Oktyabr ayının 15-də Azərbaycanda ilk dəfə uşaq bağçasında valideynlər üçün bağçalararası “Güclü Valideynlər, Güclü Uşaqlar” adlı forum təşkil olunub. Education Management Network və Edu.Co Şirkətinin təşkilatçılığı ilə baş tutan forumun davamlı olaraq “Bağçam Valideynlik Forumu” adı altında keçirilməsi planlaşdırılır.
Valideynlik forumunun təşkilatçısı Education Management Network və Edu.Co Şirkətinin rəhbəri Rasif Dünyamalıyev bildirib ki, birinci forum olmasına baxmayaraq, valideynlər tədbiri kifayət qədər maraqla qarşılayıb:
“Bağçam Valideynlik Forumu” xüsusilə, uşaq inkişafı, uşaq pedoqikası üzrə valideynlərin maarifləndirilməsi üzrə yaradılmışdı. Bugünkü forumda yüzə yaxın valideyn iştirak etdi. Bağçalarda iş zamanı görürük ki, valideynlərimizin bəzi mövzularda maariflənməsinə ehtiyac var. Forumun ortaya çıxması həmin ehtiyacların təmin olunması məqsədi daşıyır. Bu gün artıq növbəti forumumuzun planı yarandı. Düşünürük ki, növbəti foruma məhz ataları dəvət edək”.
Forumda “İşgüzar ata və qızı arasında ünsiyyət” panelində çıxış edən Tofiq Sadıqov isə bu addımın maraqlı bir ənənənin əsasını qoyduğunu deyib:
“Müxtəlif forumlar olduğu kimi valideynlik forumu da bir mədəniyyətin əsasıdır ki, valideynlər harasa yığışıb müzakirə edirlər, övladlarının inkişafı ilə bağlı mütəxəssislərlə görüşürlər. Bugünkü forum mütəxəssislərin dəyərli çıxışları, valideynlərin verdiyi suallar ilə yadda qaldı. Valideynlərin verdiyi suallar arasında elə bir spesifik suallar var idi ki, hamımızı düşündürürdü və mütəxəssislərin cavabını almaq önəmli idi. Eyni zamanda bu şəbəkələşmədir. Müxtəlif bağçalarda olan uşaqların valideynləri əlaqədə olur. Belə deyək ki, həm də həftəsonunu maraqlı keçirməkdir”.
Forumda iştirak edən valideyn Ülkər Hüseynqulubəyova belə forumları dəstəklədiyini vurğulayıb. Bildirib ki, forum haqqında təssüratları çox yüksəkdir:
“Həddindən çox lazımlı informasiyalar aldım. Mənə elə gəlir ki, belə forumların sayını artırsalar, təkmilləşdirsələr, digər bağçalarda da tətbiq etsələr, həm valideynə, həm də bilavasitə uşağa keçərsə, uşaq üçün də bunun müsbət tərəfləri olacaq”.
Qeyd edək ki, forumda Uşaq İnkişafında Valideynlərin Rolu: Ünsiyyət və Oyun; Ailə Tiplərinə Əsasən Uşaqlarda Davranış Problemləri və Həlli Yolları; Uşaqlarda Nitq İnkişafı Problemləri və Həlli Yolları; Uşaqlarda Sağlamlıq Problemləri və Sağlam Qidalanma mövzuları müzakirə olunub.