“Motivasiya zamanı həvəsləndirmə və mükafat çox önəmlidir”

xalide-rzayevaBagcam.az Education Management Network-un təlim-tərbiyə  işləri üzrə mütəxəssisi Xalidə Rzayevanın uşaqları  təlimə motivasiya  etməyin yolları haqqında müsahibəsini təqdim edir:

Müasir dövrdə uşaqların təlimə olan marağını necə dəyərləndirirsiniz ?

– Uşaq təbiəti elə qurulub ki, demək olar bütün uşaqlar daxilən motivasiyalı olurlar. Onlar var gücü ilə çalışırlar,  uğur əldə etmək istəyi isə onlarda daxildən gəlir. Bu baxımdan uşağı uğura motivasiya etmək üçün xüsusi kəşflər etməyə ehtiyac yoxdur. Uşağın özünü qiymətləndirməsi birbaşa onun uğurlarından asılıdır. Ona görə də kiçik yaşlarında  “uşaq depresiyasının” yaranmaması olduqca vacibdir. Onlar uğur əldə etmək üçün bütün şanslarının olduğunu biləndə var gücü ilə çalışırlar.

Uşaqlarda təlimə marağı artırmaq üçün məsləhətləriniz nələrdir ?

– Məqsədyönümlü uşaqlar daha rahat idarə olunurlar və öyrənirlər. Ona görə də valideynlər və müəllimlər bu imkanlardan istifadə etməlidirlər. Düzgün təlim strategiyası və qiymətləndirmənin nəticəsi belə uşaqlara  möcüzəvi təsir edir.

Amma bəzi uşaqlar yüksək motivasiyalı və məqsədyönlü olmurlar. Onlar  çətinliklə öyrənirlər və yavaş-yavaş uğur əldə edirlər. Belə uşaqların inkişafına  dəstək olmaq üçün  valideynlər  xüsusi şərait yaratmalıdırlar və öz övladlarını  daim motivasiya etməlidirlər. Valideynlər uşaqları motivasiya etmək üçün onlara yaxşı kommunikasiya bacarığı aşılaya bilərlər.  Uşağın yaxşı oxumağı üçün, onun ünsiyyətcilliyi yüksək səviyyədə olmalıdır.

Bunun üçün xüsusi təlim strategiyaları varmı? Hansı metodlardan istifadə edilməlidir ?

– Ən birinci çalışmaq lazımdır ki, təlim uşaq üçün şən keçirilsin.  Təlim prosesi uşağa hər şeydən əvvəl xoş əhval ruhiyyə bəxş etməlidir. Belə halda xarici motivasiyanın köməyi ilə uşağın təlim prosesinə olan marağını uzun müddət saxlamaq mümkündür.  Eləcə də uşaqların  diqqətini  kompüter texnologiyası, oyunlara, maraqlı əyləncələrə cəlb etmək mümkündür. Bu zaman uşağın yaşı, inkişafı, bilik və bacarıq səviyyəsi mütləq nəzərə alınmalıdır.

Ümumiyyətlə bağça yaşında olan uşaqlara hansı növ təlimlər keçirilməlidir?

– Bağça yaşlı uşaqların hərtərəfli inkişafı üçün onlara  inkişaf sahələri üzrə müxtəlif təlimlər keçirilir. Bunlar fiziki fəaliyyətlər üzrə  – idman məşğələləri, oyunlardır. İdrak fəallığı üzrə – nitq inkişafı, bədii fəaliyyət, riyazi təfəkkür,  informasiya, müsahibə, ekskursiyalardır. Estetik, yaradıcı fəaliyyət üzrə – musiqi fəaliyyəti, təsviri fəaliyyətdir. Sosial – emosional fəaliyyət üzrə  uşağın özünü ifadə etməsi , sosial bacarıqlaını inkişaf etdirən təlimlərdir.

Motivasiya hansı prinsiplər əsasında qurulur ?

– Motivasiya zamanı Həvəsləndirmə və Mükafat çox önəmlidir. Ata və ananın dilindən söylənilən adi həvəsləndirici ifadələr onların diqqətini cəlb edərək, çalışan uşağa böyük stimul verə bilər. Lakin buna baxmayaraq, bəzi uşaqlara təlim materiallarını mənimsətmək üçün daha güclü motivasiya tələb olunur. Belə hallarda  uşağı mükafatlandırmaq yaxşı nəticə verir.  Amma  valideynlər bu mövzuda diqqətli olsunlar. Mükafat böyük olmamalıdır. Çünki əsas mükafat deyil, təlim fəaliyyəti öndə tutulmalıdır. Mükafat uşağın şəxsi maraqlarından qaynaqlansa yaxşıdır. Məsələn, mükafat dostları ilə daha artıq vaxt keçirmək, sevdiyi oyun, cizgi filmi ola bilər.  Bəzən valideynlər bu baxımdan böyük səhvlərə yol verirlər. Mükafat heç bir halda  pul formasında olmamalıdır.

Zəif motivasiya edilmiş uşaqla güclü motivasiya edilən uşağın arasındakı fərqlər nədən ibarətdir?

– Güclü motivasiya edilmiş uşaq, zəif motivasiya edilmiş uşağa nisbətən özünü ifadə edə bilən, məqsədyönümlü, gücünə inanan, uğur əldə etməyə can atan biridir.  Zəif motivasiya edilmiş uşaq isə əksinə utancaq, qorxaq, ünsiyyətdən çəkinən olur.

Motivasiyanın iki növünün olduğu deyilir. Daxili və xarici motivasiya. Sizcə bu iki növ arasında fərqlər nələrdir ?

– Əlbəttə, daxili motivasiyanın olması gözəl haldır. Uşaq prosesin özünə və nəticəsinə maraq göstərir. Yeni informasiya almağa daim can atır və inkişaf edir. Lakin  xarici motivasiyanın təsirini də olduqca vacib hesab edirəm. Belə ki xarici motivasiya vasitəsi ilə bir sıra müsbət keyfiyyətlər əldə etmək mümükündür.

Siz çalışdığınız uşaq bağçasında  hansı  motivasiya üsullarından istifadə edirsiniz?

– Motivasiya üsulları kimi təlimin qeyri standart formada  təşkili,  uşaqda prosesə maraq oyatmaq, təlim prosesini musiqili, ritmik hərəkətli fəaliyyətlə əlaqələndirmək, hayati bacarıqların  mənimsənilməsinə yönələn fəaliyyətlər ola bilər.

Bəzən uşaqlar bağçada bilmədikləri və ya çətinlik çəkdikləri fəaliyyətlərdən yan keçmək istəyirlər. Bu bir növ özünü müdafiə metodudur. Belə situasiyalarda təlimin nəticəsinə görə deyil,  uşağı göstərdiyi  səylərə  görə  həvəsləndirmək vacibdir.

Təlimə motivasiya prosesində hansı hallarda bu  növlərdən istifadə edirlər?

– Təlim prosesi mütləq motivasiya ilə başlamalıdır ki, uşaqda prosesə maraq oyatsın. Bu zaman  tərbiyəçi uşaqlarda  yüksək  əhval ruhiyyə yaradaraq  onları təlim prosesinin fəal iştirakçısına çevirir. Çalışın təlimi  uşağın şəxsi maraqları ilə mütləq əlaqələndirəsiniz. Bu, onlarda motivasiya hissini gücləndirir.

Təlimdə motivasiyanın təsiri necə olur? Hansı nəticələr əldə edilir?

– Uşaqda ilk motivasiya yaradan şəxs valideyndir.  Uşaq səhvlərinə görə daim danlanmamalıdır.  Təlim prosesində qarşılaşdığı çətinliklərin öhdəsindən gələ bilməyən uşaqlar tədricən  təlimə qarşı həvəsləri azalır. Bu baxımdan  uşağı hər zaman öz gücünə inandırmaq vacibdir.  Uşağı daim motivasiya edərək çətinliklərin öhdəsindən gəlməyə alışdırmaq lazımdır. Əks  halda  bu uğursuzluq uşağı məktəb illərində və gələcək həyatında müşayiət edəcəkdir.

Demək belə nəticəyə gəlirik ki, uşağın beyninə hazır məqsəd və motiv qoymaq deyil, uşaq üçün özünün öyrənə biləcəyi rahat şərait yaratmaq lazımdır ki, o, öz imkanlarından istifadə edərək şəxsi maraqlarını reallaşdıra bilsin.