərəfindən anlaşılmaya bilər. Bu halda uşağın eşitmə qabiliyyətinin sağlamlığını yoxlamaq lazımdır. Bunu isə ona tapşırılan təlimatları nə dərəcədə yerinə yetirib-yetirməməsi ilə öyrənə bilərik. Məsələn: “Topu gətir”, “Oyuncağı şkafa qoy”. Əgər uşaq təlimatları yerinə yetirirsə, deməli uşaqda “qavrama dili” inkişaf edib, “ifadəedici dili” isə ləngiyir. Bu, “nitq ləngiməsi” ola bilər.
Bu problemləri yaradan bir çox səbəb mövcuddur. Valideynlər bir qədər diqqətli olub problemi vaxtında aşkar edərək, mütəxəssisə müraciət edib lazımi köməklik ala bilərlər. Nitq problemini yaradan səbəblərə aşağıdakıları nümunə göstərmək olar:
- Uşaqla ünsiyyətin az olması;
- Televizor və kompüter asılılığı;
- Nitq inkişaf mərhələlərinin bir-birini ardıcıllıqla izləməməsi;
- Artikulyar aparatda olan anormallıq;
- Eşitmə və burun-boğaz problemləri;
- Psixi inkişafın ləngiməsi;
- Mərkəzi sinir sistemi ilə bağlı problemlər;
- Baş beyinin müxtəlif travmaları;
- Genetik nitq problemi;
- Autizm və s.
Bunlarla yanaşı ailədə ikidilliliyin olması, uşaqla körpə dilində danışmaq və uşağın danışması üçün ona fürsət verilməməsi də nitq problemi yaradır. Uşağın nitqinin düzgün inkişafı üçün nitqin formalaşma dövründə (1-5 yaş arası dövr) uşağa düzgün yanaşma vacibdir. Yəni, nitq təqlidlə inkişaf etdiyi üçün valideynlər və uşağı əhatə edən yaxın ətrafdakı insanlar uşaqla səlis, düzgün nitqlə danışmalı, uşağa yaş dövrünə uyğun nağıllar, şeirlər, mahnılar oxumalı və ünsiyyət zamanı ona danışması üçün şərait yaradaraq, danışıq əyləncə halına gətirməlidirlər.