Oğlan uşağı gəlinciklə oynayırsa, onunla bu cür davranın

– Ana, mənə kukla al…

5-6 yaşlarında bir oğlan uşağı deyirdi bu sözləri. Ana isə oğlunun bu “kiçik” istəyini tez yerinə yetirib, onu sevindirməyə tələsirdi…

Bu hadisəyə bir oyuncaq mağazasında şahid oldum və marağımı boğa bilməyib, həmin valideyndən oğluna nə üçün maşın deyil, gəlincik aldığını soruşdum. O isə “kukla da oyuncaqdı. Oğlum onunla oynamaq istəyirsə, burada qəribə nə var ki?”, – deyə gülərək uzaqlaşdı…

Uşağın oğlan, yoxsa qız olmasını təyin etmək olmur…

İctimaiyyət arasında bu kimi hallara vaxtaşırı rast gəlirik. Müşahidə edirsən ki, bəzi valideynlər azyaşlı oğlan uşaqları ilə qəribə rəftar edir, onun saçlarını qız kimi uzadır, elə geyindirirlər ki, həmin uşağın oğlan olduğunu qəti şəkildə müəyyən etmək mümkün olmur. Elə ailələr var ki, oğlan övladı yox, qız istəyirlər. Əgər arzularının əksinə, oğlan övladları doğulursa, onunla qız kimi rəftar edir, saçlarını uzadır, qız kimi geyindirirlər. Bəzi valideynlər üçün isə bu kimi davranışlar tamamilə əyləncə xarakteri daşıyır. Yəni bunu zarafat xatirinə edirlər və uşaqları ilə əylənirlər.

Belə hallar isə ictimaiyyət arasında birmənalı qarşılanmır. Maraqlıdır ki, fikrini dinlədiyimiz yaşlı insanlar məsələyə tamamilə mənfi, nisbətən gənc yaşda olanlar isə bir az loyal yanaşır, bu cür davranışların uşaqların psixologiyasına heç bir mənfi təsiri olmayacağını düşünürlər. Birinci qrupun fikrincə, ailədə oğlan uşaqlarının təlim-tərbiyəsinə ciddi diqqət yetirilməlidir. Hələ bir də müharibə şəraitində olan bir ölkədə yaşayırıqsa, oğlan uşaqlarımıza qız kimi bəzənmək deyil, kişi kimi vuruşmağı öyrənmək yaraşır.

Düşünür ki, bu, ananın əyləncəsidir

Bagcam.az xəbər verir ki, mövzu ilə bağlı Ailem.az-a danışan psixoloq Vəfa Əkbər ailələrimizdə rast gəlinən bu cür davranışların psixoloji məqamlarına aydınlıq gətirdi. Bildirdi ki, uşaqların tərbiyəsinə xüsusi diqqət yetirmək lazımdır. Çünki hər bir şeyin təməli, məhz uşaqlıqdan qoyulur: “Ümumiyyətlə, bütün valideynləri bu sual narahat edir – biz övladımıza necə yanaşaq ki, gələcəkdə cinsiyyət seçimi qarşısında qalmasın və sağlam bir həyat sürsün? Məsələ burasındadır ki, oyuncaq seçimi və ya uşağın rəng seçimi onun daha sosial, daha sevincli böyüməsinə sadəcə təkan verir. Hansı oyuncaqla oynaması isə onun gələcəkdə peşəsinə, fəaliyyətinə təsir göstərə bilər. Bəzən valideynlər çox narahat olur ki, oğlanlar anasının kosmetik əşyalarından istifadə etməyə meyl edirlər. Tutaq ki, evdə balaca qız uşağı varsa, onun gəlinciyindən, yoxdursa, getdikləri mağazalarda gəlinciklə oynamağa meyl edir. Əslində uşaq başa düşmür ki, kosmetik vasitələr, gəlincik nə üçündür. Düşünür ki, bu, ananın əyləncəsidir, ananın oyuncağıdır. Bu zaman uşağı sadəcə başa salmaq lazımdır. Qadağa qoymaq lazım deyil. Nəyisə başa saldıqda isə demək lazımdır ki, bu, bəzək əşyasıdır, bundan qadınlar istifadə edir. Kişilər isə saat, qalstuk aksessuarlar taxır. Deyir ki, sən də böyüyəndə atan kimi bu aksessuarlardan istifadə edəcəksən”.

Qadağan olunan meyvə şirin olur …

V. Əkbərin sözlərinə görə, valideyn oğlunu doğru tərbiyə edərsə, təbii ki, çox problemlə rastlaşmayacaq: “Əgər oğlan uşağı gəlinciklərə meyl edirsə və valideyn bunu qadağan edirsə, qışqıraraq, bağıraraq onu qorxudur və ya qadağa qoyaraq reaksiya verirsə, uşaq daha çox o şeylərə meyl edəcək. Çünki qadağan olunan meyvə həmişə şirin olur. Əksinə, bu enerjini başqa bir şeyə sərf edə bilərik. Hazırda elə bir dövrdəyik ki, oğlanlar üçün də oyuncaq seçimi boldur. Hansısa bir cizgi filminin qəhrəmanları var kukla formasında, onlar alına bilər. Əgər uşağın həvəsi varsa ona, o həvəsi ötürmək lazımdır. Səhv enerji yanlış seçimə gətirib çıxarır”.

Uşaqda öz cinsinə qarşı nifrət yaranacaq

Mütəxəssis vurğulayır ki, ümumiyyətlə, valideyn diqqətli, müşahidəçi olmalıdır, uşağında baş verən dəyişiklikləri dərhal bilməlidir: “Valideyni nəsə narahat edirsə, mütləq özü müdaxilə etmədən bir psixoloqa müraciət etməlidir. Əgər oğlan uşağının qız oyuncaqlarına, boyalara aşırı dərəcədə marağı varsa, bunun da kökündə qadağa yatır. Buna görə də psixoloqa müraciət etmək lazımdır və bundan qorxmaq lazım deyil. Əgər uşaqda hansısa hormonal problemlər başlayıbsa, tutaq ki, ailədə hansısa problemlər var, ana döyülən, ya ataya xəyanət edəndirsə, bununla yanaşı ata daim əzilmiş formadadır, evdə ata arxetipi yoxdursa, mütləq şəkildə o uşaqda öz cinsinə qarşı nifrət yaranacaq. Və o nifrət daha çox qadın əşyalarına, qadın olmağa meylə yönələcək. Başlayacaq o söhbətlərə qulaq asmağa, qeybət etməyə ki, bunlar valideyni narahat etməlidir. Bu zaman da mütəxəssisə müraciət edib, peşəkar yardım almaq mütləqdir”.

Mütəxəssislərin fikrinə əsasən, yaşadığı mühit, düşdüyü şərait yetkin yaşda cinsi orientasiyanın dəyişməsinə səbəb ola bilir. Cəmiyyətdə gördüyü, rastlaşdığı mənfi nümunələr mütləq uşaq psixologiyasına təsir göstərir. Burada ailədaxili problemlər və ya hansısa ətraf psixofaktorun təsir nəticəsi də danılmazdır. Həmçinin uşaq yaşlarında ailədə yetərli sevgi, qayğı görməyən oğlan uşaqları daha çox biseksuallığa meylli olur.