Oğullarımızın bizə ehtiyacı var. Bəziləri uşaqlıqdan yetkinliyə keçid mərhələsində yolunu itirməyə başlayır. Bəziləri isə uzun müddətli, qorxunc təsirləri olan yanlış seçimlər edir. Esquire jurnalında yayımlanan məqalə insanı təşvişə salan bir məsələyə diqqət çəkir: “Oğlan uşaqlarının məktəbi atmaq, universitetə girməmək, içkiyə qurşanmaq, həbsə girmək və intihar etmək ehtimalları sinifdə yanında oturan qızlardan daha yüksəkdir”.
Müəllimlər olaraq biz nə edə bilərik?
İlhamverici bir nümunə olun
Məktəb günü hələ başlamadan əvvəl tez oyana bilər, peşəkar insan kimi geyinə bilər və işimizlə nə qədər qürur duyduğumuzu şagirdlərimizə göstərə bilərik. “Dəmir Adam” ləqəbli məşhur beyzbol oyunçusu Cal Ripken bunu keçən illərdə edib. Beyzbol formasını ardıcıl olaraq 2632 oyun üçün geyinib. 16 il ərzində bir dəfə belə məsuliyyətsizlik etmədən və şikayətlənmədən etməli olduğu işi yerinə yetirib.
Biz də şagirdlərimizə cəsarətli olmaq üçün özünü göstərməyə gərək olmadığını öyrədə bilərik. Cəsarət bəzən hollandiyalı yəhudi bir qızın almanlardan qaçmaq üçün tavan arasında gizlənəndə yaşadığı səssizlikdir. Bəzən də məktəbə getməyi çox istədiyi üçün Talibana qarşı gələn pakistanlı bir qız uşağının, yəni Malala Yusufzayın iradəsi olaraq aşkara çıxır. Şagirdlərimizə Yusufzayın sui-qəsdlə üz-üzə gəlsə də, həyatda qalmağa müvəffəq olaraq Nobel mükafatını alan ən gənc insan olduğunu öyrədə bilərik.
İdman komandalarına məşqçilik, klubların idarəetməsində kömək edə bilər və məktəb rəqslərində onlara partner ola bilərik. Kim bilir, bəlkə, birini hətta dövlət başçısı olmağa ruhlandıra bilərik?!
Hot Springs Liseyinin orkestr rəhbəri Virgil M. Spurlin liseydə illik turnirlər olanda Amerika Birləşmiş Ştatlarının əvvəlki dövlət başçısı Bill Clintona turnirlərin necə təşkil olunacağını və mənbələrini necə istifadə etməli olduğunu öyrədib. Clinton “Spurlinlə keçirdiyim illər məni bir şeylər təşkil edə biləcəyimə və idarə edə biləcəyimə inandırdı. İstədiyim hər şeyi, həqiqətən də, edə biləcəyimi və insanları öz izimlə apara biləcəyimi – bu siyasət üçün çox önəmli bir xüsusiyyətdir – o illərdə anladım,” deyə söyləyir.
Onlara hər insanın yanlışlarını düzəltməli olduğunu öyrədə bilərik. Dinamiti kəşf edərək böyük sərvətə malik olan Alfred Nobel vəsiyyətində Nobel mükafatının yalnız “insanlığa ən böyük faydanı verən” insanlara veriləcəyini xüsusilə qeyd edib. Bunun sayəsində məhvedici bir ünsür icadçısı olmasına baxmayaraq, ölümündən sonra tibb, ədəbiyyat, kimya, fizika və fiziologiya sahələrində və ən önəmlisi də, sülh adına böyük bir miras qoymağı bacarıb.
Rəhbərlik etməyə erkəndən başlayın
Oğullarımıza əgər pis hiss edirlərsə, tək olmadıqlarını bilmələrini öyrətməliyik. Selincer “Çovdarlıqda uçurumdan qoruyan” adlı kitabında Antolininin Holden Caulfielda dediyi kimi:
“İnsanların davranışları qarşısında ağlı qarışan, qorxan və hətta xəstə olan ilk insanın sən olmadığını görəcəksən. Bu hisslərində heç də yalnız deyilsən və bunu bilmək üçün böyük həyəcan, istək duyacaqsan. Bir çox kişi eynilə sənin indi vəziyyətin kimi əxlaqi və ruhi sıxıntılarla qarşılaşmaq məcburiyyətində qalır. Nə xoş ki, bəziləri sıxıntılarını kağıza tökür. Əgər istəsən, onlardan çox şey öyrənə bilərsən. Eynilə bir gün sənin təqdim edəcəyin bəzi şeyləri başqalarının gəlib səndən öyrənməsi kimi. Bu, çox gözəldir: qarşılıqlı razılaşmadır. Və bu, təhsil, tədris deyil. Bu, tarixdir. Bu, şeirdir”.
Bütün bunları etməliyik, çünki uğurun tələb etdiyi bacarıqlar “İnformasiya dövrü”ndə dəyişdi. Artıq əzbər deyil, maarif hökm sürür. Ancaq təəssüflər olsun ki, oğlan uşaqları təhsil həyatlarına zərərlərlə başlayırlar. Araşdırmalar məktəbə başlayanda qız uşaqları ilə müqayisə edildikdə oğlanların sosial və humanitar bacarıqlarının daha az inkişaf etdiyini və qızlardan daha aktiv olduqlarını aşkara çıxarır. Əgər yaşadıqları bu xəyal qırıqlıqları illər içində toplanarsa, öyrənmək istəklərini öldürə bilər.
Oğlan uşaqlarına təhsil həyatlarının ən əvvəlindən yol göstərməliyik. Onlara tədris planından daha çoxunu öyrətməliyik. Kitablarla əhatələndirməliyik. Bütün bunları edərkən onlarla eyni bərabərlikdə olmalı, gözlərinin içinə baxmalı və onlardan ən yaxşısını gözlədiyimizi deməliyik.
Onlar yanlarında olduğumuzu, məsuliyyətlərini yerinə yetirməklərinin bizim üçün nə qədər önəmli olduğunu bilməlidirlər.
Mənbə: egitimpedia.com