K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda (“OMD” xəstəxanası) jurnalistlər üçün “Ana südü ilə qidalanmanın əhəmiyyətinə dair” UNİCEF və Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə maarifləndirici seminar keçirilir.
Bagcam.az-ın Ailem.az-a istinadən verdiyi məlumata görə, seminarda çıxış edən Elmi-Tədqiqat Pediatriya İnstitutunun vaxtından əvvəl doğulan və yeni doğulanların patologiyası bölməsinin rəhbəri Mahirə Əfəndiyeva deyib ki, ana və uşaq sağlamlığı dövlətin əsas prioritet sahələrindən biridir.
Ana südü ilə qidalanmanın üstünlüklərinə toxunan M.Əfəndiyeva qeyd edib ki, həmin uşaqların süni qida ilə qidalanan uşaqlardan fərqi də çox olur: “Ana südü ilə qidalanan uşaqlar xəstələnən zaman daha tez sağalır, onlarda ölüm halları az təsadüf olunur. Hər bir ana süd ilə qidalanmanın əhəmiyyətini bilsə, uşağını yalnız südlə qidalandırar”.
Onun sözlərinə görə, 3-5% ananın südü olmur: “Ananın sağlamlığı ilə bağlı olan məsələlər nəticəsində körpələr südü qəbul edə bilmir. Belə hallarda körpəni ac saxlamaq olmaz və süni qida vermək olar. Bu istiqamətdə maarifləndirmə və təbliğat işləri düzgün aparılmalıdır”.
Seminarda çıxış edən Azərbaycan Tibb Universitetinin terapektiv-pediatrik kafedrasının dosenti Səidə Məmmədova qeyd edib ki, ana südü ilə qidalanmanın əsas amillərindən biri psixoloji amildir.
2 nömrəli Doğum evinin baş həkimi Mehriban Abbasquliyeva vurğulayıb ki, son zamanlar süni qidaların təbliğatı da çox geniş yayılıb. Körpənin süni qida ilə qidalanması üçün mütləq tibbi göstəriş olmalıdır.