“O cür öskürən uşaq xəstəxanada yatmalıdır”

Son zamanlar uşaqlar arasında öskürək, ürəkbulanma, qızdırma halları çox artıb. Hətta uşaq müalicə olunsa belə, xəstəlik tamamilə sağalmır, mütəmadi olaraq təkrarlanır. Uşaqlarda daimi burun axması, öskürək müşahidə olunur. Bu isə təbii ki, valideynlərdə narahatlıq yaradır, onları təşvişə düşürür. Bəs nə üçün xəstəlik bu qədər uzun sürür və bunun uşağın səhhəti üçün hansısa təhlükəsi varmı? Keçib getmək bilməyən xəstəlikdən qorunmaq üçün nə etmək lazımdır? Bagcam.az Ailem.az-a istinadən pediatr Günay Rəsulovanın bununla bağlı fikirlərini diqqətinizə çatdırır.

Həkim deyir ki, mövsümün çox uzanmış, inadlı və keçmək bilməyən öskürəkləri göy öskürək və ya göy öskürəyə bənzər sindromlardır: Yüksək qızdırma, əsasən gecə saatlarında olan uzanmış boğucu öskürəklər, ardınca öyümə, qusma ilə gedən və bəzən aylarla davam edən bezdirici öskürəklər çox yayılıb. Müraciət edən xəstələr çox vaxt bir neçə həkim qəbulunda olub müalicə aldıqlarını, lakin effekt görmədiklərini deyirlər. İlk cümlələri də “ən yaxşı həkimlər baxıb, amma sağalda bilməyiblər” olur. Məsələ orasındadır ki, bu infeksiyaların gedişatına təsir etmək onsuz da mümkün olmur. Müalicə yalnız və yalnız xəstəni ağırlaşmalardan qorumaq və simptomları mümkün qədər yüngülləşdirməkdən ibarətdir. Aparılan müalicələrə baxmayaraq, xəstəlik öz müddətini başa vurmamış simptomlar, əsasən də valideyni çox həyəcanlandıran boğulma və qusma ilə gedən gecə öskürəkləri çox, bəzən 4-6 aya qədər uzana bilir və tədricən keçir”.

Pediatr qeyd edir ki, belə uşaqlar mütləq həkim nəzarətində olmalı, körpələrə isə stasionar nəzarət də lazım gələ bilər. Valideynlər isə bu durumda mümkün olduqca təmkinli olmalıdır. Bununla yanaşı xəstəlikdən qorunmaq üçün profilaktik peyvəndləri vaxtında etdirmək, xəstə ilə təmasdan uşaqları uzaq tutmaq lazımdır: “Həkim uşağı müayinə edib xəstəxanada yatmağa göstəriş verirsə, valideynin təşviş və ürəyində şübhə dolu baxışlarla ilk sualı bu olur – yatmadan müalicə olmazmı?. Elə hallar var ki, evdə müalicə olmaz. Bəs hansı halda uşaq mütləq xəstəxanada yataraq müalicə almalıdır, evdə yox? Əgər öskürən uşaqda pnevmoniya – ağciyərlərin iltihabı həm klinik, həm də obyektiv müayinə-rentgen ilə təsdiqlənmişsə və bəzi kriterlərə uyğundursa, uşaq müalicəni yataraq almalıdır”.

Həkim aşağıdakı hallarda öskürən uşağın xəstəxanada yatmasının vacibliyini vurğulayır:

– Uşaq 2 aydan balacadırsa və pnevmoniyası varsa, mütləq yatızdırılmalıdır.

2 aydan yuxarı yaşı olan uşaqlar isə aşağıdakı hallarda yatızdırılmalıdır:

– Nəfəs almaqda çətinlik çəkirsə

– Taxipnoe varsa (südəmər uşaqda tənəffüs sayı dəqiqədə 70-dən çoxdursa, böyük uşaq dəqiqədə 50-dən çoxdursa)

– Hipoksemiyası varsa (SpO2 92% aşağıdırsa)

– Şüur pozğunluğu varsa

– Uşaq ağızdan qidalana bilmirsə

– Uşaqda yanaşı olaraq susuzlaşma, önəmli miqdarda qusma varsa

– Uşaqda toksik görünüm varsa

– İçmə antibiotiklərlə effekt alınmamışsa, evə yazılmış müalicədən effekt alınmamışsa

– Ağciyər qrafisində ağciyərin 1 neçə payında iltihab varsa, geniş atelektaz, abses, pnevmotosel, plevrada maye varsa

– Sürətli radioloji pisləşmə varsa

– Müalicə uyumsuzluğu (Ana-atanın müalicəyə uymaması)

– Sosial göstəriş (Ailənin evdə uşağa baxma şəraitinin yetərsiz olması)