“Musiqi uşaqların inkişafına da təsir edir”

“Musiqi uşaqların inkişafına da təsir edir”“Estetik tərbiyənin ən təsirli vasitələrindən biri də musiqidir. Musiqi uşaqlarda müxtəlif hisslər oyadır. Bu hisslər sevinc də olur, qəm -qüssə də.  Musiqinin uşaqlara  tək mənəvi yox, həm də fiziki təsiri olur.”

Bu sözləri  uşaq bağçasının  musiqi rəhbəri Abdullayeva Esmira musiqinin uşağa təsirindən  danışarkən  deyib.

O bildirir ki, uşaqlar mahnı oxuyarkən nəfəs alması normallaşır: “Həm də nəfəs alma imkanları genişlənir, səs telləri möhkəmlənir.  Sonra məsələn, marş sədaları altında uşaqlar yeriyir , bu zaman biz onların mütləq qamətinə fikir veririk. Uşaqların qaməti dəyişir, onlar daha düz gəzə bilirlər.”

Esmira xanım “İnci” uşaq bağçasındakı musiqi dərslərindən də məlumat verir:

“Musiqi proqramında hər yaş qrupuna aid  musiqi materialımız var. 2-3 yaşından başlayaraq 5-6 yaşa qədər.  Musiqinin köməyi ilə uşaqların ətraf mühitə də  münasibəti dəyişir. Vətənə, insanlara məhəbbət hissi daha da artır.  Dinləmə zamanı müxtəlif musiqilər səsləndiririk.  Çalışırıq ki, uşaqlara dünya musiqilərini dinlədək və onlarda bəstəkarlar haqqında təsəvvür formalaşdıraq.

Uşaqlara musiqini səhər dinlədirik. Hər gün bizdə mütləq 9-un yarısı  canlı musiqi sədaları altında səhər idmanı olur.  Uşaqlar himni oxuyur, ardınca isə səhər idmanı edirik. Yeməkdən sonra isə  musiqi məşğələləri başlayır.”

Musiqi rəhbəri uşaqların musiqiyə marağından da söhbət açır:

“Ümumiyyətlə uşaqların musiqiyə marağı tamam başqadır. Biz də çalışırıq ki, onlar dincəlsinlər. Həm zövq alsınlar, həm də dincəlsinlər. Müxtəlif oyunlar keçiririk. Uşaqlar hərəkətli oyunları çox sevirlər. Dərsin sonunda mütləq hərəkətli oyunlar olur. Uşaqlar çox böyük zövq alır.”