Bu xəstəlik uşaqlar arasında geniş yayılıb – ƏLAMƏTLƏRİ

xeste_usaqRespublikanın baş pediatrı Nəsib Quliyev bildirmişdi ki, cari ildə keçirilmiş icbari dispanzerizasiya zamanı uşaqlar arasında helmintozun (qurd xəstəliyi) geniş yayıldığı müşahidə olunub. Bəs helmintoz nədir? Əlamətləri və fəsadları hansılardır? Pediatr Vaqif Qarayev Aile.lent.az-ın oxucularına xəstəlik haqda geniş məlumat verib.

Helmint – soxulcan, kürdçü və ya lent formasında parazit qrupu, bağırsaq parazitidir. Helmintozis isə helmint qrupunda olan soxulcanların səbəb olduğu infeksiyadır.

V.Qarayevin sözlərinə görə, helmint parazitləri əsasən bağırsaq, ağciyərlər, qaraciyər, od kisəsi və öd yollarında, beyində “məskən” salırlar.
Helmintoz xəstəliyi müxtəlif qruplara bölünür. Bir qrup helmint kontakt (birbaşa təmas) yolu ilə yoluxdurur, digər qrupun yumurtaları çirklənmiş torpaqda, suda inkişaf edir, sonra insanı yoluxdurur. Üçüncü qrup helmintlərin isə ara sahibi (müxtəlif heyvanlar) olur və insanı ara sahibi yoluxdurur: “Helmintlər müxtəlif olsa da, bir çox əlamətləri ümumidir. Bu əlamətlər sırasına halsızlıq, yorğunluq, diqqətsizlik, əzələ və oynaq ağrıları, ürəkbulanma, qusma, dəridə müxtəlif səpkilər, anal qaşınma, yuxuda dişlərin bir-birinə sürtülməsi, ağızdan su gəlmə, qarında ağrılar, qəbizlik və ya ishal, əllərdə dərinin soyulması, sifətin şişkinliyi, tutmaşəkilli öskürək, hərarətin yüksəlməsi və s. daxildir”.

Pediatr qeyd edib ki, xəstəlik vaxtında müalicə olunmasa, hepatit, miokardit, meninqoensefalit kimi ciddi fəsadlar yarada bilər. Müalicəsi ilə pediatrlar və parazitoloqlar məşğul olur.

V.Qarayev uşaqları bu xəstəlikdən qorumaq üçün valideynlərə tövsiyələrini də verib: “Gigiyenik qaydalara daim və ciddi əməl edilməlidir. Uşağın əlləri çirkli olmamalıdır. Uşaqlar üçün meyvə-tərəvəz axar su altında dəfələrlə yuyulmalıdır. Dırnaqlar mütəmadi tutulmalı, alt paltarı və yataq dəsti qaynadılmalıdır. Uşağın alt paltarı hər axşam-səhər isti ütü ilə ütülənib geyindirilsə, yaxşı olar. Uşaq tək yatmalıdır. Torpaqla təmas kəsilməlidir. Bundan başqa, helmintlə xəstə uşaq kollektivdən izolə olunmalıdır. İctimai yerlərdə müxtəlif predmetlərlə təmas maksimum məhdudlaşdırılmalıdır. Uşaqlarda helminitin yuxarıda sadalanan əlamətləri müşahidə olunarsa, dərhal həkimə müraciət etməlisiniz. Xəstəliyin müalicəsi əksər hallarda bir neçə kurs çərçivəsində aparılır, ona görə uşaq sona qədər müalicə olunmalıdır”.