“Master Pre-School” gələcək karyeram üçün bir pillədir”

“Education Management Network” və “Edu.Co” tərəfindən təşkil edilən “Master Pre-School” Məktəbəqədər Təhsil Müəssisələri Rəhbərlərinin Hazırlıq Proqramı yekunlaşıb. İki ay davam edən proqramın bitməsi münasibətilə bağlanış mərasimi keçirilib.

Tədbir “Master Pre-School” layihəsinin rəhbəri Sevda Babanlının giriş sözüylə başlayıb. Daha sonra iştirakçılara sertifikat, təlimçilərə təşəkkürnamələr təqdim olunub. Təlimlərdə uğurla iştirak edən dörd nəfərə isə bağçada təcrübə keçmək şansı verilib.

Sevda Babanlı “Master Pre-School” layihəsi haqqında fikirlərini Bagcam.az-la bölüşüb:

“Bu bizim birinci “Master Pre-School” layihəmiz idi və çox məmnun qaldıq ki, iştirakçılarımız yetəri qədər oldu, yəni maraq göstərdilər, kənardan qatılanlar da oldu. Biz çalışdıq ki, iştirakçılarımıza bağçada düzgün rəhbərlik etmək, düzgün sistemi qurmaq və onu idarə etmək biliklərini, bacarıqlarını verək. Burada Marketinq, PR, insanlarla düzgün ünsiyyət qurmaq və s. var idi”.

Tədbirin rəsmi hissəsindən sonra iştirakçılar bir-biriylə gələcək planları və hədəfləri barədə fikir mübadiləsi aparıblar.

Bağça tərbiyəçisi, “Master Pre-School”un iştirakçısı Aynur İslamova da Bagcam.az-la təəssüratlarını bölüşüb və öyrəndiklərinin ona fayda verəcəyinə əmin olduğunu bildirib:

“Başda Rasif bəy olmaqla “Master Pre-School” proqramına çox təşəkkür edirəm. “Master Pre-School” mənə çox şey qazandırdı. Bu, mənim gələcək karyeram üçün bir pillə deməkdir. Burada maraqlı insanlarla tanış oldum, dostlar qazandım. İnanıram ki, hər şey gözəl olacaq”.

İbtidai sinif müəlliməsi Gülnar Muxtarova isə təlimlərdə qazandığı bilikləri artıq öz işində tətbiq etdiyini söyləyib:

“Burada keçirdiyimiz günlər bizim üçün çox maraqlı oldu. Təlimçilərimiz bizə çox yaxşı, maraqlı məlumatlar verdilər. Öyrəndiklərimizin hamısını tətbiq edə bilməsək də, bunun bizim həyat təcrübəmizə çox böyük köməkliyi oldu. Öyrəndiklərimi işimdə tətbiq edirəm. Bildiklərim və öyrəndiklərim işimə çox yaxşı təsir edir”.

Tədbirin sonunda birgə tort kəsilib.

Qeyd edək ki, proqramın tərəfdaşları 5 illik təcrübəsi olan “İndigo” , “İndigo” Nərimanov, “Baby Star”, “Peter Pan” və “Yuvam” Uşaq Bağçalarıdır.