Övladlarınıza tərəvəz sevdirməyin əsl zamanıdır!

Fəsillər dəyişdikcə qida rasionunda yeməklər də bir-birini əvəz edir. Payız-qış aylarında daha çox isti xəmir xörəklərinə, yaz-yay aylarında isə az yağlı, yüngül tərəvəz yeməklərinə, zəngin vitaminli meyvələrə üstünlük verilir.

Əksər valideynlərin evdə mübarizə apardığı mövzulardan biri də elə məhz övladları üçün faydalı, amma çox uşağın sevmədiyi, yemək istəmədiyi tərəvəz məhsullarını qida rasionuna daxil etməkdir.

Qidanı “xoşladığım-xoşlamadığım yeməklər” kimi ayırmaq demək olar ki, hər bir uşaqda rast gəlinən təbii prosesdir. Uşaqların dadalma duyğuları əksər hallarda şirin və ya duzlu dadlara üstünlük verir. Tərəvəzlərin bu iki qrupa aid olmaması da onların bəyənilməməyinə gətirib çıxarır. Belə halların qarşısını almaq üçün uşaqlara tərəvəz yeməyə təşviq edəcək, eyni zamanda tərəvəzləri sevdirəcək üsullar tətbiq edilməlidir.

Tərəvəz məhsulları niyə faydalıdır?

Tərəvəzlər hər kəs üçün faydalı və önəmli qidalardandır. Bol vitamin, mineral və zülal ehtiva edən tərəvəzlər, hüceyrələrin sağlam inkişafına zəmin yaradır, bədəni xəstəliklərə və infeksiyalara qarşı gücləndirir, həmçinin yetkinlik dövründə yaranan çəki artımının qarşısını almağa kömək edir. Tərkibindəki liflər sayəsində də həzm sistemini və qan şəkərini tənzimləyir. Bu faydaları nəzərə alan valideynlər uşaqları sevməsələr belə, tərəvəzləri onların qidalanma proqramlarına daxil etməyə çalışır.

Bəs, uşaqlara tərəvəzləri necə sevdirə bilərik?

Təəssüf ki, uşaqların əksəriyyətini tərəvəzlə qidalandırmaq olduqca çətindir. Onlara tərəvəz yeməyə kömək edə biləcək, rəğbətlərini qazandıracaq bəzi tövsiyələrimizi sınaya bilərsiniz:

  • Uşaqlara nümunə olmaq:

İlk növbədə valideynlər özləri uşaqların əməl edə biləcəyi yaxşı yemək vərdişlərinə sahib olmalıdır. Valideyn hansısa tərəvəzi yemirsə, uşaqların da həmin qidanı sevməmək üçün əsaslı səbəbləri yaranır. Bunun qarşısını almaq üçün valideyn özü qida rasionundakı hər yeməyə müsbət münasibət formalaşdırmalıdır.

  • Yeməyi əyləncəli hala gətirmək:

“Yeməklə oynamazlar” deyimi hər kəsə məlumdur, amma bu, uşaqların tərəvəz yeməsinə kömək edəcəksə, yeməyi əyləncəli hala gətirmək bağışlanandır. Məsələn, boşqablarındakı tərəvəzlərə hekayələr uydurmaq və ya yeməyi rəsm formasında (cücə, ayı, kəpənək və s.) hazırlamaq olar.

  • Diqqəti yayındıran amilləri aradan qaldırmaq:

Uşaqların qidalanması zamanı televiziya, planşet və telefon kimi diqqəti yayındıran texnoloji alətlərin istifadəsi düzgün üsul deyil. Diqqəti yayındıran şeylər balacaların yeməyə marağını azaldır. Balacalar smart cihazlar əvəzinə ailəvi söhbətlərlə valideynləri ilə kommunikasiya yaradır, hətta sevmədikləri yeməklər üçün də belə mühitdə müsbət fikirlər formalaşdırırlar.

  • Uşaqlara nəyisə yeməyi məcbur etməmək:

Uşaqlara tərəvəz yeməsi üçün edilən cəhdlər müsbət haldır. Amma onlara bir şeyin sağlam olduğunu söyləmək və sonra onu yeməyə məcbur etmək heç bir nəticə vermir. Bu proses səbrlə, empatiyayla və sistemli həyata keçirilməlidir.