Orqanizmin təbii müdafiə üsulu olan immunitet iki cür olur: anadangəlmə və qazanılmış.
Anadangәlmә immunitet genetik tәyin olunur vә tәbii, qeyri-spesifik olur. Qazanılmış immunitet isə spesifik olub, orqanizmin ikincili müdafiәsini tәşkil edir. Bu cür məlumatlarla əslində bütün səhifəmi doldura bilərdim. Ancaq əminəm ki, bu məlumatları İnternetdən tapmaq mümkündür. Mən bu yazımda valideynləri ən çox narahat edən sualları cavablandırmaq istəyərdim.
Uşağım tez-tez xəstələnir. Nə edə bilərəm?
Normal inkişaf edən uşaq il ərzində 12 dəfəyə qədər xəstələnə bilər. Əgər xəstəlik 3-5 gün davam edir və hər dəfəsində ağırlaşmalar (pnevmoniya, otit, bronxit və s.) baş vermirsə, bu normal hesab edilir.
Bəlkə immuniteti zəifdir? Gücləndirmək üçün nə edə bilərəm?
Çox az görülən problem “Anadangəlmə immun yetməzliyi” diaqnozunu yalnız pediatr qoya bilər. Digər hallarda uşaqlar tam normal immunitetlə doğulurlar. İmmunomodulyatorların istifadə etməyin iki növ müsbət təsiri var: istehsalçıların büdcəsinə və anaların psixologiyasına. Valideynlər immuniteti qaldırmaq üçün sərf etdikləri gücün yarısını onu qorumaq üçün sərf etsələr, heç bir problem qalmaz.
Bəs immuniteti necə qoruyaq?
- Sağlam və balanslı qidalanma (Meyvələr və tərəvəzlər mövsümündə istifadə olunmalıdır);
- Yuxu rejiminə diqqət;
- Təmiz hava qəbulu, əsasən də xəstə olarkən;
- Bol maye – su qəbulu;
- Antibiotiklərdən sui-istifadə etməmək;
- Qızdırmanı vaxtından qabaq salmamaq;
- Ən əsası – steril şəraitin yaradılması uşaqlara məhvedici təsir göstərir.
Həkim, uşaq evdə olanda xəstələnmir, elə ki, bağcaya gedir səhəri burnu axır. Bəlkə bağçada yaxşı baxmırlar?
Bağçaya gedən və məktəbə başlayan uşaqlarda il boyu burun axma, öskürmə, boğaz ağrısı, asqırma, sidik yolu infeksiyaları, qulaq ağrısı, sinusit və s. şikayətləri davam edir. Uşaq orqanizmi yeni mikroblarla tanış olduqca orqanizm bu mikrobla mübarizə aparmaq üçün “xəstələnir” və hər xəstələnmə vaxtında müəyyən qədər immun antitellər qazanmış olur. Beləliklə, uşaqların immuniteti formalaşmış olur. Bağça yaşlarında qazanılmayan immunitet, ibtidai sinif yaşlarında formalaşır, bu da uşağın dərslərində geriləməsinə səbəb olur.
Son olaraq qeyd etmək istəyirəm ki, bağçanın immunitetin formalaşmasında böyük rolu var: pediatr təfindən tərtib olunmuş menyu ilə sağlam qidalanmanın təşkili, hər gün təmiz hava qəbulu. Hər gün pediatr nəzarəti, düzgün təşkil olunmuş gün rejimi immunitetin formalaşması üçün vacib şərtdir.
“İndigo Special” Xüsusi Uşaq Bağçasının Meneceri, pediatr Şəlalə Orucova