“Bakı 2015 Azərbaycanın yeni uğurlarına səbəb olacaq”

rasif_dunyamaliyevAzərbaycanda ilk Avropa Oyunları keçirilir. Olduqca maraqlı və çoxnövlü idman tədbirində 20 idman növü üzrə yarışlar təşkil olunur. 12-28 iyun tarixlərində yarışlarda iştirak etmək üçün Azərbaycana bütün Avropadan 6000 idmançı gəlib. Yüksək səviyyədə təşkil olunan tədbirin faydalarından, uşaq inkişafına təsirindən danışan “Baby Star” və “İndigo” Nərimanov Uşaq Bağçalarının layihə rəhbəri və “Education Management Network” Şirkətinin direktoru Rasif Dünyamalıyev GSR.fm-ə verdiyi müsahibəni təqdim edirik:

Rasif  bəy, sizcə ilk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi ölkəyə nə kimi faydalar gətirəcək?

  • Faydalar dedikdə ilk olaraq, həm beynəlxalq, həm də yerli faydalardan danışaq. Oyunların beynəlxalq aləmdə faydaları odur ki, belə bir tədbir ilk dəfə keçirilir. İlk həmişə önəmlidir. İnsanlara maraqlıdır ki, tədbir necə olacaq. Yəni, istənilən halda, bu, Azərbaycan haqqında danışılmasına gətirib çıxarır. Bu tədbir Azərbaycanın idman sahəsində daha  da tanınmasına,  yeni uğurlara imza  atmasına səbəb olacaq. Yerli faydalarına gəldikdə isə, hər şeydən öncə insanların, xüsusən də,  gənc nəslin  idmana  olan marağını artırır. Həm də infrastruktur məsləsini xüsusi vurğulamaq lazımdır. İdman yarışlarının keçirilməsi özü ilə müəyyən infrastruktur layihələrin həyata keçirilməsinə gətirib çıxardı. Yəni, yollar genişləndirildi, yeni yollar salındı, yeni idman mərkəzləri tikildi.

Bəs Azərbaycanın yarışlara hazırlıq səviyyəsini necə qiymətləndirirsiniz?

  • Əlbəttə ki, hər bir sahədə problem olur. Problem yoxdursa, demək ki, iş görülmür. Ölkəmizdə də müəyyən problemlər ortaya çıxdı və anında həll olundu. Təşkilatçılığın səviyyəsini  bu problemlərə göstərilən diqqətlə ölçmək lazımdır. Bu baxımdan Azərbaycanın  yarışlara hazırlığının yüksək səviyyədə olduğunu qeyd etmək olar.

İlk dəfə keçirilsə də, Azərbaycanın Avropa Oyunlarının açılış mərasiminin təşkilini Dünya Olimpiya oyunları ilə müqayisə edirlər. Sizin bu müqayisəyə münasibətiniz necədir?

  • Açılış mərasimi çox yaxşı keçdi. Azərbaycanın tanıtımı baxımından çox yüksək səviyyədə təşkil olunmuşdur. Amma bunun nəticələrini biz bu günlər qiymətləndirə bilmərik. Nəticələrin qiymətləndirilməsi üçün bir az vaxt lazımdır. Mən bunu izləyici olaraq qeyd edirəm. Bunu peşəkar səviyyədə qiymətləndirmək bizim öhdəmizə düşməz, çünki bunun üçün peşəkar idman menecerləri, təşkilatçıları mövcuddur.

Cənab Prezidentin və ailəsinin yarışları birbaşa meydançadan izləməsi, hətta məğlub olan idmançılara da Prezidentin zəng edib, dəstək olması sizə necə təəsssürat bağışladı?

  • Biz Azərbaycan Olimpiya hərəkatını həmişə cənab prezidentin timsalında görmüşük.  Prezident hər zaman Azərbaycan gəncliyinin, idmançılarının yanında olub. Ona görə bu gün də idmançıların yanında olması, onlara zəng vurması, dəstək olması, oyunları izləməsi onun bir məntiqi davamıdır. Hər bir insan istəyər ki, onun lideri ölkədəki qlobal tədbirin dəstəkçisi olsun, onun yanında olsun. Bu baxımdan biz də sevinirik. Bizə də xoş təəssürat bağışlayır ki, bu ənənə davam edir.

Bilirik ki, siz bağça idarəetməsi sahəsində çalışırsınız, ilk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi uşaqların sağlam ruhda inkişafına necə təsir göstərir?

  • Uşaq inkişafının əsas dörd komponentindən biri də fiziki inkişafdır. Bu fiziki inkişaf bizim  hər zaman öz tədbir və təhsil proqramlarımızda dəstəklənir. Bu sahələrdə tədbirlər keçirilir, fiziki inkişaf təmin olunur. Uşaqlara isə nümunə göstərilməlidir. Xüsusən də, Avropa Oyunları çox gözəl nümunədir. Biz bu nümunələri uşaqlara göstərməklə  onları daha da həvəsləndirə bilərik. Biz də öz növbəmizdə, təhsil müəssisələrimizdə Avropa oyunlarına  dəstək məqsədi ilə müəyyən tədbirlər keçiririk. Uşaqlar arasında  müxtəlif oyunlar, velosiped yarışları keçirməklə idmanı təbliğ edirik. Önəmli olan o deyil ki, uşaqların hamısı peşəkar idmançı olsun, önəmli olan odur ki, uşaqlar sağlam olsun və sağlam həyat tərzini təbliğ etsinlər. Ona görə də uşaqların fiziki inkişafını xüsusi dəstəkləyirik.

Müşahidə edirik ki, Azərbaycan idmançılarının qazandığı uğurlar valideynlərin övladlarını idmana yönləndirməsinə sövq edir. Bu addım barədə fikirləriniz nədir?

  • Mən bunu dəstəkləmirəm. Bunu uşağın özü müəyyən etməlidir. Hansı sahəyə marağı varsa, ora getməlidir. Yəni, valideyn uşağını idmana peşəkar olaraq  yox, sadəcə olaraq həvəskar olaraq yönləndirməlidir. Kimin nəyə marağı varsa, bu sonradan özünü göstərəcək. Uşaqları mütləq idmana yönləndirmək lazımdır, amma bu uşaqların marağına uyğun olmalıdır. Valideynin üzərinə düşən isə  odur ki, sağlam həyatı təbliğ etsin.