28 May “Respublika Günü” 1990-cı ildən bəri Azərbaycanda dövlət bayramı kimi qeyd edilir. Bu bayram uşaq bağçasında balacalara vətən sevgisi aşılamaq məqsədilə təntənəli şəkildə qeyd olunub. Bağçada ataların iştirakı ilə “Atam və mən” adlı tədbir təşkil edilib. Tədbirdə balacalar əsgər geyimində milli vətənpərvərlik ruhunda mahnılar ifa edib, şeirlər söyləyib, pantomim tamaşaları göstərib əyləniblər. Bağçanın təsisçisi Xudu Rzayev keçirilən tədbir haqqında fikirlərini bölüşüb:
“Qəlbim sevinclə doludur ki, belə yüksək səviyyədə tədbir keçirildi. Balaca uşaqlarda vətən, xalq, dövlət sevgisi var idi. Onlar onu gözəl şəkildə ifa elədilər. Və bunu burada iştirak edən valideylər də gördülər. Bu bizim üçün çox önəmlidir. Deyərdim ki, bağçanı yaratmaqda məqsəd və məramımız ondan ibarət oldu ki, biz dövlətimizə, vətənimizə, xalqımıza bir fayda verə bilək. O fayda da təhsildən keçə bilər. Güman edirəm, bəzi nəticələr də əldə etmişik. Və bu bizim üçün çox sevindiricidir”.
Övladlarının çıxışını qürur hissi ilə izləyən atalar da tədbirdən xoş təəssüratlarla ayrılıblar.
“Təsadüf deyil ki, bu tədbir gözəl bayramla üst-üstə düşüb. 28 May Respublika Günü ilə əlaqədar uşaq bağçasının kollektivini, uşaqları, şəxsi heyyəti, rəhbərliyini təbrik edirik. Bu tədbir gözəl təəssüratlar bağışladı”.
“Mən bağçanın keçirdiyi tədbirlərdən həmişə məmnunam. Həm gözəl kollektivi var, həm də ki, uşaqlarımızın inkişafını öz gözlərimizlə görürük. Bəlkə də biz bu tərəfindən görmürük, evdə əzizləyirik, amma burada çıxış edəndə ürəyimiz dağa dönür. Buna görə də təşəkkürlərimi bildirirəm, çox sağolsunlar”.
Tədbirin sonunda balacalar öz əlləri ilə hazırladıqları üzərində “mənim qəhrəmanım” yazısı olan medallarla atalarını təltif ediblər.