Yay mövsümünün gəlişi ilə çimərliklərdə istirahət intensivləşir. Valideynlər uşaqları dənizə apararkən bir neçə məqam barədə məlumatlı olsalar, uşaqların istirahətini düzgün və təhlükəsiz təşkil etmək mümkün olar. Buna görə də “Bağçam” Uşaq Bağçaları Şəbəkəsinin Sağlamlıq, Qidalanma və Təhlükəsizlik üzrə Koordinatoru Sara Firudinbəylinin “Günəş, qum, dəniz – Dəniz kənarında uşaqların istirahətinin düzgün təşkili” adlı məqaləsini oxucularımıza təqdim edirik.
– Uşaqların dənizdə istirahəti üçün günün uyğun saatları
Dəniz kənarında səmərəli vaxt keçirmək üçün optimal vaxt 08:00-11:00 və 16:00-19:00 saatlarıdır. Bu müddətdə günəş şüaları isti, lakin həddindən artıq aktiv deyil. Həm də dəniz havasında yodun konsentrasiyası səhər və axşam saatlarında maksimum təşkil edir. Suda nə qədər qalmağa da diqqət yetirmək lazımdır. Suyun temperaturu 33 C-dən aşağı olanda, bədən yavaş-yavaş soyumağa başlayır. Uşaq orqanizmi böyüklərdən dəfələrlə tez soyuyur, buna görə də suda qalma vaxtını tədricən uzatmaq lazımdır. Üç-dörd yaşlı uşaqlara suyun hərarəti 24 C-dən yuxarı olmadıqda 5 dəqiqədən başlamaq lazımdır və bir-iki gün ərzində müddəti 15-20 dəqiqəyə çatdırmaq olar. Gün ərzində suya baş çəkməyin sayı 3 dəfədən çox məsləhət görülmür.
– Dəniz suyunun uşaq üçün faydaları
Dəniz suyunun uşaq orqanizmi üçün faydaları çoxdur. Hətta “talassoterapiya” (yunan “talasso” – dəniz) – “dənizlə müalicə” kimi müalicə növü var.
Fayda №1. Bədənin möhkəmlənməsi. Dəniz suyunun temperaturu (hətta ən isti ölkələrdə) hər zaman bədən temperaturundan aşağıdır. Suya girən kimi, dərinin yuxarı təbəqələrində damarlar daralır və daxili orqanlara qan axını güclənir. Tənəffüs dərinləşir, ürək döyüntüləri güclənir. Bu cür “damar üçün gimnastika” sağlamlığa xeyirli prosedurdur. Dənizin hidromassaj təsiri əzələlərin tonusunu yaxşılaşdırır.
Fayda №2. Soyuqdəymə xəstəliklərin profilaktikası. Ozonla, dəniz duzları və yosunların fitonsidləri ilə, mənfi aeroionlarla zəngin, tozlardan, allergenlərdən təmiz dəniz havası şəhərlərin toz və qazlarla çirklənmiş havasından sonra tənəffüs sistemi üçün əsl xilasdır. Dəniz kənarında istirahətdən sonra uşaqlarda soyuqdəymə hallarının azaldığı müşahidə edilir.
Fayda №3. Maddələr mübadiləsinin normallaşması. Suyun içində reflektor olaraq əl və ayaqların aktivliyi və sərin suda istilikvermə metabolizmə (maddələr mübadiləsinə) müsbət təsir göstərir. Dəniz suyunun tərkibində yod yüksək olduğundan, maddələr mübadiləsi və endokrin sisteminin funksiyaları normalaşır.
Fayda №4. Sinir sistemin möhkəmlənməsi. Dənizin sakitləşdirici təsiri hər kəsə məlumdur: həm dalğaların səsi, həm dalğalar üzərində yellənmək insana rahatlıq hissi verir. Dəniz suyun tərkibindəki brom duzları yorğunluğu və əsəb gərginliyini aradan qaldırır. Yod isə qalxanvarı vəzinin işini sabitləşdirərək, həyəcan hissini azaldır. Gərgin tədris ilindən sonra uşaq dənizdə istirahət edərkən sonra aydın düşünmə qabiliyyətini və güclərini bərpa edir. Dənizdə çiməndən sonra bədənin üstündə duz örtüyü əmələ gəlir. O, uzun müddət sinir ucluqlarına təsir edib sakitləşdirici effekt göstərir. Uşaqda dəniz duzu qıcıqlanma vermirsə, duzu dərhal yumaq lazım deyil.
Fayda №5. Dəniz suyunun müalicəvi xüsusiyyətləri. Dənizdə çimmək və dəniz havasını almaq qanı təmizləyir, hemoqlobini artırır, immuniteti möhkəmləndirir. Dəniz suyunun tərkibinə 32 mineral və mikroelement daxildir, hansılar ki sümük- oynaq sistemini möhkəmləndirir, dəri örtüklərini təmizləyir Dəniz suyunun tərkibi insan orqanizmində qanın və hüceyrəarası mayenin tərkibinə yaxındır. Na, Cl, Mg, K, Br, Se, J ionları orqanizmə daxil olaraq bütün sistemlərin işinə müsbət təsir göstərir. Dəniz suyunun “duz dəstəyi” tənəffüs, sinir, həzm, dayaq-hərəkət, ürək-damar, endokrin, dəri sistemlərinin xəstəliklərində faydalıdır, hətta tam sağlam insanlar dəniz kənarında istirahətdən sonra ümumi vəziyyətlərində müsbət dəyişiklər qeyd edirlər.
Fayda №6. Uşağın intellektual inkişafına müsbət təsiri. İnanılmaz olsa da, uşağın intellektual inkişafına 3 faktorun birləşməsi təsir göstərir: Birincisi, dəniz suyu və havası yod mənbəyidir – bu mikroelementin çatışmazlığı yaddaşın və intellektual qabiliyyətlərin zəiflənməsinə gətirib çıxarır. İkincisi – yeni təəssüratların bolluğudur. Üçüncüsü – qumla, xırda daşlarla oyunlar xırda motorikanın məşqi üçün yaxşı vasitədir, bu isə nitqin və təfəkkürün inkişafına kömək göstərir.
– Dənizkənarında uşaqları günəşdən qorumaq
Günəşdən qorunmaq üçün əsas üç şeyi unutmaq olmaz: baş geyimi, SPF kremi və ultrabənövşəyi şüalardan qoruyan eynək.
- Baş geyimi mütləqdir. Onun açıq rəngdə və təbii materiallardan (pambıq, kətan, bambuk) olması tövsiyə olunur.
- SPF kremlər (günəş şüalarından qoruyucu) uşağın yaşına uyğun seçilməlidir. SPF indeksi 30 aşağı olmamalıdır. Çimərliyə getməzdən 20-30 dəqiqə əvvəl çəkilməlidir, hər suya girib çıxandan sonra yenidən vurulmalıdır. Ilk günlər SPF-50 kremdən istifadə məsləhətdir. Uşaq adaptasiya olandan sonra SPF-30 keçmək olar.
- Ultrabənövşəyi şüalardan gözləri qoruyan eynək uşağın üz quruluşuna uyğun və rahat olmalıdır.
– Uşaqlar üçün qum vannası
İsti qumun xeyirli xüsusiyyətlərdən insanlar qədim zamanlardan istifadə edir. Bu müalicə növü “psammoterapiya” adlanır (yunanca “psammos” – qum deməkdir). Qədim Misirdə zəif uşaqları raxitdən, böyükləri isə əzələ və oynaq xəstəliklərindən “ayaq altında dərmanla” yəni qumla müalicə edirdilər. Uşaqlar qum vannalarını həkim məsləhəti olduqda qəbul edə bilər. Qumun uzun müddət özündə istini akkumulyasiya edib, insan bədəninə istilik ötürmə xüsusiyyətindən istifadə olunur. Qum vannaları qəbul etdikdə bədən hərarəti 0.3-0.8 C qalxa bilər. Prosedur maddələr mübadiləsini, periferik damarlarda qan dövranını yaxşılaşdırır. Uşaqlarda raxit əlamətləri və fəsadları, uşaq serebral iflicin fəsadları, LOR orqanların xroniki xəstəlikləri qum vannaları üçün əsas göstərişdir. Psammoterapiyanın bir seansı 10-15 dəqiqədən 30 dəqiqəyədək davam edə bilər. Proseduradan sonra 30 dəqiqə yüngül geyimdə kölgədə dincəlmək yaxşı olar. İlıq duş qəbul etmək, hətta bəzi hallarda dənizdə çimmək də icazə verilir. Ümumi qum vannası qəbul edərkən, baş nahiyə günəşdən qorunmalıdır (çətir, şlyapa və s.), başın altına bükülmüş dəsmal qoyulmalıdır. Vanna qəbul edənin bədəni 5-8cm qumla örtülür (baş və ürək nahiyəsi istisna olmaqla). Yerli qum vannaları “şalvar”, “yarımgödəkçə”, “tuman” üsulu ilə aparılır. Uşaqlara prosedur günaşırı təyin olunur, bir müalicə kursu 10-12 proseduradan ibarətdir. Qumun istiliyi 40-450C dərəcəsində olmalıdır.
– Dənizdə vaxt keçirib sıxılan uşaqlar üçün oyunlar
Dəniz kənarında və suda oyunlar böyüklərin ciddi nəzarəti altında olmalıdır. Dəniz kənarında uşaqlar üçün aktiv, yaradıcı və intellektual oyunlar təşkil etmək olar. Aktiv oyunlar həm suda, həm sahildə keçirilə bilər. Suda toplardan, hava ilə doldurulan üzən vasitələrdən və oyuncaqlardan istifadə etmək olar. Belə oyunlar böyüklərin iştirakı və ya nəzarəti ilə keçirilməlidir. Dəniz kənarında topla oyunlar xüsusi ayrılan yerlərdə keçirilməlidir. Su tapançaları ilə oyunlar da uşaqlar üçün maraqlı olur. Qumla oynamaq üçün ilk növbədə formalar, oyuncaq vedrə, bel və dırmıq lazım olur. Bu vasitələrlə qumdan müxtəlif tikililər, qalalar qurmaq olur. Qumun üzərində çubuqla şəkillər çəkmək, plastilinlə hamar daşların üzərində art- obyekt yaratmaq, boyalarla onların üzərini bəzəmək, xırda daşlardan və balıqqulaqlarından müxtəlif əşyalar düzəltmək – uşaq yaradıcılığı üçün variantlardır. Qumla, xırda daşlarla, balıqqulaqları ilə oyunlar uşaqlar üçün çox faydalıdır. Onlarla oynamaq həm uçaq fantaziyasını, həm xırda motorikanı inkişaf edir. Dəniz kənarında gizlənqaç oynamaq qəti qadağandır!
– Dəniz, qum, günəş və allergiyalar
Bəzi mütəxəssislər quma allergiyanı inkar edir. Onlar hesab edirlər ki, allergiya əlamətləri qumun tərkibinə düşən əlavə maddələrdən əmələ gəlir, yaxud tam başqa səbəblərdən olur. Lakin bir çox faktlar belə allergiyanın mövcudluğunu sübut edir. Dəniz qumuna allergiyanın simptomları: – Qumla təmasda bədəndə qırmızı ləkələr, kiçik yanıqlar, hətta qabarcıqlar əmələ gəlir; – Quma toxunma ağrı hissi verir; – Qumla təmas güclü qaşınma verir. Çox vaxt bu növ allergiya immuniteti zəif, vitamin çatışmazlığı olan uşaqlarda qeyd olunur. Qumla təmasdan sonra belə simptomlar aşkar olunursa, mütləq həkimə (allerqoloq, immunoloq, dermatoloq) müraciət etmək lazımdır.
Akvaallergiya – dəniz suyuna allergiya, dənizdə çiməndən sonra, yaxud sahil boyu gəzintidən sonra əmələ gəlir. Bu növ allergiya xırda səpkilərlə, qızartı, qaşınma ilə özünü büruzə verir. Örə (крапивница) elementləri daha çox üz, boyun, qarın, əl, diz nahiyələrində yerləşir. Dəniz suyunu udan uşaqlarda ürəkbulanma, qusma, diareya, qarında spazma və ağrılar, dodaqların, dilin şişməsi ola bilər. Immun sisteminin bu cür cavabı nəinki dəniz duzuna, başqa maddələrə də ola bilər. Onların arasında: yod, brom, istehsal tullantıları, meduzaların zəhəri, çiçəklənən dəniz bitkiləri və yosunlar. Allergiyası olan insanlar dəniz və qumla təmasdan uzaq olmağı çalışmalıdırlar. Dənizə getməzdən öncə həkim məsləhəti və zəruri halda müalicə almalıdırlar.
Dəniz kənarında uşaqların qidalanması
Çimərliyə ət və süd məhsulları götürmək məsləhət deyil. Kərə yağı, pendir, kolbasa, vetçina, ət, toyuq və yumurta ilə buterbrodlardan imtina etmək lazımdır. Bu ərzaqlar isti havada tez xarab olur. Hermetik xırda qablaşdırmalarda yoğurt, ayran, süd kokteyllərindən o şərtlə istifadə etmək olar ki, onlar tez zamanda qəbul olunacaq. Un məmulatlarından – assorti çörək, lavaş, smit, sadə (içliksiz) bulka, peçenye, qurabiyə, kökə – istifadə etmək olar. Təzə tərəvəz və meyvələrlə qidalanmaq tövsiyə olunur. Tərəvəzlərdən – xiyar, pomidor, kök. Meyvələrdən – alma, armud, ərik. Giləmeyvələrdən – qarağat, böyürtkən. Dəniz kənarında çoxlu maye qəbul etmək lazımdır. Təmiz qazsız şüşə butulkada olan suya üstünlük vermək lazımdır. Xırda hermetik qablaşdırılmış (0.2Lt) şirələr də istifadə oluna bilər. Qazlı və rəngli, şirin içkilər istisna olmalıdır!
Uşaqların dənizdə və sahildə təhlükəsizliyi
Uşaqların dəniz kənarında və dənizdə təhlükəsizliyi üçün aşağıdakılara diqqət yetirmək lazımdır:
- Ərazinin zibildən, şüşə qırıntılarından, batan əşyalardan təmiz olması.
- Dəniz dibinin hamar, çuxursuz, batan və kəsən obyektlərsiz olması.
- Dənizdə çimərkən suyun səviyyəsi sinədən yuxarı olmamalıdır.
- Uşaqların surətlə qaçıb suya baş vurmaqlarına icazə verməmək.
- Məhdudlaşdırıcı işarələrədək üzməyə qadağa qoymaq.
- Çimərlikdə xilasedicilər xidməti olmalıdır
- Suda təhlükəsizliyi artırmaq məqsədilə üzmək üçün qolluqlardan və jiletlərdən istifadə etmək.
- Sahildə günəşdən qorunmaq üçün tentlər, talvarlar və çətirlər quraşdırılmalıdır.
- Dəniz duzunu yumaq üçün təmiz duzsuz su mənbələri olmalıdır.
Çimərlik ərazilərində ətraf mühiti qorumaq vərdişləri uşaqlara aşılanması
Dəniz kənarında istirahət edənlər çox vaxt dənizin və dənizkənarı sahilin məişət tullantılarla çirklənməsinə səbəb olurlar. Orqanik tullantılar (qida qalıqları) qumun kimyəvi tərkibini və fiziki xüsusiyyətlərini dəyişir – orada mikroorqanizmlərin çoxalmasına, bitkilərin bitməsinə şərait yaranır. Bu da dəniz qumunun müalicəvi xüsusiyyətlərini və komfortlu istirahət üçün struktur keyfiyyətlərini aşağı salır. Qeyri-orqanik tullantılar (şüşə, rezin, plastik, polietilen və s.) çürümür, uzun müddət qalıb istirahət edənlərə həm təhlükə, həm narahatçılıq yaradır. Külək və dalğaların vasitəsilə dənizə düşüb dəniz flora və faunasına zərər verir. Uşaqlarla mütəmadi olaraq təbiəti qorumaq haqqında söhbətlər aparmaq lazımdır. Onları maarifləndirmək, mədəniyyət səviyyəsini o dərəcədə artırmaq lazımdır ki, təbiəti zibilləməyə imkan verməsinlər. Böyüklərlə birgə uşaqlar istirahətdən sonra qalan bütün zibilləri xüsusi paketlərə yığıb tullantı üçün ayrılan konteynerlərə atmağı öyrənməlidirlər. Başqalarından qalan zibili yığmaq zərurətini uşaqlara aşılamaq lazımdır: kimsə zibili yığmayırsa, o demək deyil ki, heç kim bunu etməməlidir. “Dəniz günü” elan edib, uşaqlarla birlikdə dəniz kənarını zibillərdən təmizləmək, ətraf mühitin təmizliyi ilə əlaqədar müxtəlif müsabiqələr və yarışmalar təşkil etməklə uşaqlarda təbiətə qayğı ilə yanaşmağı aşılamaq lazımdır.