Oktyabr ayının 15-də Azərbaycanda ilk dəfə Uşaq Bağçasında bağçalararası valideynlər üçün forum təşkil olunacaq. Education Management Network və Edu.Co Şirkətinin təşkilatçılığı ilə baş tutacaq forum “Güclü Valideynlər, Güclü Uşaqlar” adı altında keçirilir.
Forum barədə Bagcam.az-a Education Management Network təhsil idarəetmə şəbəkəsinin “Uşaq inkişaf bölməsi”nin rəhbəri Vəfa Şirinova müsahibə verib. O, bildirib ki, forumun hər ay keçirilməsi nəzərdə tutulub.
“Forumun məqsədi valideyn-uşaq münasibətlərinə aydınlıq gətirmək, maraqlı mövzulara toxunaraq problemli məsələlərin həll yollarını tapmaqda valideynlərə kömək etməkdir. Müzakirə olunacaq əsas mövzular isə Uşaq inkişafında valideynlərin rolu: Ünsiyyət və Oyun; Ailə tiplərinə əsasən uşaqlarda davranış problemləri və həlli yolları; Uşaqlarda nitq inkişafı problemləri və həlli yolları; Uşaqlarda sağlamlıq problemləri və sağlam qidalanmadır. Forumda, həmçinin “İşgüzar Ata və Qızı arasında Ünsiyyət”, “İşgüzar Ana və Oğlu” kimi istiqamətlər üzrə maraqlı hekayələrə də yer ayrılacaq.”
Hər kəs üçün açıq olan və yüzdən çox insanın iştirakı gözlənilən forum saat 9:00-dan 14:00-a qədər davam edəcək. Çıxış edənlər sırasında “Mədinə” tibb mərkəzinin pediatrı Ülviyyə Aslanova və psixoloqu Aysel Mahmudlu, nitq inkişafı problemləri üzrə loqoped Mədinə Əliyeva və başqaları olacaq.
Vəfa xanım, həmçinin forumdan sonra valideylərin uşaqların inkişaf sahələri ilə bağlı bir sıra yeniliklər əldə edəcəyini deyib. Onun sözlərinə görə, valideynlər burasa öz uşaqlarına fərqli prizmadan yanaşmağı öyrənəcəklər:
“Valideynlər forumda uşağın inkişaf sahələri haqqında geniş məlumat əldə edəcəklər. Valideynlərin çoxu uşağın inkişaf sahələrini və bu sahələrin hansı tipdə olduğunu bilmirlər. Bəzən valideynlər uşaqların sosial-mədəni inkişaf fəaliyyətlərini ön plana çəkmirlər. Bunu ikinci, üçüncü dərəcəli görürlər, amma, təəssüf ki, bunlar uşağın inkişaf sahəsində ən önəmli yerlərdən birini tutur. Düşünürəm ki, forumdan sonra valideynlər bu sahəni daha geniş biləcək və uşaqlara fərqli yanaşacaqlar”.