“İndigo”da “Əlvida Bağçam” adlı məzun tədbiri keçirilib

İyun ayının 15-də “Bağçam” Uşaq Bağçaları Şəbəkəsinə daxil olan “İndigo” uşaq bağçasında “Əlvida Bağçam” adlı məzun tədbiri keçirilib. Bağçadan Azərbaycan və rus bölmələri üzrə  ümumilikdə 28 uşaq məzun olub.

 “İndigo” uşaq  bağçasının meneceri Vəfa Şirinova tədbiri giriş sözüylə açıb, sonra isə balaca məzunların səhnəcikləri və şeirləri ilə maraqlı tədbir baş tutub.

Məzun gününün hazırlıqları barədə Bagcam.az-a “İndigo” uşaq bağçasının tərbiyəçisi Namidə Nazıyeva məlumat verib:

“Tədbirimizi nağıllar əsasında qurmuşduq. Rus bölməsi ilə Azərbaycan bölməsi birgə iştirak edirdi. Nağıllarımızdan “Qırmızı Papaq”,  “Qalay Əsgərcik”,  “Göyçək Fatma” və digərləri var idi. Düşünürəm ki, tədbirimiz gözəl keçdi. Həyəcanlı olmağımıza baxmayaraq, inşallah ki, yaxşı təhvil vermişik”.

Bağçada keçirilən digər tədbirlərdə olduğu kimi məzun günündə də valideynlər övladlarını tək qoymayıblar. Onlar  öz təəssüratlarını Bagcam.az-la bölüşüblər.

Kamran Quliyevin anası Şahnaz Həsənova bugünkü gün üçün bağça kollektivinə təşəkkürlərini bildirib:

“Övladlarımızın həyata atdıqları ilk addımlarda onlara kömək olduqlarına görə müəllimələrə hədsiz minnətdaram. Bu bağçanın üstün cəhəti ondan ibarətdir ki, bütün bağça ailə şəklindədir. Yəni tək bir müəllimə yox, bütün müəllimələr əziyyət çəkir. Ona görə də hamısına  minnətdaram”.

Damla Hüseynovanın anası  Arzu xanım övladının bağçaya çox bağlı olduğunu deyib:

“Heç cür inana bilmirəm ki, biz artıq bağçanı bitiririk. Həmişə həftə bitir, birinci gün təzədən bağçaya başlayırıq. İndi təsəvvür edə bilmirəm ki, bütün əşyalarımızı yığıb bağçadan birdəfəlik gedirik”.

Bağça həyatını geridə qoyub məktəb həyatına başlayacaq Əbülfəz  və Fatma isə bağça üçün darıxacaqlarını söyləyiblər.

Əbülfəz Ağalarov:

“Bu gün bağçada son günümüzdür. Mən yazmağı, oxumağı, nağıl öyrəndim. Müəllimələrim üçün çox darıxacam”.

Fatma Əzizova:

“Bağçada hərflər, fiqurlar, şeirlər öyrəndim. Artıq mən bağçanı bitirirəm, mən məktəbə gedəcəm. Dostlarım və müəllimələrim üçün darıxacam”.

Tədbirin sonunda məzunlar diplomlarla təltif olunublar. Sonra isə onlar valideynləri və müəllimələri ilə birgə məzun olduqlarının rəmzi kimi əllərindəki şarı havaya buraxıblar.

Qeyd edək ki, “Bağçam” Uşaq Bağçaları Şəbəkəsinə daxil olan “Baby Star”, “İndigo” Nərimanov uşaq bağçalarında da məzun tədbirləri təşkil edilir.