“Kurikulum testi hazırlanarkən uşaqların yaşlarına fikir verilməlidir”

Təhsildə tətbiq olunan Kurikulum sisteminin adı yunan dilindən tərcümədə “yol” deməkdir.  Adından da məlum olduğu kimi bu təhsil metodunda tərbiyəçi müəllim uşağa yol göstərib, istiqamət verir. Müəllim uşaqlara öz dediklərini mənimsətməklə yanaşı, onların bilik və bacarıqlarının üzə çıxmasına kömək edir.

Kurikulum təhsil metodunun Azərbaycan təhsil sistemində tətbiqinə 90-cı illərdən  başlanılıb. Bu  metod “Education Management Network”ə daxil olan “İndigo” Nərimanov uşaq bağçasında da istifadə olunur. Bağçanın tərbiyəçi metodisti Natavan Quliyeva kurikulumun tətbiqi barədə Bagcam.az-a müsahibə verib:

“Uşaqların bağçadan kənarda – evdə, həyətdə – gördükləri, əldə etdiyi bilikləri tərbiyəçi məşğələ zamanı üzə çıxarır. Tərbiyəçi uşaqla bərabər onun biliklərini genişləndirir. Yəni, məşğələ monoloq şəklində keçmir, tədqiqat sualları, müzakirələr aparılır.

“Bilirəm, İstəyirəm bilim, Öyrənirəm” kurrikulumda belə bir bölmə var. Bu, çox gözəl  nəticə verir, çünki artıq tərbiyəçi bilir ki, onun qarşısındakı uşağın potensialı nədir və o potensiala uyğun özü də həmin aspektlərə fikir verməyə çalışır.  Hansı sahələrdə əgər özündə boşluq varsa, o sahələri inkişaf etdirir və bərabər uşaqla yeni biliklər əldə edir. Bu çox maraqlı formada qurulur. Əsas odur ki, tərbiyəçi o kuriukulumu özünə yaxın bilsin, mənimsətsin və nəticədə həqiqətən də təhsilin keyfiyyəti yüksəlir”.

Kurikulum təhsil sisteminə aid olan müasir interaktiv təhsil metodlarından biri fəal təlim metodlarıdır. Buraya didaktik, stolüstü, inkişafetdirici oyunlar aiddir. Bu oyunlar zamanı uşaqlar hərtərəfli inkişaf edir. Tərbiyəçi metodist bildirir ki, fəal təlim metodunun düzgün tətbiqi üçün “İndigo” Nərimanov uşaq bağçasının tərbiyəçi müəllimləri “Master Tərbiyəçi” kursunu keçib və bu ixtisas üzrə təkmilləşiblər:

“Nitqin inkişafı, Riyaziyyat, Ətraf aləmlə tanışlıq, Fiziki inkişaf, Savad təlimi – istənilən məşğələlərdə tərbiyəçi müəllimlər uşaqları qruplara bölüb oradakı üsullardan istifadə edirlər. Məsələn, lap kiçik yaşlı uşaqlarda bu, oyun formasında keçirilir. Oyun dedikdə valideynlər düşünür ki, balacalar hər hansı gəlinciklərlə, maşınlarla oynayırlar, amma əslində elə deyil. Oyun dedikdə biz inkişafetdirici – onların nitqini, əqlini, yaradıcılığını inkişaf etdirən oyunlardan istifadə edirik. Hər bir oyunun öz məqsədi, vəzifəsi, bölmələri var və tərbiyəçi bundan çox gözəl istifadə edir”.

Bağçalarda keçirilən dərslərin daha maraqlı olması üçün video və təqdimatlardan istifadə olunur. “İndigo” Nərimanov uşaq bağçasında məşğələlərin, testlərin təşkili zamanı qeyd olunanlarla  yanaşı, uşaqların yaş xüsiyyətləri də nəzərə alınır:

“Bağçalarda qruplar yaş kateqoriyasına görə bölünür. Hər qrupa görə də testlər hazırlanır. Test hazırlanarkən uşaqların yaşlarına fikir verilməlidir. Uşağın keçdiyi proqramın mövzularına uyğun testlər elə tərtib olunmalıdır ki, uşaqlar özləri ona baxanda anlasınlar. Onların məntiqi təffəkkürü testlərdə öz əksini tapsın.

Tərbiyəçi müəllimlər məşğələ təşkil edərkən mütləq motivasiyaya da fikir verməlidir. Çünki motivasiya qurulduğu zaman məşğələnin keyfiyyəti artır. Motivasiya düzgün qurulmasa, deməli təlimin, təhsilin keyfiyyəti aşağı düşür”.

Qeyd edək ki, fəal təlim metodları “Education Management Network”ə daxil olan “İndigo”, “Peter Pan”, “Baby Star” uşaq bağçalarında da tətbiq  olunur.